Tina Törnerin oğlu Ayk Törner Cunior narkotik saxlamaqda və dəlilləri saxtalaşdırmaqda ittiham olunur.
OLAY yazır ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilir ki, mərhum müğənninin oğlu anasının ölümündən bir neçə həftə əvvəl həbs edilərək Texas həbsxanasına göndərilib. Sənədlərə görə, məşhur varis mayın 6-da 70 min dollar girov ödəmədən Brazoriya qraflığının həbsxanasına yerləşdirilib.
Aydın olur ki, həbs olunan gün polis Cunioru işıqforda təhlükəsizlik qaydalarını pozduğuna görə saxlayıb, onun avtomobilinin farasının yanmadığını deyib. Daha sonra polis onun daşıdığı narkotikdən istifadə etməyə çalışdığını görüb və həmin maddələri müsadirə edib.
Cunior Tina və Ayk Törnerin övladlığa götürülmüş oğludur. Mərhum müğənninin keçmiş əri də narkotik maddə saxladığı üçün həbsxanada idi. O, 2007-ci ildə həddindən artıq narkotik qəbulundan dünyasını dəyişib.
Qeyd edək ki, Tina Törner 83 yaşında 24 mayda vəfat edib. Sənətçi uzun sürən xəstəlikdən dünyasını dəyişib.