Müsahibə
Müsahibə

“Kamil zəng edir ki, qızım partada düz əyləşməyib” - Gülay

“Kamil zəng edir ki, qızım partada düz əyləşməyib” - Gülay

Müğənni Gülay Zeynallının OLAY-a müsahibəsi:

- Bir müddət öncə koronavirusa yoluxmuşduz. Xəstəlik dönəmini necə keçirdiniz? 

- “Covid 19” testim pozitiv çıxmazdan əvvəl “İmam ehsanı” verirdim. Məclisdə əksəriyyət yaşlı qadın idi. Orada bir az narahat oldum. Evə gəldim, həkim söylədi ki, cavab pozitivdir. Mən də ağlamağa başladım. O da elə bildi ki, öz canımın dərdindəyəm. Amma narahat idim ki, həmin yaşlı xanımları yoluxdurmuş olaram. Çox şükür belə bir hal olmadı, mən də yüngül keçirdim. Ümumiyyətlə, karantin dövründə həyata daha fərqli baxmağa başladım. İnsanları, dost-yaxın bildiklərimi tanıdım. Beş günlük həyatdır, insan yalnız yaxşılıq etməlidir. 

- Karantin dövründə nə dəyişdi ki, dostlarınızı daha yaxından tanımalı olduz?

- Həmişə söyləmişəm ki, bir kəsə möhtac olduğum gün öldüyüm gündür. Bəzən yaxın bildiyin insandan nəsə gözləyirsən. Lakin olmur. Allah adamın ailəsinə dəyməsin.

- Əksər həmkarınız instaqramda “mavi tık” alıb. Siz hesabınızı, paylaşımları şərhlərə bağlamısınız. Nədən qorxursunuz?

- Tək Allahdan qorxuram. İnstaqram hesabı hər insanın öz televiziyasıdır. Kiməsə ətraflı müsahibə verməyinə ehtiyac yoxdur, bir canlı yayım açırsan, xeyli sayda insan tərəfindən izlənir. Mənə deyirlər ki, Gülay, səhifəni aç, sonra “mavi tık” al.  İnanın ki, onun həvəsində deyiləm. İnşallah izləyici sayım 1 milyon olanda açaram. Orada dostluq təkliflərini mən qəbul edirəm. Tanınmışların çoxu izləmək üçün istək göndərirlər. Bəlkə də elə bilirlər ki, hesabı başqası idarə edir. Dostluq atıb, sonra “unfollow” edirlər. Əsas odur ki, izləyicilərim realdır. 

- “Mavi tık” üçün 10 min dollar verənlər də var...

- Mənim o qədər pulum yoxdur. Heç 10 min dolları bir yerdə  görməmişəm. Ona ayırdığım pulu daha vacib işə yatıra  bilərəm. 

- Günay İbrahimli, Sevda Yahyayeva, Zamiq Hüseynov və Ayaz Qasımovla eyni dövrün sənətçilərisiniz. Sizə elə gəlmirmi ki, son dövrlər onları geridə qoymusunuz?

- Əlimdən gələni edirəm, hər zaman işinin peşəkarları ilə çalışıram. Hardasa 4-5 ildir yaxşı işlər görmək üçün cəhd göstərirəm. Bir mahnı çıxsın, amma yaxşı olsun deyə fikirləşirəm. Gerisi dinləyicilərdən asılıdır. Sadaladığınız  insanlar sənət dostlarımdır, hamısı ilə yaxşı münasibətim var.  Kimin irəli, yaxud da geri getməsi qismətlə əlaqəlidir. Məsələn, “Doya-doya” mahnısını yazdırdıq, xeyli baxış gəldi, dinlənildi. Mən hansısa işi planla etmirəm. Qarşıdan qış fəsli gəlir iki mahnı təqdim edəcəm. Hər ikisi də oynaq mahnıdır, bilirəm ki, seviləcəklər. Onları yayın istisində yayımlamalıydım, amma ürəyim belə istədi.

- Sizcə, geridə qalmaqlarının səbəb pul xərcələmək istəməməkləri ola bilərmi? Hər şeyi “barter”dən həll etmək istəyirlər. Bildiyim qədərilə siz “Doya-doya” mahnısına 10 min manata yaxın pul xərcləmisiniz...

- Klip çəkilişi, mahnının hazırlanması ilə birgə o qədər xərc çıxdı. Hər seçim insanın özündən asılıdır. “Barter” işi ümumiyyətlə, mənlik deyil. Misal üçün 3 verilişə deyil, birinə gedərəm. Normal geyinərəm, sadəcə bir mahnı oxuyaram. Hər gün  bir efirdə olmağım, yeni mahnı çıxarmağım şərt deyil. İnstaqram hesabımda işlədiyim bir neçə  mağaza var. Kim necə istəyirsə, elə etsin. Lakin mənim baxış tərzim budur. “Barter”lə iş görməyi xoşlamıram.

- Sizi həmişə tarzən Humay Qədimova və müğənni Zenfira İbrahimova ilə bir yerdə görürdük. Lakin sosial şəbəkələrdə sizi o iki məşhur xanıma yaraşdırmırlar. Bildirirdilər ki, tamam fərqli insanlarsınız. Necə olur ki, fərqli insanlar yaxın dost ola bilir? 

- Biz üçümüz də  Asəf Zeynallı adına Musiqi Kollecində, sonra Konservatoriyada təhsil almışıq. Birgə çalışdığımız, pul qazandığımız  vaxtlar olub. İnsan yaşa dolduqca həyata baxışı dəyişir, hamı eyni cür dərk etmir. Biz üçümüz də eyni anda sənətə başlamışıq. Zenfira tamam başqa janrı seçdi. Bəzən Humaya deyirəm ki, gedək bir yerdə oturaq. İstəmir, “yox” deyir. Bu gün öz işimizə görə, görüşə bilmirik. Zenfiranın iki övladı var, qızı üniversitetə hazırlaşacaq. Mənim qızım da məktəbə gedir, onunla maraqlanıram. Humayın sənətdən əlavə bir işi var, onunla məşğuldur. İnsan yaşa dolduqca özünə qapanır, yalnız özünü və özününküləri düşünür. 

- Müğənni Samir Bağırov açıqlama verdi ki, şou-biznesdə dostluq yoxdur. Halbuki, o, Aygün Kazımova, Brilliant Dadaşova kimi sənətçilərlə dostluq edirdi. Siz də dostluqdan bəhs etdiniz, amma əksəriyyətdə həmin fikir formalaşıb. Bu məsələyə münasibətiniz necədir?

- Samir bizə yaxın olan sənət yoldaşımızdır.  Amma mənim üçün hər bir həmkarım qiymətlidir, gözəl insandır. Yalan danışa bilmərəm ki, kiməsə zəng edib, görüşə dəvət edirəm. Ola bilər kimsə kiminləsə dostluq edir. Lakin bizdə belə bir şey yoxdur.

- İnstaqramda məşhurlar həddən artıq fotoşop edirlər. Hətta bəzən yaşlı sənətçilər, Xalq artistləri də fotoşoplu fotolarını paylaşırlar. Bu kompleksli olmaq nədən irəlir gəlir?

- İnstaqramda “story” çəkəndə avtomatik "filtreler"dən istifadə edirik. Təki Allah bizə ömür versin, 60-70 yaşına gedib çıxaq. Fotoşop edən insanların kompleksi ola bilər. Mən isə üzümdəki qırışları görmək istəyirəm. Onun da öz gözəlliyi var. 

- Pandemiya dövründə toysuz qaldınız. Zaman-zaman məşhurlaırn gileyləndiyini, maşınlarını, yaxud da evlərini satdıqlarını  eşitdik. Sizdə vəziyyət necə oldu?

- Çox şükür evimi, yaxud da maşınımı satmadım. Amma iş görə bilmədim. Klip çəkdirib, fotosessiya etdirmədim. Çünki ehtiyac yox idi, sabah nə olacağını bilmirdik. Lakin ac-susuz qalmadım, hər zaman dar günümü düşünürəm. 

 

- Yəqin kənara pul atmışdınız...

- Hə...

- Qeyd etdiniz ki, övladınıza vaxt ayırırsınız. Elə qızınızla bağlı sual ünvanlamaq istərdim. Valideynlər qız övladlarını böyüdərkən “Gələcəyin anasıdır”, “Qızın yeri ev, mətbəxdir” kimi məsəllər çəkərək uşaq psixologiyasına təsir göstərirlər. Siz Sahiləni necə tərbiyə edirsiniz? Daha azad mühitdəmi böyütmək istəyirsiniz? Yoxsa mühafizəkarsınız?

- Kamil (Kamil Zeynallı- red) də, mən də tanınmış olmağımıza baxmayaraq, övladımıza qarşı ciddiyik. Həmin misalları çəkmirik, yaşadıqca öyrədirəm. Məsələn, zibil yeşiyində çörək və sair axtaran adam görəndə deyirəm, bax, zamanında təhsil almadığı üçün belə olub. Sahilənin təhsil aldığı məktəbin sinifində kamera var. Kamil çəkilişdə belə olsa, onu izləyir, zəng edir ki, qızın partada düz əyləşməyib, müəllimlə əlaqə saxla de.  Toyda, el şənliklərində 1 saat dayanmadan oxuyuram, bir nəfərə deyirəm ki, zəng et gör, qızım nə edir, yemək yeyirmi. Bir işimi görüb bitirdikdən sonra evə qaçıram, övladımı müəllim yanına aparıram. Ana olmaq, o məsuliyyəti daşımaq, mənə sənətimdən daha çox zövq verir.

- Belə başa düşdüm ki, hər an sənətdən tamamilə gedə bilərsiniz. 

- Sənətimi çox sevirəm. Bu sahədə ailəmlə birgə əziyyət çəkdim. Birdən-birə məşhur olmaq istəyirəm demədim, mənim aili təhsilim var, sənətkarların tələbəsi olmuşam. İnsanların sevgisini, hörmətini qazanmışam. Çox vaxt  düşünürəm ki, daha az vaxt sərf edəcəyim bir işim olsa, sevə-sevə sənətdən gedərdim. Bunu da qızım üçün edərdim. Onunla daha çox vaxt keçirmək istəyərəm. 

- Qızınızın yerinə qərar verirsiniz? Yoxsa yaşı az da olsa, ona bir şəxsiyyət kimi baxıb, seçimlərinə hörmət edirsiniz?

- Məsələn, qızım məktəbdə, müəllim yanında olanda ona nəsə almağa gedirəm. Zəng edib soruşuram ki, qızım, filan ayaqqabını görmüşəm, alıram. Biz onu tamam başqa cür böyütmüşük. Sadəcə qızıma məsləhət verirəm, hələ 9 yaşı var. Vaxt tez keçir, əvvəl saçını əyilib hörürdüm. İndi baxıram ki, mənimlə eyni boydadır. Nəsə soruşur, deyirəm, ürəyin istəyirsə, edək, amma əksi olsa, daha yaxşıdır. O da sözümə baxır, sağolsun. 

- Həmişə müəyyən bir çərçivədə olduğunuzu söyləmisiniz. Lakin incəsənət adamı necə bir çərçivədə ola bilər? 

- Bu çərçivə özümə qoyduğum qanundur. Özüm istəmişəm və belə etmişəm,  qız uşağı böyüdürəm. Bununla yanaşı, anam, ailəli bacım, onun övladları var. Sənət adamıyam deyə səhnədə tullanıb-düşüm. Bəs ailəm necə olacaq? Zatən bu çərçivədə istədiyim şeylərə nail olub, arzuladığım yerə gəlib-çıxıram, gələcəm də. İnsan həyatda  məqsədlə yaşamalıdır, planla yox. Gələcəyim, yaşayışım belə olmalıdır deyə düşünürəm. Geri getməməliyəm, irəliyə addımlamalıyam. Ağlım başımda, sənətim yerindədir. O çərçivəni də yaxınlarımı, ailəmi düşünərək yaratmışam. Kimsə açıq geyinə bilər, bu, onun şəxsi işidir. Mən isə abırla geyinmək istəyirəm. 

 

- Bir mif formalaşıb ki Gülayın pulu var, bahalı geyinir, yaxşı həyat tərzi sürür. Bu niyə belədir?

- Vallah karantin girəndən, özümə nə çanta almışam, nə də ayaqqabı. İnşallah toylar başlayacaq, evimə gəlir gələcək, sonra alacam. Yeməyimdən, övladımın təhsilindən, sənətimdən kəsib nəsə almamışam. “Gülayın əynində bahalı paltar var” desinlər deyə borca da girmərəm. Kimsəyə borcum yoxdur. Pulum olanda istəyərəm, gedib alaram. Lakin pandemiya dövründə nəsə  almamışam. Deyək ki, gedib çanta aldım, onunla hara gedəcəm?! Toy da yoxdur. Bilmirəm, insanlar niyə belə düşünürlər. Elə sənət insanları var ki, toy oldu-olmadı, gündə bir şey alır.  Məndən də gözəl geyinirlər. Nədənsə son illər məndən danışırlar.

- Muğam ifaçılarnın əksəriyyəti pedaqoq kimi fəaliyyət göstərirlər. Belə bir fikriniz varmı?

- Bir müddət Bakıda müəllim kimi çalışdım. Sonra gördüm ki, vaxtla bağlı alınmır. Məktəbə gələn uşaqların əskəriyyəti məni istəyirdi. Bacım  deyir ki, pedaqoq olmaq lazımdır. Deyirəm, hələ ürəyimdən keçmir. Bəlkə də səhv  düşüncədir.

- Fəxri ad Gülay üçün nə önəm daşıyır?

- Böyük əhəmiyyət kəsb edir. Sənətçiyə verilən qiymət, stimuldur. Məsələn, idmançı qalib olur, medala layiq görülür. Yəni bu da bir növ mükafatdır. Yəqin ki, nə vaxtsa məsləhət bilsələr, olar.

- Sizcə bir ifaçı üçün təhsil önəmlidirmi?

- Əlbəttə, çox mühümdür. Mənim musiqi təhsilim var, notları bilirəm. Studiyaya girəndə, bəstəkar deyir, mahnının bu hissəsində notu səhv oxumusan.

Deyirəm, pianoda ifa et, onun əlinə baxmışam göz yaddaşımda saxlamışam, elə oxumuşam. Ali təhsilin nəyi pisdir ki? Məsələn, dövlət tədbirlərinə gedəndə tək müğənni Gülay Zeynallı yazılmır, təhsil aldığım məktəb, kollec və konservatoriya da qeyd olunur. Arif Babayev, Canəli Əkbərov kimi sənətkarlar müəllimim olub. 

- Son klipləriniz haqda şərh yazırlar ki, Gülay xanım həyatda belə deyil, burada daha yaşlı görünür.

- Bir dəfə rayona toya getdim. Mən də makiyajı heç sevmirəm, gündəlik rahat geyinirəm. Sport geyimdə toy evinə getdim, qapıya yaxınlaşdım, hazırlaşmağa gedirdim. Qız anası dedi, mənim toyumu bu uşaq oxuya bilməz, tez başqasını çağırın. Efirdə tamam başqayam, həyatda fərqliyəm. Dedim, ay xanım, imkan verin  əziyyət çəkib yol gəlmişəm, toyu bəyənməsən qayıdaram. Amma oxudum, pulumu da aldım. Bu makiyajdan, geyimdən qaynaqlana bilər. Bakı balaca şəhərdir, hamı bir-birini görür. Mən Ceylo, ya da Ancelina Coli deyiləm ki, kimsə görmür. Evimin zibilini belə özüm atıram. Ola bilər deyirlər, həyatda fərqlidir.  Hələ də klipdir, günlərlə hazırlıq gedir.