Ukraynadakı striminq platformaları rusiyalı aktyor Yuri Kolokolnikovun iştirakı ilə olan filmləri və serialları kütləvi şəkildə kataloqlarından silməyə başlayıblar.
OLAY yazır ki, bu barədə RIA Novosti, “Obşçestvennoe” telekanalına istinadən məlumat yayıb.
“Политика страны” Telegram kanalının yazdığına görə, silinən layihələr arasında “Game of Thrones” serialının 4-cü mövsümü (Kolokolnikov burada vəhşi qəbilə üzvü Stir rolunu oynamışdı), “The White Lotus” serialının 3-cü mövsümü, həmçinin Kristofer Nolanın “Dovod” filmi və Marvel studiyasının “Kraven the Hunter” ekran işi də var.
Bu qərar, Ukraynanın Mədəniyyət Nazirliyinin 21 avqust 2025-ci il tarixli sərəncamına əsaslanır. Həmin sənədə görə, Kolokolnikov “Kinematoqrafiya haqqında Qanuna uyğun olaraq fəaliyyəti məhdudlaşdırılmış mədəniyyət xadimləri siyahısına” daxil edilib.
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) həmin vaxt bildirmişdi ki, aktyor Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləməyib və Rusiya ərazisində fəaliyyətini davam etdirib. Buna görə onun fəaliyyəti Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilib.
Mədəniyyət Nazirliyinin bu “qara siyahısı” 2015-ci ildən mövcuddur. O vaxtdan bəri siyahıya Rusiyanın Ukraynaya qarşı siyasətini açıq şəkildə dəstəkləyən 200-dən çox mədəniyyət xadimi daxil edilib. Siyahıda olanlar arasında Nadejda Babkina, Sergey Bezrukov, Fyodor Bondarçuk, Mixail Boyarski, Jerar Depardye, Sergey Drujko, Aleksandr Duqin və Anna Semyonoviç də var.