Müsahibə
Müsahibə

“Qadınların funksiyası ana olmaqdan ibarət deyil” - Zülfiyyə Xanbabayeva

“Qadınların funksiyası ana olmaqdan ibarət deyil” - Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva OLAY-a müsahibə verib.

Sənətçi Elvin Elxan və Pərviz Hüseynin suallarını cavablandırıb. Sözügedən müsahibəni təqdim edirik:

Elvin Elxan: İstərdik ki, müsahibəyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşımınızla başlayaq. Məsələyə bir ana kimi yanaşdız, bu statusu yazmağa sizi nə vadar etdi?

- Metroda uşağın dünyaya gəlməsi çox acınacaqlı vəziyyətdir. Bunları gördükcə sual edirəm, nəyə və kimə görə? Nəyimiz çatmır? Çox dərinliyə getmək istəmirəm. Bir cümlə yazdım ki, əgər dünyaya anaların gözü ilə baxılsaydı, müharibələr olmazdı. Mənim aləmimdə ana təmənnasız, şərtsiz, sualsız övladını sevən bir varlıqdır. Onun dünyaya baxışı tamam başqa cür olur. O səbəbdən dedim ki, dünyaya anaların gözündən baxsaydılar, o körpə də metroda dünyaya gəlməzdi. 

Pərviz Hüseyn: Siz paylaşım etməklə tərəfinizi göstərdiniz. Elə sənətçilər var ki, qəlbən iki ölkədən birini dəstəkləsələr də, bunu strateji olaraq büruzə vermirlər. Sizcə bunun səbəbi nədir? Düşünürlər ki, birdən Rusiyada tədbirlər olar məni çağırmazlar, ya necə?

- Mənim ağlıma gəlmir ki, birdən nəsə paylaşaram, harasa dəvət etməzlər. İnsanın öz xarakteri, içindən gələn səs olmalıdır. Düzdür, mən də içimdən gələn səsləri bastırmışam, çox vaxt üzə çıxarmamışam. Amma elə həssas məqamlar olur, hadisələr baş verir ki, ona laqeyd yanaşmaq insanın xarakterinin olmamağı ilə əlaqəlidir. İnsan bir şəxsiyyət kimi formalaşmalıdır. O məsələləri düşünüb, post paylaşmamaq yatsam, yuxuma da gəlməz. Ümumiyyətlə, bizdə belə düşünənlər varmı? Yəqin var ki, sual ünvanlayırsınız. Çünki ağılasığmaz bir şeydir. Bunu düşünmək üçün “beyin” lazımdır.

Elvin Elxan: Yəqin ki, çox eşitmisiniz ki, Zülfiyyə Xanbabayeva gənc müğənnilər üçün bir nümunədir. Onlar yeni sənətə gələndə bildirirlər ki, Zülfiyyə xanım kimi olmaq istəyirik. Həm ailə, həm sənət baxımından nümunəvi bir şəxs olmaq üçün hansı çətinliklərdən keçmisiniz? 

- İnsan öncə nəfsini tutmalıdır. Ailəmə bağlı insanam və dəyərlər var. Elə bir zaman olmasın ki, o dəyərləri itirim, nəyisə çaşıb edim. Allah o ağılımı məndən almasın. Mən ailə üzvlərimi fikirləşmişəm, nəfsimdən keçmişəm. Nəyisə hayqırmaq istəyəndə, içimdən gələn səsi basdırmışam. Əlbəttə, çətin olub. Nəsə etmək istəmişəm, amma bir “stop”um olub. Özümü çərçivəyə salmışam. Məni özümdən başqa kimsə çərçivəyə sala bilməz. Bu tərəzidə və balansda özümü saxlamaq çətin olub. Nə olubsa da, ziyanı özümə dəyib. Ailə ilə karyeranı birləşdirmək isə elə də çətin olmayıb. Ağıllı və müdrik qadın hər şeyi bacarar. 

Pərviz Hüseyn: Ailə demişkən, qızınız Dənizdən danışaq. Boyu sizə çatıb artıq...

- Maşallah, boyu məni keçib. 14 yaşı var, amma hündürdür.

Pərviz Hüseyn: Üzünü ancaq ad günlərində siz paylaşanda görürük. Özü ictimaiyyətdən kənar qalmaq istəyir, yoxsa bu, sizin seçiminizdir? 

- Mən paylaşmaq istəyərdim. Çünki onunla şəkil paylaşanda “like” çox gəlir (gülür).

Bunu mənə qadağa edib. Daha doğrusu xahiş edib ki, məni paylaşma. Mən də paylaşmıram. Amma istəyərdim, çünki Dənizin həm fikirləri, həm özü çox dəyişib, böyüyüb. Lakin dediyinə əməl edirəm. Özüm qadağa qoymamışam. Uşaqlıq fotolarını paylaşmışam, deyir ki, onu da sil. Mən də silməyəcəyəm (gülür). 

Elvin Elxan: Görünür ki, emosional anasınız və övladınıza çox bağlısınız. El arasında bir məsəl var ki, qızını döyməyən, dizini döyər. Əfsuslar olsun ki, bu fikri dəstəkləyənlər var. Bu məsələyə münasibətinizi öyrənmək istərdik...

- Həmin fikir çox sərt səslənir. Amma nəzarət mütləq lazımdır. Deyirlər, dost olmalısan. Bəli, belə də etməliyik. Lakin mən özüm sovet tərbiyəsi görmüşəm. Təbii ki, əl qaldırmaq olmaz. Hərdən özüm üçün deyinirəm, vəssalam. Nəzarət isə mütləq olur. Dostluğun da öz yeri var, lazım olanda səsimi də yüksəldə bilərəm. Hələ az yaşından bəzi şeyləri Dənizin beyninə yeritmişdim ki, nə olar, nə olmaz. Bunu dəfələrlə demişəm, yenə də təkrarlayıram ki, bir uşağa 10 yaşına qədər tərbiyə verə bilərsən. Ondan sonra olmur. Uşaq nəyin nə olmayacağını artıq bilir. Həmin vaxtdan sonra gec olur. Tərbiyələndirmək, nəsə demək çətinləşir.

Mən Dənizə nəsə deyərəm, nəsihət verərəm. Amma zaman sürətlə keçir və hər şey dəyişir. Bir tanışımız var dedi ki, uşaq gəlib sizə nəsə desə, nəyisə danışsa, təəccüblənməyin. Mən özümü ona da hazırlamışam. Çünki zaman, dövr başqadır. Tək istəyim odur ki, azərbaycanlı qızı kimi olsun. Düzdür, fikirlərimiz bir az üst-üstə düşmür.

Elvin Elxan: Fikirləri, musiqi zövqü qərbə daha çox meyillidir?

- Bəli, onun musiqi tərzi, həmçinin virtual dostları da var. Hər şeyə başqa cür baxır. İstəyirəm ki, Dəniz mənim mahnılarımı da dinləsin (gülür). Düşünürəm ki, zaman gələcək başa düşəcək. Çünki mahnılarımda belə bir şey var ki, gərək sevəsən, seviləsən və həyatı yaşayasan ki, onları bəyənəsən. Bəzi mahnılar var ki, onları sevir. 

Elvin Elxan: Uşaqlıq dövrlərində də fərq var. Məsələn, biz o yaşda sizi dinləyirdik...

- Axı dedim, hər şey sürətlə dəyişir. İndiki zamanın uşaqları tamam başqadır. Əllərində telefon... Zaman dəyişdikcə, belə olur. Çünki hər saatın öz hökmü var. Mən də deyə bilmərəm ki, mənim zamanımda... O sözü sevmirəm. Mənə o qədər deyilib ki, o ifadəni işlətmirəm.

Pərviz Hüseyn: Mən də sizin mahnıları uşaq ikən dinləyirdim, indi yenidən qulaq asanda deyirəm ki, burda belə bir cümlə var imiş. İnsan sonradan dərk edir. 

- Zaman keçdikdən sonra başqa cür başa düşəcəksiniz. Seviləcəksiniz, nisgil, ayrılıq olacaq. Çox maraqlıdır musiqidə elə bir şey var ki, səni aparır, qaytarır. Hər zamanın öz musiqisi var. Onu eşidəndə deyirsən ki, vaxtında bu yoldan keçmişdim, sevmişdim, tərk edilmişdim. Nə yaxşı ki, musiqi var. Bir az zövqlərimiz də düzəlsə, lap əla olardı.

Pərviz Hüseyn: Sevgidən, ailə münasibətindən danışdıq. Maraqlıdır, Zülfiyyə xanım ailə münasibətlərində nəyi bağışlamaz? 

- Bəlkə siz mənə bu sualı on il əvvəl ünvanlasanız, sadalayardım. Zaman keçdikcə, yaş artdıqca, düşünürəm ki, onu da bağışlayardım, bunu da bağışlayardım. Deyə bilmərəm ki, nəyi bağışlamaram. Ümumiyyətlə, “bağışlamazdım” çox güclü səslənir. Ailə münasibətində qarşılıqlı sevgi, bir-birinə istək varsa, bir-biriləri olmadan yaşaya bilməyəcəklərsə, çox şeyləri bağışlamaq olar. Hətta xəyanəti belə...

Pərviz Hüseyn: Uzun ömürlü sevginin sirri nədir? Baxırsız, gənclər çox qısa müddət münasibət yaşayıb, ayrılır. Sanki sevgilərin ömrü azalıb. 

- Çox qısa çəkirsə, deməli, o sevgi deyilmiş. Düzdür, çox şeirlər yazılıb, musiqilər bəstələnib. Amma sevgini yaşamaq lazımdır. Sən A deyəndə, mən B deməliyəm. Bir-birini tamamlamalısan. Bizdə çox gözəl bir söz var: “Bir almanın, iki yarısı”. Hər şeydə tamamlamaq lazımdır. Düzdür, zidd olan münasibətlər də hərdən öz sözünü deyir, fikirlər haçalanır. Yenə də sonda iki insan bir nöqtədə birləşə bilir. O münasibətlərin arasında dalaşmaq, küsmək də var. Bunlar olmasa, mümkün deyil. Bunların arasında ehtiras da var. Əsl sevgi varsa, münasibət saxlanılır. Ümumiyyətlə, beş aylıq sevgi də ola bilməz. Məncə, sevgi insan bir-birini tanıdıqdan sonra yaranır. Bir baxışla sevgi ola bilməz, qarşındakını yalnız zahirən sevə bilərsən. Bir insan üç gün başqa yerdə qalıb, darıxırsa, bu sevgidir. İndiki sevgililər bir-birilərini aylarla görməsələr də, darıxmırlar. Bunu yaşamaq lazımdır. Hər bir insana gözəl sevgi arzu edirəm. Sevgi mənim üçün hər şeyin başında dayanır.

Elvin Elxan: Əslində, bu sualı yazmışdım, amma siz özünüz danışdınız. Dediniz ki, xəyanəti də bağışlayaram?

- Bağışlayaram demədim, bağışlamaq olar dedim. Amma bilmirəm, çox böyük danışmayım.

Elvin Elxan: Mən incəsənət sahəsində ailə dəyərlərinin nümunə göstərilməsini sizinlə tanıdım. Amma bizdə başqaları ailə dəyərləri ilə niyə nümunə ola bilmirlər?

- Bizim sahədə ailəsinə, övladlarına dəyər verənlər çoxdur. Bir az çətin yoldur. Məsələn, mən səhnəyə çıxanda ailəmdə elə şeylər baş verirdi ki... Deyirdim, onlara nəsə olar, mən qalaram. İndi səhnəyə çıxmaq daha asanlaşıb. Bizim zamanımızda fikirləşirdilər ki, bir müğənninin qapısına gedib, elçilik etmək necə ola bilər? İndi əksinə, valideynlər özləri övladlarına kömək edirlər. Bu sahənin adı ağırdır. Başqa sahələrdə də belə hallar baş verir. Onlar sadəcə görünmür. Başqa sahələrdə də bəhs etdiyimiz dəyərlərə qiymət verməyənlər var. Bizim peşəmiz göz qabağındadır deyə, bizdən çox danışılır. Amma bilmirəm siz kimi deyirsiniz...

Elvin Elxan: Konkret kimsə yoxdur, ümumi dedim.

- Əlbəttə, bu yolda həm ailəni, həm sənəti saxlamaq çətindir. Mənim üçün çətin olub. Ailəmdə bizə nəyin xoş gəlib, gəlməyəcəyini bilirəm. Bu gün mənə göstəriş verə bilməzlər ki, bunu elə geyinmə, belə geyin. Çünki artıq bilirəm, nə olar, nə olmaz. “Olmaz” sözü də deməyək, öz hisslərimə, ağlıma güvənirəm. Kiminsə mənə irad tutmağını sevmirəm. Əlbəttə, mənim də səhvlərim olub. Amma düzəltməyə çalışmışam. Müdriklik başqa şeydir. Özümü təriflədim (gülür).

Pərviz Hüseyn: Bizim cəmiyyətdə belə bir fikir formalaşıb ki, qadın ana olmaq üçün yaranıb, analar da qızlarını tərbiyə edəndə evlənməyə meyilləndirməlidir. Sizcə qadının funksiyası tək ana olmaqdır?

- Əlbəttə xeyr! Mən qızıma indidən deyirəm ki, savadlı ol. Düşünürəm ki, qızım bir işdə öz pulunu qazanmalıdır. Hətta o qədər həmin sözü demişəm ki, qorxuram uşaq fikirləşsin ki, niyə bu qədər söyləyir. Ana olmaq qadının taleyidir. Gənc qızları görəndə düşünürəm ki, mütləq öz işi, büdcəsi olmalı, pulunu qazanmalıdır. Az ya da çox ola bilər. İndiki zamanda qadınların funksiyası ana olmaqdan ibarət deyil.

Elvin Elxan: Bu gün sizi başqa cür kəşf edirəm.

- Siz məni gözünüzdə o qədər də böyütməyin (gülür).

Elvin Elxan: Siz müasirlikdən danışdınız. Təəsüf ki, mədəniyyət adamlarının  övladları ilə bağlı heç də yaxşı olmayan açıqlamaları gündəm olur. Bir növ övladlarının seçimlərinə qarışdıqlarını söyləyirlər. Məsələn, bəziləri deyir ki, oğlumu müğənni ilə ailə qurmağa qoymaram...

- Həmin müğənniyə sual vermək lazımdır ki, bəs sizinlə niyə evləniblər? Niyə öz sənətimizi alçaldıb deməliyik ki, övladımı müğənni olmağa qoymaram, müğənni ilə evlənməsinə icazə vermərəm, müğənninin qapısını döymərəm. Bunu deməklə, özümüzü alçaldırıq. Dünyanın ən gözəl sənətini icra edən insanların hisslərinə toxunurlar. Dünyada müğənni olmaqdan gözəl nə var? Hətta həkimlər öz əməliyyatlarını musiqi fonunda keçirirlər. Onu deyən adamları heç vaxt başa düşməmişəm. Müğənni də deyəndə mənə heç xoş gəlmir.

Elvin Elxan: İnsan əvvəlcə öz sənətini sevməlidir. 

- Əlbəttə! Deməli o insanda sevgisizlik var.

Pərviz Hüseyn: Bilirsiz, sosial şəbəkələrdə şiddətə meyilli xəbər səhifələri var. Əsasən gündəmdə qadına qarşı şiddəti saxlayırlar. Yaxud da televiziyada sosial verilişlərdə də bu mövzuların müzakirəsini izləyirik. Sizcə, Azərbaycanda ailə institutu inkişaf etməlidir, yoxsa televiziyalar funksiyasnı dəyişməlidir ki, insanlara qadına şiddət aşılanmasın?

- Efirlərdə elə şeylər göstərirlər ki, mən ona qarşıyam. Bir də görürsən aparıcılar qadını necə alçaldırlar. Nə günahı olsa da, bir qadınla belə danışmaq olmaz. Onu milyonların qarşısında alçatmaq olmaz. Bunun özü də şiddətdir. Zorakılıq tək döyməklə olmur. Bir sözü də deyəndə onu intihara sürükləmək olar. Hər şeyin ölçüsü yaxşıdır. Ölçüdən kənara çıxanda ifrat dərəcədə olur. Qadının səsini kəsmək olmaz. Atatürk deyib ki, dünyada sahib olduğumuz bütün şeylər qadının əməlidir. Qadın böyük qüvvədir. Dünyaya insan gətirir. Bundan böyük nə ola bilər? O güclü olduğu qədər zərifdir də. Kişi onsuz da güclü sayılır. Bir yumruqla qadını yerə sərə bilər. Niyə o gücü qadında sınamalısan? Fikirləşirəm ki, qadınlarımız da artıq güclənib.

Elvin Elxan: Televiziyalardan danışdıq. Sizi də az-az görürük efirlərdə. Seçicisiniz. Bunun səbəbini hamımız bilirik. Ya proqram ürəyinizcə olmur, ya da başqa səbəb. Amma televiziya əməkdaşları da həmişə sanballı ifaçıları misal göstərib deyirlər ki, onlar gəlmədikləri üçün biz də boşluqları doldururuq, ona görə televiziya bu günə düşür. Sizin bu məsələyə münasibətiniz? 

- Mən bu haqda çox danışmışam. Azlıq çoxluğa tabedir. İstəmirəm deyingən olum. Biz bu duruma illərdir gəldik. Bir ya da iki günün söhbəti deyil. Çoxdandır belədir. Mən belə başa düşürəm ki, tamaşaçı nə istəyirsə, efir də onu göstərir. Günahı tamaşaçıda görürəm. Bu gün onlar nə istəyirsə, hansı musiqini dinləyirsə, aparıcılar da onları dəvət edir. 

Elvin Elxan: Zülfiyyə xanım tamaşaçıdan küsüb?

- Xeyr, küsməmişəm. Məni hər kəs sevə bilməz. Öz kütləm, dinləyicim var. Bu da məni qane edir. 

Pərviz Hüseyn: Sonuncu dəfə Murad Arifin “Popumuz var” verilişində Cavanşir Quliyev qonaq olmuşdu. Orda sizin mahnınız səsləndirildi...

- Bildim nəyi deyirsiz, izləmişəm. Cavanşir müəllim nə deyirsə, düz deyir, ona salamlarımı çatdırıram. Sözünü demiş insandır, məktəbimizdir. Düzdür, mən Vaqif Gərayzadə məktəbi keçmişəm. Amma Cavanşir müəllimlə bir neçə mahnımız olub, mənə də bu xoşbəxtliyi nəsib edib. Əlbəttə, dəb halını almış mahnılar var. Bu gün onu Vaqif Gərayzadə musiqisi ilə müqayisə edə bilmərəm. Məsələn, “Melancholia” oxuyanda özüm də təəccüblənmişdim ki, nə qədər sevildi. Zamanın nəbzini tutub, gənclərlə çalışmağı sevirəm. Cavanşir müəllim başqa pəncərədən baxdı, bir az iradını bildirdi. O başqa cür baxır. Tamamilə ciddi musiqi ilə məşğuldur. Bu da o demək deyil ki, bizim ifa etdiyimiz, aranjiman olunan musiqilərə ciddi yanaşmıram. Sadəcə zamanın nəbzini tutmaq istəyirəm. Bir yerdə də dura bilmərəm. 

Elvin Elxan: Keyfiyyətli musiqiçilər deyəndə ilk ağıla gələnlərdənsiz. Bizim keyfiyyətli musiqiçilərin əksəriyyəti də toy bazarındadır. Sizi isə toylarda az görürük. Bəlkə də varsız, nümayiş olunmur.

- Mən buna normal baxıram. İndi toy bazarı olmasa, baxın, musiqiçilərin halı necə olar? Toylara heç getmədiyim vaxtlarda belə kimsəni qınamamışam. Bunu səhnəyə gətirməmişəm və bar-bar bağırmamışam. Düşünürəm ki, bir az yaxşılığa doğru gedib. Çünki el şənliklərində gözəl musiqilər səslənə bilir. Amma toy böyük səhnə deyil. Təbii məclisi idarə etmək də çətindir. O zamanlar bunun haqqında bir şey deməmişəmsə, indi də demirəm. Yaxşı ki, el şənlikləri var, musiqiçilər dolana bilir. Çünki böyük konsertlər yoxdur. Çox uzağa getməyək, Türkiyədən müğənnilər gəlirlər. Onlara verilən qonorarı buradakı müğənnilərə vermirlər. Niyə? Bizim bir mahnımız belə orada radioda səslənmir. Niyə bizdə bütün gün türk mahnıları səslənir? Siz bilirsiz ki, bizdən Türkiyəyə gedən müğənnilərimiz də oldu. Yaxşı vəsait xərclədilər. Amma onlar radiolarda mahnıları qoymurlar. Onlara da irad bildirə bilmərəm, deyir, mənim bazarımdır imkan vermirəm. Bizdə hər yerdə onların musiqiləri səslənir. Yaxşı qonorar da onlara verilir.

Pərviz Hüseyn: Hətta bəzi radiolar keyfiyyətli musiqi səsləndirən gənc ifaçılardan da külli miqdarda pul istəyir...

- Radiolarımıza, televiziyalara deyirəm, istedadlıya kömək edin. İstedadsızlar özlərinə yol tapıb gedəcəklər. Əgər istedadı var, amma imkan yoxdursa, dəstək olun. Onda biz irəli gedə bilirik. İstedadlı gənclərdən pul istəyib, mahnılarını efirdə səsləndirmək olmaz. Burdan səslənirəm, belə etməyin!

FOTO/VİDEO: Nuran Məmmədov