Deleqasiyamızın musiqi prodüseri Eldar Qasımov ilk dəfə ünvanına yazılan tənqidlərə cavab verib.
OLAY yazır ki, Eldar bu barədə “Pərvizə görə”də danışıb. Eldar deyib ki, Avroviziya Mahnı müsabiqəsi son illərdə çox dəyişib:
“Avroviziya başqa bir meydançadır, bu illər ərzində çox dəyişdi. Sən orada həm əyləndirməlisən, zövqü oxşamalısan. Fərqli olmalısan. Sadəcə oxumaq və gözəl görkəm bəs etmir. Ya hansısa tarixçən olmalıdır, ya kiminsə yazığı gəlməlidir, ya da sözün əsl mənasında firik olmalısan. Originallıq mütləqdir. Dəfələrlə demişəm, təmsilçi insanlar tərəfindən ələkdən keçməlidir. Necə ki, bizim vaxtımızda olmiuşdu, 7 həftə ərzində yarışıb, etablardan keçirdik, insanların gözləri qarşısında idik. Xalq və jüri seçib Avropaya təqdim etməlidir”.
Eldar həmçinin onu boykot edənlərdən də söz açıb:
“Niyə reaksiya verim? Bu insanların öz fikridir. Ona normal yanaşıram. Əgər ordaydımsa, məsləhətlərimə ehtiyacları var idisə, deməli hansısa təcrübəni keçmişəm. Birinci dəfədir bu barədə danışıram. Mənim işim sadəcə musiqi tərtibatından ibarətdir. Ümumiyyətlə keyfiyyətli məhsul üçün mahnı seçiminə də qarışırıq. Bizim bir nömrəli istəyimiz o idi ki, öz mahnımız olsun. Yəni müəllifi Azərbaycan məhsulu olsun. Mən buna bir neçə aylıq layihə kimi baxmıram, istəyirəm ki, bizdə bu məhsulu yazan insanlar olsun, təcrübə qazansınlar, illər sonra da dünyaya çıxarsınlar. Nəbzi tutmaq çətindir, bu, bir-iki ilin söhbəti deyil, araşdırmalısan, baxmalısan. Hər şey təcrübəylə düzəlir. Biz mümkün qədər fərqli məhsullar göndərməliyik ki, sonda bizim müəlliflərdən nə tələb olunduğunu anlayaq”.