Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksan Rəsulova birlikdə yeni filmə çəkilirlər.
Bu barədə sosial media hesabında Elcan Rəsulov məlumat verib. O bildirib ki, film 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda çəkilir. Qış aylarında yerli kinoteatrlarda sizə təqdim olunacaq.
OLAY-ın məlumatına görə, sözügedən ekran işi “Perfect Strangers”in yerli adaptasiyası olacaq.
Qeyd edək ki, Paulo Cenevisin çoxsaylı mükafatlara layiq görülmüş komediyası müasir texnologiya əsrində “Özümüzə yaxın olanları nə dərəcədə yaxşı tanıyırıq” sualını ortaya çıxarır.
Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
Onu da bildirək ki, filmin ssenari müəllifi Fariz Əliyev, rejissoru Vüsal Hacıqədirdir.