“Əzəldən taksi şirkətlərinin məntiqi bu idi ki, hər bir avtomobil sahibi işdən sonra, yaxud sərbəst vaxtlarında taksi kimi işləyib, 5-10 manat çörək pulu qazansın. Bizdə bu startap çox iyrənc bir formada inkişaf etdi. Necə? Sahibkar 50-100 ədəd “Prius” alır, işsiz gəncləri yığır və hərəsinə qəpik-quruş verib bolluca işlədir. Daha doğrusu, istismar edir”.
OLAY yazır ki, bu sözləri aparıcı Azər Qərib sosial şəbəkə hesabında qeyd edib.
O, bildirib ki, fikirlərini ümumiləşdirmir:
“Əksər hallarda gördüyümüz odur ki, həmin sürücülər şəhəri tanımırlar, sərinkeşi yandırmaq, yaxud musiqinin səsini almaq xahişləri az qala aqressiya ilə qarşılanır, avtomobili idarə edərkən votsapda yazışırlar, maşın “itin gün”ündə, adam iyrənir oturmağa, yol qaydalarına məhəl qoymurlar və ən acınacaqlı məqam bəzi hallarda “hallı” olurlar. Yəni açıq-aşkar görürsən ki, bu sürücü konkret olaraq hansısa narkotik vasitəsinin təsiri altındadır. Mən tam aydın bilirəm ki, bəzi izləyicilərim “zato ucuzdur, imkan verin adam 5-10 qəpik pul qazansın” kimi rəylər yazacaqlar.
Ümumiyətlə bizdə belə bir tendensiya var ki, səhlənkarlığa, antisanitariyaya, nizamsızlığa, mədəniyətsizliyə və digər xoşagəlməz hallara bəraət qazandırmaq istəyirik bu məntiqlə. Lakin söhbət kiminsə qazancından deyil, bizim təhlükəsizliyimizdən gedir. Sürücülük vəsiqəsi olmayandan tutmuş, narkoloji siyahıda olanlara qədər - axı bunlar necə sürücü kimi işə qəbul olunurlar?
Məgər hər birimiz taksi şirkətlərindən birinin sürücülərinin özbaşınalığlarını görmürükmü? Onsuz da Bakıda yol hərəkəti xaos cizgilərini almaqda davam edir, üstəlik bunların “bespredeli”. Mənim yanaşmam belədir ki, madəm kimsə 50-100 dənə maşın alıb onları taksi kimi işlədirsə, bu, artıq taksoparkdır. Taksoparkın isə öz qaydaları var, hər halda əvvəllər belə idi. Həkimi olur, marşruta çıxanları yoxlayır, “dispetçer”i olur, maşınların təmizliyinə və texniki vəziyətinə nəzarət edir, sürücülər şəhəri tanımaq üzrə imtahan verirlər və s.
Eyni zamanda, sürücülərin hüquqları qorunur, iş günü, bazar günü, məzuniyət və s. Mən evdə oturub əlavə saatlarda işləyə bilərəm, amma sürücü gözü yumulana qədər işləməməlidir, biz onlara həyatımızı etibar edirik. Ölkədə bir çox yol qəzalarının səbəbi məhz sürücülərin yorğun olmasıdır. Çünki nəzarət yoxdur, xaricdə xüsusi avadanlıq quraşdırılır sərnişin daşıyan maşınlara, artıq saat işləsən mator sönür. Nə isə, növbəti dəfə “Ödəniş kartla olacaqsa, imtina edin” zəngini alıb əsəbləşdim”.