Son günlər sənətçilərin Mədəniyyət Nazirliyinə qarşı kütləvi narazılıqları gündəmdədir.

OLAY yazır ki, Nura Surinin etirazı ilə başlayan dalğaya Almaxanım Əhmədli, estrada-caz ifaçısı Təranə Məhmudova, kamança ifaçısı Şəhriyar Musayev, müğənnilər Xatirə İslam, Elnur Hüseynov, Nəbi Xəzrinin oğlu da məsələyə münasibət bildirib.

Etirazçıların əsas hədəfi isə Mədəniyyət Nazirliyinin tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevadır. Onlar birlikdə video paylaşaraq 6 ay öncə nazirliyə rəsmi şəkildə müraciət etdiklərini açıqlayıblar.

Təranə Mahmudova fikirlərini belə dilə gətirib:

“Heç kim haqda heç zaman şikayət etməmişəm. Əziz dostlar, vəziyyət o qədər gərgindir ki, neçə illərdir caz musiqisi ilə ölkəmi təmsil edən bir musiqiçi kimi mənim bütün yollarım nazirlik və Mənzər Nurəliyeva tərəfindən bağlanılıb. Mən müraciət etmişəm ki, dəstək göstərsinlər. Görün məni nə vəziyyətə çatdırıblar ki, bu sözü deyirəm. Qoymurlar vətənimi təmsil edim. Təpədən dırnağa qədər sənətçiyəm. Mənə elə gəlir ki, bu danışıqlardan sonra Mənzər Nurəliyeva haqda ölçü götürülər”.

 Kamança ifaçısı Şəhriyar Musayevin şikayəti belədir:

“Biz aidiyyəti qurumlara şikayət etməyimizə baxmayaraq, problem həllini tapmadı. İllərdir bu problem davam edir. 2013-cü ildən bəri qastrollarda mənim adıma gələn dəvətlərə imtinalar və alternativ sənətçilərin təklif olunması, Mənzər Nurəliyevaya parfüm alınması təklifini yazmışdım. Bir çox insan əlaqə saxladı, amma problem həllini tapmadı. Bütün bunlar bizə yaşadılmış hadisələrdir. Hər kəs öz peşəsindədir, işini doğru icra edir. Bilmirəm bizi özünə qarşı düşmənmi görür, ya necə”.

 Almaxanım Əhmədli də şikayətçilərdən biridir:

“Şikayətim Mənzər Nurəliyeva haqdadır. Bununla bağlı şikayət yazmışam. Uzun müddətdir həm mənimlə, həm də digər sənət nümayəndələri ilə bağlı müəyyən tələbləri var. Sənət adamlarına qeyri-etik davranışları var, illərdir davam edir. Onları alçaldırmışcasına hərəkət edir. Səlahiyyətlərindən sui-istifadə edir, mən və başqa sənətçiləri siyahıdan sildirir, yaxınlıq etdiyi dostları, yaxınları siyahıda yer alır”.

 Avroviziya təmsilçimiz Elnur Hüseynov da etirazlara qoşulub:

“Məndən xoşu gəlmir Mənzərin, ona görə tədbirlərdə yoxam. Videoda çıxış edən həmkarlarımın fikirləri ilə tam razıyam. Ölkəmizi dəfələrlə layiqincə təmsil etmiş bir şəxs kimi, Mənzərə Nureliyevanın mövqeyində və davranışlarında ədalətsizlik müşahidə etdiyimi xüsusi olaraq qeyd etmək istəyirəm”.

Şikayətçilər arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır:

Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi.

Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada”.

 Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Qafqazinfo-ya bildirilib ki, Xatirə özü dəvətlərdən imtina edib:

“Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.

 Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir.

 İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.

Nazirlik həmçinin etirazlarla bağlı “Qafqazinfo”nun sorğusuna cavab verib:

“Son günlər sosial media istifadəçilərinin Mədəniyyət Nazirliyinin 2004-2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub”.

Məlumatda qeyd edilib ki, bundan əlavə, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar yayılmaqdadır:

“Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilməsi təmin edilir.

İncəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb,  Nazirlik tərəfindən bu iddialara baxılıb və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir”.

Bununla yanaşı, Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçimi qaydalarına da aydınlıq gətirilib: “Bu seçim tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmununun bu formata uyğunluğuna əsasən aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir.

Xatırlatmaq istərdik ki, Mədəniyyət Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə Nazirliyin bugünkü fəaliyyətinə kölgə salınması yolverilməzdir.

Bir daha diqqətinizə çatdırırq ki, konkret faktlara söykənmədən dövlətin mədəniyyət strategiyasını həyata keçirən nazirlik barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan, habelə ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması hüquqi məsuliyyət yaradır”.

Mətanət Əsədova da dövlət tədbirlərində iştirak etmədiyi üçün şikayətlənib. O, “Tarixin bir günü” verilişində bu barədə danışıb:

“Mən bu səhnəyə gəldiyim vaxtdan neçə mədəniyyət naziri gəlib-gedib.Bu mənim yaralı yerimdir. Prezidentimiz deyir ki, xalqın yanında olun. Mədəniyyət nazirini mən gedib tanımalı deyiləm, o məni tanımalıdır, mən onun nəzdində olan sənətkaram. Mənə elə gəlir ki, o musiqini məndən yaxşı bilir ki, məni orada görmür. Mən “Leyli və Məcnun” operasında Leyli olmalı idim. Mənim üçün Zeynəb Xanlarovadan, Rübabə Muradovadan sonra Leyli bitib. Bu mənim fikrimdir. Burada musiqiyə düzgün qiymət verilsəydi, səsim nəinki Azərbaycandan, dünyanın o başından gəlməli idi. Mən kimə deyim ki, ay mədəniyyət naziri, ay konsertləri edən xanım, siz hara baxırdız? Dövlət konsertlərində biz niyə yoxuq? O konsertdə oxuyanlar mənim oxuduğumun 1 faizini oxuya bilirlər? Niyə Şuşada, alınan torpaqlarda olan konsertlərdə biz yoxuq? Dövlətimin konsertində biz oxumalı deyilik?”.

Ötən günlərdə ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində müğənni Günel Zeynalova da fəxri ad almadığı üçün gileylənmiş, ona “Ad almaq üçün dövlət tədbirlərində iştirak etmək lazımdır” tələbinin olduğunu bildirmişdi.

Nura Suri isə son olaraq feysbuk postunda fikirlərini belə dilə gətirib:

“Görürəm ki, mövzu və gündəm məqsədli şəkildə dəyişdirilir və korrupsiya ittihamlarını ört-basdır etmək üçün mediada fəxri adlar mövzusu qabardılır. Bu səbəbdən burada açıq şəkildə bildirirəm: mənə heç bir fəxri ad lazım deyil. Həmçinin şikayət edən sənətçilərin heç biri fəxri ad almaqla bağlı hansısa açıqlama verməyib. Mən sadəcə bildirdim ki, vaxtilə mənə nəyin müqabilində belə bir təklif olunmuşdu. Buna görə də dedim ki, aşağıda qeyd etdiyim meyarlara əsasən araşdırma aparılsın və baxılsın: kimin təqdimatı haradan və necə gedib.

Mən dövlətimizin ədalətinə inanıram və işıqlandırdığımız məsələlərlə bağlı hər hansı araşdırma aparılacağı təqdirdə bu işdə köməklik göstərməyə hazıram.

Konsert keçirmək üçün ilk növbədə maddi dəstək əsas şərtlərdən biridir. Dövlət dəstəyi ilə konsertlər isə yalnız müəyyən kateqoriyaya aid sənətkarlar üçün mümkündür. Şəxsən mənim belə konsertlər təşkil etməyə maddi imkanım yoxdur. Vaxtilə imkanım olanda isə qarşıma çıxan maneələrə görə bu arzum reallaşmadı. Fəxri adı olan, lakin heç vaxt konsert verməyən sənətçilər də kifayət qədərdir.

Aşağıda göstərilən əsas meyarlardan biri isə əxlaq və reputasiyadır. Vaxtında böyük problemləri olan, hətta ölkəni tərk edib getmək istəyən, qeyri-etik davranışları və əxlaqı ilə gündəmdə olan şəxslərin də fəxri ad aldığı ortadadır. Əgər bu meyarlar əsas götürülürsə, o zaman jurnalist araşdırması aparılsın - heç olmasa bu sahədə obyektivlik təmin edilsin.

Xahiş edirəm, mövzunun mahiyyətini dəyişməyin. Hər hansı qurumların təzyiqi və təsiri altında əsas problemlərdən diqqəti yayındırmayın, hörmətli media nümayəndələri”.

Dəyişməyən mənzərəyə etiraz - Açıqlamalar