Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva yeni klipini təqdim edib.
OLAY yazır ki, tanınmış aşıq “Misridən cəngiyə” instrumental saz havası üçün sazəndə tələbələri ilə kamera qarşısına keçib.
Sözügedən layihə Əməkdar incəsənət xadimi, rejissor Ülviyyə Könül tərəfindən lentə alınıb.
Samirə yeni işi ilə bağlı təəssüratlarını bölüşüb:
“Xalqın sevgisi, dövlətin qayğısı milli musiqi sərvətimiz olan aşıq sənətinin inkişafı üçün bizə hər bir şərait yaradır. Mən də istər böyük səhnələrdə, istər təhsildə, istərsə də, el şənliklərində bu sənəti layiqincə təbliğ etməyə çalışmışam. Əlbəttə ki, bundan sonra da çalışacağam. Bütün layihələrimi aşıq sənətinin ifaçılıq qaydalarına xələl gətirmədən təqdim etmək mənim üçün çox önəmlidir. Bu dəfə qarşınıza solo, duet deyil, böyük qrupla çıxıram. Düşünürəm ki, çağdaş aşıq sənətinin inkişafına bu ifa ilə töhfə verəcəyik. Qrupda olan tələbələrim başda olmaqla, bütün gənc aşıqlarımıza bu sənəti seçdikləri, sevdikləri üçün xüsusi təşəkkür edirəm. Yaşasın, Azərbaycan və aşıq sənəti”.
Ekran işində S. Əliyeva Bakı Milli Geyim Evindən olan geyimlərdən istifadə edib. “Misridən cəngiyə”nin aranjımanı Taleh Ağayevə həvalə edilib. Klip S. Əliyevanın “Youtube” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, layihənin prodüseri Sərxan Baxşəliyevdir.