Tanınmış influenser Asya İsmayılova OLAY-a müsahibə verib.
750 mindən çox izləyicisi olan sosial media siması son zamanlar həyatında baş verənlərdən və yeni hədəflərindən söhbət açıb.
- Necə oldu ki, müsahibə verməyə razılaşdız?
- Əsl Asya üzdə olan, tanınan Asyanın arxasında gizlənib. Həmişə məni yarım görüblər. Məncə, özümü tanıtmağın vaxtıdır.
- Sizi çərçivəyə salan nə idi?
- Məni çərçivəyə salan insanların fikirləri, səhifə açılanda yazılan tənqidlər, linçlər idi. Özümü düzgün tanıtma çabalarım məni doğrultmadı. Ən qorxduğum şey özümü səhv tanıtmaq idi. Bu da illərdir baş verir. Ona görə də çabalamağı dayandırmışdım. Düşündüm ki, vaxtı gəlib. İnsanlar məni bir də özümdən dinləsin.
- Belə bir məsələ var idi. Sanki siz hər dəfə nəyisə düzəltməyə çalışanda daha pis nəticə verirdi.
- Düzdür. Həmişə elə olub. Bu, əsasən İnstaqramdakı dostluq münasibləri ilə bağlı olurdu. Bunun günahkarı özüməm, çünki dostluqda ideallığa çox önəm verirəm. Sevgi münasibətini bir kənara qoyaq, dostluqda ideallıq axtarıram, istəyirəm ki, qarşı tərəf də mənim kimi olsun. Bir balaca səhvində belə emosional oluram, əsəbləşirəm, qırılma nöqtəsi olur və münasibətimiz pozulur. Heç vaxt demərəm ki, instaqramda baş verən hadisələrdə günahkar mən olmuşam. Bu barədə vicdanım rahatdır.
- Vicdanınızın narahat olduğu məqamlar var?
- Hazırda yox. İllərdir var idi. İndi yoxdur.
- Bəs həyatınızda nə baş verdi?
- Həyat yoldaşımdan ayrıldım. Səbəbini tam açıqlamayım. Belə deyim ki, uzun müddətdir aramızda mübahisə var idi. Bunu bağlayırdıq, kənara qoyurduq, amma həll olunmurdu. Normal həyatımıza davam edirdik, amma bir nöqtəyə gəldi çıxdı ki, səbr tükəndi və gördük ki, məsələ həll olunan deyil. Ona görə ikimiz üçün də ən yaxşısı budur.
- Rəsmi olaraq müraciət etmisiz?
- Bəli. Mən etmişəm.
- Burada bir çox məqam var. Səhifənizin adı hələ də “Asyafuad”dır, şəkillərinizi silməmisiz. Haradasa bir ümid var ki, barışa bilərsiz? Yoxsa tamamilə bitib?
- Tamamilə bitib. Mən ayrıldığımızı paylaşandan sonra yazdılar ki, səhifənin adı elə də qalıb. Bildiyiniz kimi, “mavi quş” olanda dəyişmək olmur. Mən müraciət etdim, dedilər ki, səhifə tamam silinə bilər. Videolar isə reklam xarakterli olanlardır. Şirkət tərəfindən verilib və müqavilə var ki, onlar silinməməlidir. Amma ikimizə aid şəkillər, videolar silinib.
- Artıq silmisiz?
- 1000-ə yaxın paylaşımdan 522-si qalıb.
- Siz evdən köçmüsüz, yoxsa o evdən ayrılıb?
- Mən köçmüşəm.
- Uşaqlarınıza bu vəziyyət təsir göstərib?
- Mən elə insanam ki, həyat yoldaşımla nə olursa olsun, düşmənlik istəmərəm. Aramızda hörmət olmalıdır. Bu hörmət məcburidir. İki övladımız var. Uşaqlara təsir göstərməz. Çünki onlar balacadır, mən də övladlarımı ata sevgisindən məhrum etmərəm. Böyük oğlum atasını çox sevir, istəyəndə onu görür, istəyəndə mənimlə qalır. Uşaqla bağlı bir mübahisəmiz hələ ki yoxdur.
- Bu reklam məsələləri necə olacaq? İndiyə qədər ailə prototipi var idi. Bununla bağlı müqavilələriniz olub. Bu ayrılığın sizə maddi olaraq ziyanı olub?
- Ziyan verməyib. Çünki səhifəyə gələn reklamlar əsasən mənimlə bağlı olub. Şirkətlərin çəkilişdə Fuadın da olması ilə bağlı bir tələbi olmayıb. Biz fikirləşmişik ki, belə çəkilsək, daha yaxşı olar. Yəni, xanımlara aid reklamlar mənim özümə görə gəlib. Bir ziyan verməyib.
- Ayrılıq xəbərləri yazılanda, izləyicilər söylədilər ki, bu şoudur. Onlara nə demək istəyirsiz?
- Bunun səbəbini bilirəm. Çünki nə vaxtsa bir cütlük ayrılıb, xəbər yayılıb, sonradan barışıblar. İnsanlar da düşünüblər ki, onlarda şoudursa, yəqin Asya və Fuad da belə edir. Halbuki həmin cütlük də həqiqətən ayrılmışdı, sonra barışdılar. Düşünmürəm ki, kimsə ailəsini reytinq xətrinə, belə boş xəbərlərlə gündəmə gətirər. Çünki iki övladımız var. Çox ayıb bir şeydir. Gələcəkdə onlar da bu xəbərləri oxuyacaqlar. Kimə lazımdır ki? Zatən rəylərdə təhqirlər yazırlar. Bizim özümüzə də xoş deyil onları oxumaq. Artıq oxumuram da. Yaxşı şeylərlə gündəmə gəlmək lazımdır.
- Haqqınızda çıxan xəbərləri şikayət edib sildirirdiniz. Məsələn, instaqramın funksiyasını nəzərə alıb üzünüzün daha az düşdüyü fotoları qoyurduq ki, bunu da şikayət edib sildirməyəsiz. Belə başa düşdüm ki, bu Fuadın istəyi ilə olurdu...
- Bu günə qədər heç bir xəbər səhifəsindən mən öz istəyimlə xəbər sildirməmişəm. Bilmirəm ki, necə sildirirlər. Bunu həmişə Fuad edib. Çünki o qarşı olub, bəzən demişəm ki, sildirmə qalıb da. Amma bu onun öz seçimidir. Bu, mənim üçün heç vaxt problem olmayıb, olsa, müsahibə verməzdim.
- Bu ayrılıq izləyici kütləsinə necə təsir göstərdi?
- Hər gün deyirlər, barışın. Fuad status paylaşır, onu mənə atırlar. Deyir, sizə söz atır, status yerləşdirir, barışın. Təbii onlar da izləyicidir. Hər şeyi bilə bilməzlər, onları da qınamıram. Dörd ilə yaxındır bizi belə tanıyıblar. Mən də hamısına yaza bilmirəm ki, belə bir şey olmayacaq. Oxuyub keçirəm. Gündəlik postlarda mənfi rəy görmürəm. Kütləm əsasən xanımlardır, məni başa düşdükləri üçün xoş rəylər yazılır. Onlara minnətdaram.
- Aysel Şükürlə davanızdan danışaq...
- Aysellə subay vaxtlarından tanışıq. O, ailə qurmağa hazırlaşanda mən Fuadla tanış deyildim. Münasibətimiz çox yaxşı idi. Aysellə Fuadın arasında bir problem olmuşdu, onda mən yox idim. Sonra elə oldu ki, mən Fuadla tanış oldum, nişanlandıq. Bundan sonra onlar arasındakı məsələ yenidən açıldı. Mən də Fuadla bir yerdə idim deyə mənə toxundu. Arada mən getdim. İllər keçdi. Bu mövzuda özümdə də, Ayseldə də günah görürəm. Ən böyük qəbahəti isə Fuadda görürəm, çünki o, bu məsələni aydınlaşdırmalı idi. Məhkəmələr, dava qırğın oldu, amma sonda yaxşı oldu. Mən kinli insan deyiləm. Ona qarşı kinim yoxdur. Əksinə, son başına gələn hadisələrdən çox sarsıldım. Deyirdim ki, kaş ayağa dursun, düşmənliyimiz davam etsin.
- Bu qalmaqallar sizin reputasiyanıza necə təsir göstərdi? Pis, ya yaxşı?
- Yaxşı təsir edəcəyinə inanmıram. Amma niyə pis təsir etsin ki? Mən pis bir şey etmirəm. Biz bir-birimizi təhqir etmirik ki... Sadəcə göz önündəyik deyə reaksiya görürük. İnanmıram ki, nüfuza bir zərər gəlsin.
- Aysellə qalmaqalı nəzərdə tuturdum...
- Təbii ki, zərər gətirdi. Çünki bununla bağlı mesajlar gəlirdi. Vəziyyəti bilməyən, məni tanımayan, sosial şəbəkədə görən insanlar qarğış, təhqir yazırdılar. Biri yazmışdı ki, səni görüm, elə dərdə düşəsən ki, dərmanın tapılmasın. Halbuki heç nədən xəbəri yox idi…
Yadıma düşdü pis oldum (ağlayır). Bilirdim ki, zamanı gələcək insanlar başa düşəcək ki, mən heç nə etməmişəm və o sözlərə layiq deyiləm. Ümid edirəm o adam da bu müsahibəni izləyər və o sözün mənə necə təsir göstərdiyini anlayar. Bu, Ayselin Teleqram qrupunda yazılmışdı. Hər şeyi gizli-gizli oxuyurdum. Mənə çox pis təsir etmişdi, illərdir o söz yadımdan çıxmır. Çox istərdim ki, o xanım mənə yazsın və onunla danışım.
- Müsahibənin əvvəlində dediniz ki, indiyə qədər bir qəlibə sığmış, müəyyən çərçivələri olan Asya görüblər. Bundan sonra fərqli olacaq. Asya özünə cızdığı yeni həyat yolunda nələr planlaşdırır?
- Heç nədən qorxmamaq. Mən bu illər ərzində çox qorxaq olmuşam. Bəzi fikirlərimi instaqramda yazsam da, qorxmuşam. Çərçivələrə görə açıq-aydın danışa bilməmişəm. Qorxduğum şeylər olub. Necə varamsa, elə olmaq istəyirəm. Nə artistlik, nə də.... Məsələn, adi bir xəbəri sildirmək istəmirəm. Düşünürəm ki, belə olmaq mənə rahat olacaq. Çünki əvvəl çox sıxılırdım, rahat deyildim. Həm dostluqda, həm də evlilikdə sıxılırdım. Buna görə çox xoşbəxtəm. Kimsə məndən soruşanda necəsən? Ürəklə “Çox yaxşıyam!” deyə bilirəm.
- Sosial şəbəkədə iddialar var idi ki, siz xəyanətə görə ayrılmısınız?
- Xəyanətə görə ayrılmamışam. Tamam başqa mövzudu. Amma xəyanət nə vaxtsa olub və mən bağışlamışam. Uşaqlarıma görə, ailəmi qorumaq üçün əfv etmişəm, keçmişəm. Bunu artistliklə demək lazım deyil ki, xəyanət tutmamışam, məni həmişə sevib. Zatən sosial şəbəkənin çox hissəsinin bundan xəbəri var. Həmişə oxumuşam, yazıblar ki, Asya bağışlayıb. Düzdü, indi də elə biliblər ki, xəyanətə görədir. Amma bağışlamışam, göz yummuşam. Buna görə peşman deyiləm. Bağışlamasam, peşman olardım ki, bəlkə vəziyyəti düzəldə bilərdim, etmədim. İndi sevinirəm ki, ailəmi qorumaq üçün hər şey etmişəm.
Bu sevgini bitirə biləcək problem deyildi. Sevgini bitirəcək problemləri biz yaşamışdıq. Düşünürdüm ki, bunları həll etmişik. Sevgi bir mübahisə ilə ölən bir şey deyil. Ən çox qorxduğum şey hisslərimin bitməsi, münasibətimi sonlandırmağım idi. Bu da baş verdi.
Mənim üçün sevgi çox önəmlidir. İnsanlar yazır ki, uşaqlarına xatir döz. Mən istəyirəm ki, övladlarım xoşbəxt ailədə böyüsünlər. Onun əvəzinə danışa bilmərəm ki, məni sevir, ya yox. Fikrimcə, o da məni sevmir. Bunun üçün səbəblər var. Fuad məni çox istəyib, dəyər verib. Fuad sevginin nə olduğunu bilmir. Sevgi qarşı tərəfə nəsə almaqla, harasa aparmaqla deyil. Heç nəyim olmasın, amma məni dəli kimi sevən biri olsun. Fuad bunu dərk etməyib. Münasibəti bitirən mənim sevgimin tükənməsi oldu. Bu mübahisələrə dözmək, göz yumub davam etmək istəmədim. Mənə yazdılar ki, güclü ol və sairə. Sadəcə xoşbəxt olmaq istəyirəm. Ümid edirəm Fuad da bir gün kimisə çox sevər. Bunu ona arzu edirəm.
Bunu ona arzu edirəm.
- Ailələrinizin münasibəti necə oldu?
- Atam iki il öncə rəhmətə gedib. Anam isə ailəmin dağılmasını istəməzdi. Amma nə qərar vermişəmsə, yanımda olub. Onun valideynləri çox qarşı çıxdı ki, ayrılmayın, insanların gözü sizdədir. Təbii ki, “camaat nə deyər”lə oturub-dursaq, ömrümün sonuna qədər onunla yaşamalı və özümü, xoşbəxtliyimi düşünməməli olacaqdım. Bu, yanlış fikirdir.
- Sizcə, blogerlər niyə qıcıqla qarşılanır? Deyirlər, rahat gəzirlər və sairə... Yəni, belə iradlar var.
- Bəlkə də bu sözüm bəzi blogerlərin xoşuna gəlməz. İnsanları qıcıqlandıran odur ki, onlar səhərdən axşama qədər çalışırlar, blogerlərin qazandığı pulun yarısını belə almırlar. Bu, çox normaldır. Əvvəl dövlət işində çalışırdım. Səhər gedib axşam gəlirdim, maaş məni qane etmirdi. İndi qazandığım pulun çox az hissəsi idi. Özümü o qınayanların yerinə qoyanda onlara haqq verirəm. Düzdür, biz də əziyyət çəkirik. Amma bu, bizi qınayan insanların əziyyəti qədər çox deyil. Bütün gün kompüter arxasında və sairə yerlərdə olurlar. Bizim çəkilişlər 4 saat olur və biz əylənirik. Onları qınaya bilmərəm ki, belə fikirləşirlər. Haqlıdırlar.
- Bir müddət əvvəl instaqramda “Bir kahve bin gıybet” səhifəsi ilə problem yaşamışdınız. O zaman Fuad səhifə admini olan xanıma təhqirlər yazırdı. Fikrimcə, bu bir tanınmışa yaraşmırdı. Siz necə düşünürdünüz? Sizə necə təsir göstərirdi?
- Mənə pis təsir edirdi. Göndərirdilər ki, ayıb olsun. Bir ailə idik deyə ona gələn söz, mənə də gələn söz ona dəyirdi. Mənim də nə vaxtsa ağır söz yazdığım olub. Amma əsəblə... Məsələn, mənə pis bir şey yazıb, mən ona cavab vermişəm. Sonra isə peşman olmuşam. İstəməzdim ki, Fuad belə etsin. Ümid edirəm bundan sonra etməz. Mənim kimi, kiməsə fikir verməsin, onda başı sakit olar.
“Bir kahve bin gıybet” məsələsində mən arada getdim. Heç nə etməmişdim. Problemli şəxslər hələ də kənardadı. Mənim o səhifə admini ilə bir problemim yox idi. Mən dostluqda çox fədakaram. Bunun əziyyətini həmişə çəkmişəm. Dayandığım yerdə canlı yayım açdım və hər şeyi əlimə-üzümə bulaşdırdım.
- Səhifə bağlananda üç nəfərin - Aynişan Quliyevanın, Sabinin və sizin adınız çəkildi. Əsl Asya o idi?
- O mənimlə bağlı status paylaşmışdı və Fuad bizim ortaq səhifədən onu şikayət edib sildirmişdi. Ordan onunla Fuad danışırdı, mən yox. Sonra onların arasında bir problem oldu. Amma şəkil silinəndən sonra biz həmin səhifə ilə öz münasibətimizə qayıtdıq. Sabi ilə problem yaşananda o düşündü ki, Aynişanla mən “mavi tık”lıyıq deyə şikayət etmişik. Əsla mən o səhifəyə şikayət göndərməmişdim. Bu barədə vicdanım çox rahat idi. Sabi şikayət etdi, o post silindi, öz səhifəsi də silindi. Nə Aynişanın, nə də mənim günahımız yox idi.
- Sizə fədakarlığınıza görə “çox sağ ol” dedilər?
- Demədilər. Bəzi insanlar üçün fədakarlıq, etməli olduğum bir işi idi. Soruşsaz ki, Asya bunu etdi. Deyər ki, borcu idi. Mən nəsə gözləmirəm, amma o canlı yayımdan sonra çox danlanıldım ki, sənə lazım idi? Hələ də danlayırlar.