WOW
WOW

“Mən qadın kimi çarəsiz bir vaxta düşdüm”

“Mən qadın kimi çarəsiz bir vaxta düşdüm”

İş xanımı Ruhi Əliyeva Baku TV-də yayımlanan “O kimdir?” proqramında müsahibə verib.  

OLAY sözügedən müsahibəni təqdim edir:

-Sizi gördük, sevindik. İstərdik ki, siz özünüzü təqdim edəsiniz. 

-Ruhi Əliyeva

-Sadə?

 -Bəli. Həmişəki kimi.

-Əlinizdən gələni əsirgəməyən bir xanımsınız. Kimsə sizdən nəsə istəsə, anında yardım edərsiniz. Bəs çətin anlarda insanlara kömək edən Ruhi xanım özü çətinə düşəndə kimdən kömək umur? 

-Təbi ki, ilk öncə Allahdan yardım istəyirəm. Bir də çox güvəndiyim övladlarımın atasından.

 -Bir il əvvələ qayıdacam. Xalqımız möhtəşəm bir gün yaşadı. Hamı cəbhəyə kömək etməyə çalışdı. Onların içərisinə sizin də adınız çox hallandı. Bir az bizə o xatirələrinizdən danışardınız...

- O günlər həm kədərli, həm də çox fərəhli, qürurlu idi. Mən xalqımı çox sevirəm, vətənpərvər insanam. Həmin dövrdə xalqımla çox fəxr etdim. İnanın, pafoslu sözlər deyil. Kiçikdən böyüyə, imkanı zəif olandan, yaxşı olana qədər qürur duydum. Hətta bəzən deyirlər ki, imkanlı adamlar heç nə etmədilər. Amma ətrafımda çox adam var idi ki, yardım etdi. O insanlar qohum-əqrəbasına nəsə etməyə çəkinirdilər. Lakin o dövrdə loru dildə desək, kisələrinin ağzını açdılar. Ordumuza kömək etməyə çalışdılar. Təbii ki, dövlətin yetəri qədər maddi gücü var idi ki, biz müharibəyə başladıq. Məsələn, Tərtər hadisələri oldu. Biz Tərtərə, topçularımızın yanına gedib, çəkiliş etmişdik. Hətta mən top atdım (gülür). Ona belə icazə verdilər, çox qürur duydum. Amma qulaqlarım batmışdı. Elə bil ki, atmalı olduğum 12-ci top idi. Biz də onun yanında durmuşduq.

Gördüm ki, əsgərlərimiz nəsə əmr aldılar, ora-bura qaçdılar. O top atılanda məni qaldırdı çevirdi. Özümdən xəbərim yox idi.  Çox fəxr etdim. Onlar çox cəsarətli, mərd idilər. Əmr gələndə ki, top atmaq lazımdır. Sevinirdilər. Bir də Bərdə hadisələri zamanı orada idik. Kasetli bombalar başımızın üstündən keçdi. Bizdən 3 ev uzağa top atıldı. Biz orada əsgərlərimizə kabab çəkirdik, ləpə hazırlayırdıq. İstəyirdim ki, öz əlimlə onlara nəsə edim. Elə top da həmin dəqiqələrdə atıldı. Biz gedəndə gördük ki, həmin ev  böyük zərər görüb. Tərtərlilər həm çox zəhmətkeş, həm də mərddirlər. Mən onda gördüm ki, qadınlar evdən çıxmırlar.

- Pulun çox olması önəmlidir, yoxsa ürəyin böyüklüyü? 

- Təbii ki, ürəyin böyüklüyü. Mənim atam ziyalı insan idi. O zamanlar hökumət işlərində çalışıb. Sovet dövründə partiyada idi, bir çox vəzifələrdə işləyirdi. Son olaraq kənd soveti kimi çalışırdı. Hər halda bizim kəndin insanları da izləyərlər. Mən yalan danışmaram, ayıb olar. Bizə hər zaman Gəray bəyin qızları deyirdilər. Yəni mən o pulu uşaqlıqdan görmüşəm,  sonra da elə  görə-görə gəlmişəm.

- Kimdir qadın? 

- Çox fəlsəfi sualdır. Bir məsəl var. Deyirlər, Allah qadını yaratmaq üçün çox vaxt sərf edib. Soruşublar ki, niyə qadını bu qədər zamana yaradırsan? Allah cavab verib: “Qadını o qədər mükəmməl hazırlayıram ki, ona görə çox vaxt gedir. Qadını həm sevib-sevilməyə, həm də əziyyətlərə dözməyə hazırlayıram. Amma kişini sevməyə”. Mən dünyada elə kişi görə bilmərəm ki, qadınla tərəziyə qoysaq, ondan fədakar olsun. Qadınlıq çox şey tələb edir. Qadın çox şeydən keçməlidir, fəda etməlidir. Deyərdim ki, o qadın, xanım sözünü çox az qadınlar qazanıb. Qadın, xanım sözünün arxasında çox duyumlar durur. Bunu hər kəsə demək olmaz.

- Qadınlarda ən çox sizi kövrəldən nə olur? Qadınlarla bağlı bir çox layihələr etmisiniz...

- Qadınlar və uşaqlar mənim həssas nöqtəmdir. Çarəsiz qadınlar görəndə çox məyus oluram. Çünki çarəsiz qadınlarla tez-tez rastlaşıram. Mən özüm qadın kimi çarəsiz bir vaxtda düşdüm. Yəni elə bir zaman oldu, düşündüm ki, dünya qaraldı, bundan sonra həyat olmayacaq. Amma həmin zaman cəsarətli, güclü olmasaydım, gələcəyi düşünməsəydim, bəlkə də həyatım başqa cür davam edərdi. Ona görə xanımlarımızı cəsarətli olmağa çağırıram. 

- Qadın hər şeyi bağışlayar, amma heç nəyi unutmur. Nəyi unutmursunuz?

-Bir çox şeylər var ki, unutmuram. Amma bağışlamışam. Çünki bağışlamaq Allaha məxsusdur, o əfv edirsə, bəndə də etməlidir. Səni necəsə yaralaya bilər ki, onu bağışlaya bilməzsən. Hərdən də olar ki, səni çox yaralayırlar, nəyinsə, kiminsə naminə bağışlayırsan. Bax, qadın budur. 

- Dost seçimində yanılmamısınız ki?

- Çox yanılmışam. Hələ də yanıla-yanıla gedirəm. Biz elə zəmanədə yaşayırıq ki, bizə dost deyənə şüphə ilə yanaşırıq. İnsanlara tez güvənirəm. Ona görə də dost seçimində yanılıram. Mənim də sevmədiyim insanlar var. Amma heç zaman kiminsə qeybətini etmərəm. Kiminsə ahını götürəcək bir şey etmərəm. Allah ona o xasiyyəti verib. Hər birimizin ruzisini də Allah verir. Amma gəlin başqa tərəflərimə də baxın. Mənim də həyatımda hər şey çox gözəl olmaya bilər. O demək deyil ki, mənim həyatımda hər şey çox gözəldir, Ruhi bəxtəvərdir, onda hər şey dörd-dördlükdür. Elə bir şey yoxdur. Belə bir şeyi Allah hər kəsə nəsib etməz. 

- Nəyi özünüzə qadağan edirsiniz? 

- Çox şeyləri... Qadağa deməyək. Yəqin ki, onları çox sevmirəm. Məsələn, mən heç vaxt gecələr çöldə olmaram. Qaranlıqdan qorxmuram. Çox sevdiyim insanlarla 8-ə qədər yeməyə çıxaram. Hətta onlar da deyir ki, yedik, qaçaq. Mənim çox sevdiyim insan olarsa,, o məclis məni açarsa, sona qədər oturaram. Bəzən sosial şəbəkələrdə xəbərlər oxuyuram. Hətta sizin verilişi izlədim, təkrar-təkrar baxdım. Demək olar tele-məkanda məni belə çəkən veriliş yoxdur. 

- Güzgüyə çox baxırsınız?

-Hər gün. 

-Heç deyirsiz, mən xoşbəxtəm? 

-O sözü bir dəfə ana olanda dedim.  

-Daha nələr deyirsiniz güzgüyə?

-İnsan güzgüyə baxanda özünü görməlidir. Mən hərdən güzgüyə baxıb özümlə danışıram. Güzgüyə baxasan və özünü həqiqətən də orada görəsən.  Özündə olanları-olmayanları, çatışan və çatışmayanları özünə etiraf edə biləsən. 

-Belə çıxır  ki, sirriniz yalnız güzgüdədir. 

 -Bəli.

-Onda dostunuz da yoxdur. 

-Var. Amma sirrimi aça biləcəyim bir dostum yoxdur. 

- Bundan sonra Ruhi Əliyeva daha nə istəyir? 

-İstəyirəm ki, dünyada əminamanlıq olsun, rahat bir həyatda  yaşayaq. Əvvəl necə idisə, indi də elə tibbi maskasız, testsiz. Allah hər kəsin ruzisini bol etsin.  O qədər gözəl günlər nəsib edər ki,  başqalarının işinə də burunlarını soxmazlar.

Hazırladı: Samirə Ərəblinski