Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.
OLAY yazır ki, APA-nın əldə etdiyi xəbərə görə, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
***
Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) bu gün hakim qarşısına çıxarılacaq.
OLAY axar.az-a istinadən yazır ki, meyxanaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi barəsində Qaradağ rayon Məhkəməsində təqdimata baxış gözlənilir.
İttihama görə, noyabrın 9-da, saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İskəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.
Belə ki, Rəşad Dağlı İskəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05:00 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İskəndəri bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İskəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
***
Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir.