Bu gün Xalq artisti İlhamə Quliyevanın ölümündən 6 il ötür.
OLAY yazır ki, mərhum müğənni 2016-cı ildə tromboemboliyadan vəfat edib.
İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.
Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub.
1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.
Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.
İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı hətta həyat yoldaşının soyadını - Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
İlhamə Quliyevanın 2016-cı il fevralın 25-də səhər saatlarında vəziyyəti qəfildən pisləşib. Müğənninin evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq gec olub. Fevralın 26-da İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.
Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib.
Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.
Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.
İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarını alıb. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülüb.