Olay
Olay

“Nə ağlıma gələrdi ki, qəhrəmanla üzbəüz oturmuşam”

“Nə ağlıma gələrdi ki, qəhrəmanla üzbəüz oturmuşam”

“Ravilin şəklini görəndə içim qəribə sıxıldı, dedim, bu oğlanı haradansa tanıyıram. Göz yaddaşım aldatmaz məni. Öncə dedim, yəqin, Yasamalda filan üz-üzə gəlmişik. Amma beynim iki gündür üzbəüz söhbət olan kadrları, təmiz gözləri gətirirdi gözümün önünə”.

OLAY yazır ki, bu sözləri aktrisa Duyğu Dəvəli şəhid leytenant Ravil Hümbətov barədə paylaşım edərkən yazıb.

O bildirib ki, Ravil aktyor olmaq üçün kastinqə qatılıbmış:

“Ravillə 2016-cı ilin payızında ADDIM təşkilatının təşəbbüsü ilə çəkiləcək filmin kastinqlərində rastlaşmışdıq. Tərəf müqabilimi oynamaq üçün kastdan keçməyə gəlmişdi. Yaraşıqlı, cüssəli, amma üz-gözündən saflıq yağan utancaq bir oğlan idi. Dialoqlarımızı oxuduq, elə utanırdı, sanırdım qarşımda 5 yaşlı balaca uşaq var.

“Tələsirəm” sözünü də qəribə ləhcəylə tələffüz edirdi, gülüşümü maksimum gizləməyə çalışırdım ki, daha da utanıb, özünü itirməsin. Otaqdakı hamı gülümsəyirdi onun təlaşlı saf halına. “Tələsiyirəm” sözü uzun müddət dilimizdə qaldı, hər deyəndə gülürdük, indi də səni bu xatirəyə görə həm də təbəssümlə xatırladım, əziz, tərtəmiz Ravil, bağışla!

Hərbçi olduğunu şəhid olduqdan sonra bildim, qəlbi gözəl, həyat dolu oğlan. Haqqında çox gözəl sözlər yazır səni tanıyanlar, əminəm dedikləri qədər varsan. O zaman nə ağlıma gələrdi ki, bir qəhrəmanla üzbəüz oturmuşam və altı il sonra Yasamalın küçələrində sənin şəninə deyilən şüarları eşidəcəyəm… Çox heyif! Hamınıza heyif! Ruhunuz hüzur tapsın!”.

Ravilin kastinqdən olan fotoları isə Xətai Mehbalıyev ssosial media hesabında paylaşıb: