Müsahibə
Müsahibə

“Nazəninin adını çək, gör, başına nə oyun açıram!” - MÜSAHİBƏ

“Nazəninin adını çək, gör, başına nə oyun açıram!” - MÜSAHİBƏ

Müğənni Nazənin Salayeva uzun müddət sonra ilk dəfə müsahibə verib.

OLAY-ı evində qonaq edən ifaçı başına gələn hadisələrdən, yaşadığı qalmaqallardan, şəxsi həyatından danışıb:

- Xoş gəlmisiz, qapım hamının üzünə açıqdır. Bura dost qapısıdır. Heç kimə müsahibə vermirəm. Uzun müddət sonra ilk dəfədir danışıram, hamı məndən küsəcək.

- Xoş gördük, Nazənin xanım. Sizin haqda internetdə məlumatlara baxanda maraqlı bir situasiya ilə qarşılaşdım. Atanız Rəhim bəy ilahiyyatçı imiş, bəs, nə yaxşı sizin müğənni olmağınıza icazə verib?

- Allah ölənlərinizə rəhmət etsin. Atam kəndin ağsaqqalı idi. Onun bir sözünü iki edən olmayıb. Savadlı ilahiyyatçı olub. Bir tərəfi iranlı olduğu üçün şərqşünaslığı bitirib. Cavanlıqda onun da səsi çox yaxşı olub. Bir şirin avazı var idi ki, quş uçsa, qanadının səsi eşidilərdi. Hamı sakit dururdu ki, Rəhim dayının avazına qulaq asaq. Yeganə adam atam olub ki, mənə dəstək olub. Ancaq ailə qurmamışdan öncə müğənnilik etməyimə icazə vermədi. Həyat yoldaşım musiqi müəllimi idi, məni o aparıb-gətirirdi. Qardaşımgil ayağa qalxdı ki, oxumasın. Bizim Lənkəran-Astara bölgəsi bu məsələyə yaxşı baxmırdı. O vaxt müğənni olmaq çox çətin idi, indi asandır.

- Hərə birinə təşəkkür edir ki, filankəs sağ olsun, məni sənətə gətirdi. Bəs, sizdə belə bir şəxs var?

- Bu günüm, güzəranım üçün Allaha təşəkkür edirəm. Heç vaxt pis günüm olmayıb, imkanlı ailənin gəlini olmuşam, yoldaşım hər zaman mənə dəstək olub. Onun sürücüsü, kiçik qaynım yanımda olub, birlikdə çalışmışıq. Biz onu maddiyyat üçün etmirdik, həyat yoldaşım düşünürdü ki, 1-2 il çalışacam, həvəsim öləcək. Mən də elə fikirləşirdim, ağlıma gəlməzdi ki, bu qədər sevilə, tamaşaçı kütləsi yığa bilərəm. Heç ağlımın ucundan keçməzdi. Deyirdim ki, Nazənin, səni bu qədər sevirlərsə, ixtiyarın yoxdur ki, səhnədən gedəsən. Düzdür, keçmişdən danışıram, indi də var, ancaq böyük bir etalon gəlir də. Müğənnilər həddindən artıq çoxdur. Hər aşığın bir dövranı olur, mən heç vaxt çaşmadım, nə kasıblıqdan sənətə gəlmədim, heç kəs də pis günümü görməyib ki, desin, acından ölürdü, indi gəldi qudurdu. Müğənnilərə belə şeylər deyirlər. Hər zaman yaxşı yaşamışam, bu gün də heç kimə ehtiyacım yoxdur. Hər zaman ailəm yanımda olub, bu gün də yanımdadır.

- Məşhurluğun sizi məyus edən tərəfləri olub?

- O qədər gözəl günlərim olub, məşhurluğun o qədər dadını çıxarmışam ki... Amma haqsızlıq görəndə məyus olmuşam. “Dostlar, məni unutmayın” adi bir mahnıdır. O mahnıya görə bütün dünyanı gəzmişəm. Bayaqkı sualınıza cavab olaraq Cabbar Musayevə təşəkkür edirəm ki, mənə gözəl mahnılar verib. Məni kütləyə tanıdan o olub. Çox şanslı müğənni oldum ki, bütün mahnılarım sevildi. Bunlar da məyus olduğum vaxtları çox aşağıda qoyur.

- Bəs, sizi ifadə edən mahnınız hansıdır?

- Əvvəl fərqinə varmırdım, hamısını balalarım kimi çox istəyirdim. İndi ən çox “Hardan düşdün sən  yanıma bu gecə” mahnısını sevirəm (ağlayır). Ona qulaq asa bilmirəm, valideynlərim yadıma düşür. İnsan yaşa dolduqca valideynlərinin dəyərini daha çox bilir. Özümü görürəm o mahnıda. İndi yaşlı bir ana görəndə ürəyimin başı soyulur. Doğmalarımın geri qayıtmasını istəyərdim. Mən ölümdən qorxmuram. Dünyaya gələndən atam bizi saldı ki, qızım, insan dünyaya bir dəfə gəlirsə, bir dəfə də getməlidir. Ölümə hazıram, dünyadan apardığımız yalnız gözəl əməllərimiz olmalıdır. Atam bizə böyük-kiçik yeri bilməyimizi, mənəviyyatı gözəl olmağımızı, bir tikəmizi bölüşməyimizi məsləhət görüb. Sevgi dolu ailədə böyümüşəm deyə, bir tikəni belə tək yeyə bilmərəm.

(Bu dəm köməkçisindən salfet istəyir. O isə güzgü gətirməyi və müğənniyə göz yaşlarını silməyi məsləhət görür).

- Neynirsən güzgünü? Göz yaşım qalsın da, heç nə olmaz. Deyəcəklər nə tez qurudu? Elə rola girirmiş. Deyir, elə o dəqiqə  robot ol danış, belə olmur axı.

- Uzun illər adınız qalmaqallarda hallandı. Bu məhkəmə prosesləri, çəkişmələr sizi yormadı?

- Vallah yordu. Çox da utandım. Amma başqa çarəmiz yox idi. Haqq-ədalət öz yerini tapdı. Özünüz də bilirsiniz,  bütün məhkəmələri biz udduq. Çünki faktlar var idi. Əlimdə elə faktlar da olub ki, onların birini açıqlasam, Azərbaycan bir-birinə dəyər. Amma söyləmərəm, məndə qalsın. Bilirsən ki, o təxribatlar bu gündə var.

- Peşman olduğunuz məqamlar, “kaş fikir verməzdim” dediyiniz anlar oldu?

- Olmadı. Düzgün addım atdım. Çünki efirdə mənim və ailəmin adı çəkilirdi, böhtanlar atılırdı, şərəf və ləyaqətim alçaldılırdı. Ona görə cavabı qanun qarşısında verilməli idi. Hətta mən gecikmişdim. Qarşı tərəfin düz deyə biləcəyini düşünüb, böyük basqıyla məni daş-qalaq etdilər. Sonradan çox yanıldılar. Beləliklə o ordu keçdi haqq tərəfinə, yəni mənim tərəfimə. Min insan da yığışa bilər adamı yıxmağa, təki Allah səni yıxmasın. Allahın yıxdığını heç kəs qaldıra bilməz. İndi mənim yadıma da düşmür. Bu söhbət bağlandı getdi. Çünki illər keçib, heç danışmaq da istəmirəm.

- Sakitliyə, səssiz qalmağa önəm verirsiniz. Niyəsə sizi qalmaqallara çəkirlər, kimlərləsə əlbir olub yalan informasiya yaydığınızı iddia edirlər. Bütün bunların qarşısında nə deyə bilərsiniz?

- Bunun arxasında böyük qısqanclıq durur. Paxıllıq pis xəstəlikdir. Başqaları ilə yanaşı, insanın özünə də böyük zərər verir. Özünü məhv edir, hər gün öldürür. O sənə bir ya da iki dəfə sataşır. Amma paxıllıq özünü hər gün məhv edir. O cür insanlara şəfa diləyirəm. Məni  qalmaqala çəkmək istəyənlərin “duxu” çatırsa, adımı çəksinlər. Mən də qanuni şəkildə cavablarını verim. Əgər adımı çəkməyiblərsə, o sözü üzərimə götürmürəm. Hər kəs hamını tanıyır ki, kim kimdir. Gəlin, bu cür də düşünək. Bunları edirlər, onların içərisində bir kişi, bir də qadın Əməkdar artist var. Onların başları əslində bir Əməkdar artistdir, bunları qabağa verib sağında-solunda işlədir. Bir-ikisi də əl meymunu kimi ortaya  düşüblər. Amma nə edə bildilər? Nəticə nə oldu? Hamı ifşa olundu. Hər şey ortalıqdadır, bilindi ki, bu işlərlə məşğul olanlar özləridir. Ədəb-ərkanımdan istifadə edirlər. Deyirlər çıxaq deyək həyasızlığımıza salaq, Nazənin onsuz da danışmayacaq. Nazəninin adını çək, gör, başına nə oyun açıram. Qanun qarşısında deyirəm. Amma adım çəkilmir, soruşursan, deyir nə danışırsan, sən ola bilməzsən, özünüzə niyə götürürsüz? Belədirsə, mən nə deyə bilərəm? O insanla nə işim ola bilər?

- İndiyə qədər yaşadığınız bütün qalmaqallarda özünüzü cilovlamısınız. Müəyyən sərhədlər var ki, onları aşmamısınız. Bu ailə məsuliyyəti ilə bağlıdır? Yoxsa Nazənin sakit qalmağı sevir?

- Əslində, mən sakit deyiləm. Mən şir bürcüyəm, nəyisə qaraladımsa, o işdə ölüm belə olsa, gözə alıb qalib gəlməliyəm. Məni tanıyanlar bilirlər. Həmin şər atanlar da bunu gözəl bilir. Ona görə adımı çəkmək istəmirlər, qorxurlar.  Mən sadəcə hələ baş qoşmuram. Sonunu gözləyirəm ki, nə edə bildiniz, hara qədər getdiniz? Nə oldu? Heç nə olmadı. Hər şey Allahın əlindədir. Onu da deyim ki, ölüm olsa da, mənim şərəf və ləyaqətimi tapdalayan insan bir dəfə adımı çəksin, görün ki, insanı necə boğaza yığa bilərlər. Amma cavab vermirəm, çünki adım çəkilmir. İkincisi mənim ailə tərbiyəm buna yol vermir. Üçüncüsü ailə məsuliyyətim yol vermir. Mən fərqli insanam.

Artıq 28 ildir səhnədəyəm. Bu müddət ərzində bir dəfə kiməsə sataşdığımı görmüsünüzmü? Ya da pislik etdiyimi? Amma yaxşılıq etdiklərim, məni vurmaq istədi. Vura bilmədilər! Məni bilirsiz bir ara nə etmişdilər? Müğənnilərin çoxu zəng edirdi. İndi də əlaqə saxlayırlar. Onların içərisində Xalq və Əməkdar artistlər var. Deyirdilər, Nazənin, səninlə bağlı belə sözlər deyirlər, amma inanmadıq. Sən sevin ki, bu qədər düşmənin var, çünki onlardan beş addım irəlidəsən.

- Bir ara deyirdilər ki, Nazənin mafiya ilə işləyir…

- Bax, görürsünüz. Bilirsiz, bu nədən qaynaqlanır? Mən səsimi çıxarmıram. İndi həyat yoldaşıma deyirəm ki, icazə ver, bunları bir-bir “dənləyim”. Mən danışmadıqca, bunlar çoxalırlar. Düşünürlər ki, danışmırsa, səhvi var. Mən balalarının atasına, ailəmə, nəslimə və övladlarıma hörmət qoyuram. Bütün dünya balalarıma qurban olsun. Allah bütün övladları qorusun!

- İnsan itkiləri hər dəfə həyata başqa cür baxmağa sövq edir. Kimisə itirdikdən sonra “kaşki lər” də, “yaxşı ki”lər də olur. Cavan qardaşlarınız rəhmətə gedib. Sizdə “kaş ki”lər daha çoxdur, yoxsa “yaxşı ki”lər?

- Mənim üçün “kaş ki”lər çox ağırdır. Amma sevincli günlərim daha çoxdur. Əksini desəm, Allaha qarşı hörmətsizlik, naşükürlük olar. Başım o qədər gözəl işlərə qarışıb ki...

- Təki həmişə xoş işlərə başınız qarışsın..

- İmkan verirlər ki? Bir insanın digərinə sözü varsa, zəng edib demək olar. Ya da gəlib oturarsan üzbəüz dərdin nədir, haqlı, haqsız kimdir başa düşərik. İndi sosial şəbəkələrdə danışırlar, kameraya oynayırlar, reklam istəyirlər. İnsanlar uşaq deyil, hamı başa düşür ki, bunu təklikdə də həll etmək olar. Anlayırlar ki, bu publikaya oynayırsa, deməli, arxasında nəsə var. Ya da özü, anormallıq yaşayır, normal həyatı yoxdur. Mən düşünürəm ki, başqasının həyatına burnunu soxmaqda, şər atmaqda günahkar onun özüdür. Deməli, normal həyat yaşaya bilmir, xoşbəxt ola bilmir. Beş-üç qəpik pulunu paylaşa bilmir.

Mən gözümlə gördüyüm bir hadisəni danışmaq istəyirəm, hamınızın tanıdığınız bir müğənni ilə bağlı…

Bir dəfə maşının içərisində gözləyirik, gedəsi yerimiz var. Aşağı düşdü, əlində tort, bir vedrə zibil var idi. Dedi ki, zibili atıb gəlirəm. Tortu tulladı, üstündən də zibili.

Gəldi oturdu maşında. Soruşdum ki, o zibil idi? Dedi, yox, bütöv tort idi, bir neçə gün evdə olmayacam, bu xarab olacaq, yeməyəcəm. Dedim ki, onda binanın komendantına ver, özü də dörd balası var, kirayə yaşayır. Dedi, sən nə danışırsan, başına hava gəlib? Mən sən deyiləm, ac qalanda kim qapımı döyüb nəsə verib ki, mən də verim? Ondan sonra bir az  fikrim dəyişdi, özümə gələ bilmədim ki, doğrudan belə insanla yol gedirəm? Artıq o vaxtlardan ayılmağa başladım. Belə insanlar var, qəpiyini heç kimə qıymaz. Bir adama qəpik də verməz. Bu cür simicliklə yaşayan insanlar var. Soruşanda da deyir ki, o qədər pul görməmişəm, qınama xərcləyə, ya da verə bilmərəm, mən sən deyiləm.

Mənim yardımlarıma da irad bildirirlər. Günahkar hesab edirlər ki, nə üçün kiməsə hörmət edirəm, ya da nəsə. Mənim “zibil işim”, qaranlıq keçmişim yoxdur. Gözünüzün qarşısında olmuşam. Belə qaranlıq keçmişim yoxdur ki, kiməsə pul verim nəsə edim. Sadəcə yazığım gəlir. Ehtiyacı olan insana etmişəm, ethiyacı olmayana yox. Bunlar da onlara ağır gəlir ki, Nazənin niyə bizdən fərqlidir? Onları ağrıdır ki, niyə məni tərifləyirlər, onları yox? Paxıllıq budur. Onları bu öldürür.

- Siz niyə uzun müddət müsahibə verməmisiz? Məsələn, mətbuat Röya Ayxandan, Aygün Kazımovadan daha asan müsahibə alırdı, nəinki sizdən…

- Gözəl sualdır. Gözüm çox qorxub. Aranızda qələminə, şəxsiyyətinə hörmət etdiyim çox jurnalist var. Başım üstə yeriniz var. Bu sözə kim layiqdirsə, o üzərinə götürsün. Bəzi özünü “jurnalist” adlandıran insanlar var idi. Daha doğrusu, onu tanımırdım, yaxınlıq vermirdim. Görürdüm ki, əlehimə yazılar yazır. Adını çəkmirəm. Mənim əmim qızı Tahirə Məmmədqızı jurnalistdir. Nəsə yazdırmaq istəsəm, ona yazdıraram. Heç kənar adam lazım deyil. Hər zaman da Tahirə mənimlə qırğına çıxıb ki, sən mənə müsahibə vermirsən. Demişəm, məni bu qalmaqallardan uzaq elə.

Kimsə artıq nəsə yazacaq, milçək bir şey deyil, ürək bulandırır. Mənim balalarım sarsıntı keçirəcək, şoulaşdırılmış ailə deyilik. Biz köhnədə qalmışıq. Nə isə...

O şəxs özünü hər yerdə mənim mətbuat katibim kimi qələmə verirmiş. Mənim xəbərim yox idi. Məni də görəndə deyirdi ki, yaxınlığımızı heç kəs bilməsin. Həmin davada, məhkəmədə yazdıqlarına baxın. Mənim nə əlehimə, nə də lehimə bir söz yazıb. Necə mətbuat katibim ola bilər? Özümə sığışdırıb demədim ki, özünü orda-burda mətbuat katibim kimi qələmə verirsən, amma bu barədə heç nə yazmırsan. Düzünü deyim, yazığım gəlib hər ay balasına pul da vermişəm.

Hansı müğənnini “vururdu”, onlar elə bilirdi ki, mən elətdirirəm. Bu məsələni eşidəndən sonra həmin adamı çağırdım ki, bəs belə şeylər edirsən. Mənimlə dost olan insanlar var, bilirsən onlarla dostam. Məsələn, Könül Kərimova ilə illərdir dostuq, ona bacı deyirəm. Onun 40 il əvvəlki şəkillərini paylaşırsan. Özünün də illər əvvəlki şəkillərini qoy, gör hazırkı görüntünlə eynidirmi? Biz insanıq, yaşayırıq, irəli gedirik. Mən şoka düşdüm. Gördüm get-gedə müğənnilər məni danışdırmır. Pərvizdən ( köməkçisi – red.) soruşdum, dedim, maraqlan. O da dedi ki, müğənnilər düşünür ki, mənfi xəbərləri siz yazdırırsınız. Allah şahidimdir , üç balamın canına and içirəm ki, heç nədən xəbərim yoxdur.

Pərviz deyib ki, məhkəmələrlə bağlı hamı yazır, sən də yaz. Deyib ki, onları reklam etməyək. Hətta Tahirə necə dəfə mən irad tutub ki, bu hər yerdə deyir sənin mətbuat katibindir, niyə heç nə yazmır? Mən də düşünürdüm ki, məni çox istəyən insandır. Bir dəfə də olsun mahnılarımın PR-nı etməyib, hamı yazandan sonra, ən axırda Pərviz deyəndən sonra yazıb. Heç yaradıcılığımdan da yazmayıb.

Gördüm ki, bu təxribat aparır. Sən demə bu təkcə mənimlə belə deyilmiş. Çox insanla belə olub. Müğənnilər zəng edirdi ki, bizi Nazənin “vurdurur”. Ətrafımda şayiələr yaymağa başlayırmış. Hətta o insanın oyunlarını tutdum. Məsələn, səndən pul almaq istəyirsə, deyir ki, Nazənin səninlə bağlı nəsə yazdırmaq istədi, pul verdi, özü də 200 manat, amma yazmadım. Mənim belə şeylərdən xəbərim yoxdur. Bu insanın özünün yazdığı bir instaqram səhifəsi var. Axtarın görün, məhkəmə dövrü ya da yaradıcılığımla bağlı nəsə paylaşıbmı ki, hələ bir ona sifariş də verim? Belə şeylər etdi, yer ayağımın altdan qaçdı. Çünki onun balasının kiçik toyu oldu, ilk mən getdim ora. Mənə deyirdi sən bacımsan,anamsan. Məni elə tilsimləmişdi ki, düşünürdüm məni Pərvizdən də çox istəyir.

O pullar, maddiyyat boş şeylərdir. İnsanlar var ki, bunun üçün vicdanını satır. O da elə adamlardan idi. Gördüm ki, hər yerdə başqa cür danışır. Mən də söylədim ki, nə mənim yaxşılığıma, nə də pisliyimə bir şey yazma. Onsuz da yazmamısan. Onunla ayrılandan sonra təxribatla məşğuldur. Axı əlindən maddiyyat çıxıb. İndi də eşitmişəm ki, bir xanım var, onun yanında mənim haqqımda danışıb. Müğənni deyil. Amma şou-biznesə daxildir. Nəinki məndən, bütün müğənnilərdən. Deyir,  10 dəqiqə oturur, 30 müğənnidən danışır. Özü də ona çörək verən insanlardan.

İt belə ona yemək verən insanları qapmır. Ona görə son vaxtlar heyvanları insanlardan çox sevirəm. Həyətdən çıxıram itlər qabağıma qaçırlar. Gecədən yeməkləri hazırlayıram, gələndə də gedəndə də onları yemləyirəm. Qaçıb maşının təkərini yalayırlar. Gözlərim dolur, deyirəm, insanlar niyə belə naşükürdür? Biri dırnaq ucu qədər yaxşılıq etsə, mən ona artıqlaması ilə ödəyirəm. İnsanlar niyə belə olub? Niyə yaxşılığa pisliklə cavab verirlər? Bu daxili paxıllıqdır. Kişi kişi kimi yaşasa, bu hərəkəti etməz. Qadın da qadın kimi xoşbəxt olsa, onun-bunun həyatına burnunu soxmaz, hər gün birini qapmaz. Mən bu cür başa düşürəm. Ağlı başında olan insan problemi varsa, zəng edib, üzbəüz danışar. Məsələni həll edib bitirərik. Vallah məni o qədər qızışdırıblar ki, onu söylə, gündəmdə qal və sair. Mən belə şeylərlə heç vaxt gündəmdə qalmaq istəməmişəm.

Hələ Manafın qaraciyərinin sirroz olma xəbərini də mənim yaydığımı iddia etdilər. Manafı çox istədiyimi hər kəs bilir. O, bir az sözə gedəndir. Onun ayağına dəyən daş mənim ürəyimə dəyir. Heç vaxt ola bilməz ki, mən Manaf haqda pis fikirdə olum. Onun mənə nə pisliyi dəyə bilər ki, pis fikirdə olum?  Onu necə doldurmuşdularsa, deyirdi bilirəm bunu hansı müğənni edib, bu işlərin axırı yaxşı olmayacaq.

Pərviz, Allah səni saxlasın. Sən efirdə bunu açıqladın, düzü ortaya çıxarmasan, onu da mənim üstümə atacaqdılar. Belə şeylər olur. Allah özü pis adamları islah etsin. Bir qarışqanı belə əzə bilən insan deyiləm. O ürək yoxdur məndə, edə bilmərəm. Amma mənim şəxsiyyətimə şər atan insanlar adımı çəkin, görün qarşınızda kim var.

- Həm nənəsiniz, həm də az yaşlı övladınız var. Hansı daha maraqlı duyğudur?

- Düzünü deyim, mənim üçün həyatımın şoku ana olmağımdır. Hər zaman böyük nəvəm üçün deyirdim ki, balalarımın ikisi də ona qurban. Onda üç deyildi. Yenə də nəvələrimi çox istəyirəm. Amma təsəvvür edin 26 il sonra bir övladım oldu, balaca Orxan dünyaya gəldi. Həyata baxışım dəyişdi. O analığı indi yaşadım. Çünki o zaman uşaq idim, 17 yaşımda ana olmuşam. Nə analıq bilərdim ki? İndi həm nənəlik, həm də analıq hisslərini yaşayıram. Əvvəl xaricdən gələndə bahalı şokoladlar alırdım. Nəvəm Qəhrəman üçün ayrı bir paket hazırlayırdım. İndi tərsinə olub. İndi deyirəm, Orxanın paylarını gizlət, gəlib görməsinlər. Mən bunu səmimi söyləyirəm. O demək deyil ki, nəvələrimi sevmirəm. Onlara canım qurban. Ayrı-seçkilik də etmirəm, evdə olanın ikiqatını onlara alıram. Yenə də o duyğularımı dilə gətirirəm. Orxan mənim yaşamaq üçün stimulumdur. Böyük övladım başqa cür stimul verir. Mən dünyanın ən xoşbəxt qadınıyam, çünki ağıllı, tərbiyəli balalarım var. Böyük-kiçik yeri biləndirlər. İndiyə qədər görmüsüzmü, qızımın İnstaqram səhifəsi olsun?  Mən demirəm ki, bu pisdir. Amma maraqları yoxdur belə şeylərə. Evə, ailəyə bağlı uşaqlardır. Həm qızım, həm də oğlum.

- Neçə yaşı var böyük nəvənizin?

- 16 yaşı var. Qızım da tez ailə qurub. Balalarım həmişə deyiblər ki, bizi efirdən, şoudan uzaq tut. Ona görə də onların adını pis şəkildə hallandırmaqda maraqlıdırlar. Amma alınmadı. Hər kəs bir-birini gözəl tanıyır.

- Yutubda bir video var. Sizi mərhum müğənni Şəfa ilə “Geri dön sən” mahnısını səsləndirirsiniz. Çox maraqlı görüntülərdir. Elə bil, o vaxt toylardakı ab-hava tamam başqa cür idi.

- O vaxt “Səbuhi” studiyası var idi. Həmin studiyadan bizi - mərhum Əməkdar artist Zöhrə Abdullayevanı, müğənni Şəfanı, şairə Zenfira Əlişqızını, meyxanaçılar Ağakərim Novruzovu, Vüqar Əbdilovu götürdülər apardılar ki, çəkilişə gedirik. Amma bilmədik ki,  o nə idi bizi aparmışdılar. Çünki nə bəy, nə də gəlin var idi. Sən demə, orada bəylə gəlin adi paltarda imiş. Toy bir gün əvvəldən olubmuş, bizi də aparıblar ki, məhəllədə konsert, toy kimi bir şey etsinlər. Bizi canlı görmək istəyirdilər. Onda getdik Badamlıya. O, toy hissə-hissə çəkilib deyə, Yutubda həmin hissə qalıb. Onda toy başqa cür idi, müğənnilər başqa cür baxılırdı, səhnədə həmişə xanımların arasında olmuşam. Elə rahat hiss etmişəm, özümə yaxın bilməsəm, kiminləsə oynamasam o toyu rahat oxuya bilmərəm, sərbəst ola bilmirəm. Sevgimi onlara ötürmək istəyirəm. Rəhmətlik Şəfa ilə yol yoldaşı olduq. Qızıl kimi səsi var idi. Özü də qızıl qız idi.

Ölən günü onlar rayona toya gedirdilər. Biz eyni saç ustasının yanında bəzənirdik. Bizi bəzədi, mən Moskva toyuna yola düşdüm, o isə rayona. Toyda xəbər gəldi ki, Şəfa qəzaya düşüb ölüb. O toyu apara bilmədim, gizli-gizli ağladım, gözümü silib oxudum. Axı camaat nə bilir ki, nə olub? O toyu necə oxudum bilmirəm, Allaha yalvardım ki, mənə güc ver. Çünki günorta birlikdə idik, çay içdik. Çox istedadlı qız idi. Həmin toyda oxuduğumuz mahnı bu  gündə aktualdır. İndi də bütün müğənnilərin repertuarında var.

İllərin mahnısıdır. 20 il bundan əvvəl oxunan mahnılar indi də sevilir. Musiqiyə, şou aləminə, səhnəyə böyük axın var. Amma mahnılar üç ay sonra yoxa çıxır. Müğənni də efirə çıxmasa görünmür…

Söhbətləşdi: Pərviz Hüseyn

FOTO/VİDEO: Nuran Məmmədov