“Mənim uşaqlığım pis dövrə düşdü, 1990-cı illər idi. Onda da ölkədə xaoitik vəziyyət idi. Ürəkaçan uşaqlığımız olmayıb”.
OLAY yazır ki, bu sözləri “Mən” layihəsində akyor Hikmət Rəhimov deyib. O, uşaqlıq illərindən söz açıb:
“Yeni Günəşli qəsəbəsi təzə salınırdı, ora məcburi köçkünlərin gəlməyi, çörək mağazalarında saatlarla növbə, insanların çörək maşınına qaçmağı... Onda indiki uşaqların oynadığı oyunlar da yox idi. Bizim nəslin uşaqları travmalı olub, çünki uşaq uşaqlığını etməlidir. Amma vəziyyət pis idi. Böyüklər rahat olmayandq uşaqlar uşaqlığını edə bilmir.
Valideynlər də çörək uğrunda mübarizə aparırdı. Çörək maşını gəlirdi, hamı qaçırdı ki, tez çörək əldə etsin. O böyüklər uşaqlara sevgi və qayğı ilə yanaşa bilməzdi. Onlar düşünürdülər ki, çörək əldə edək, uşaqların qarnı tox olsun. Bəlkə düşünərlər ki, bu yəqin Suriyada, ya da Əfqanıstanda olub. Yox, Yeni Günəşlidə yaşamışam, növbədə dayanıb çörək alırdım. Sonra yavaş-yavaş vəziyyət düzəldi. Mən üç məktəb dəyişmişəm, bu heç yaxşı şey deyil. Bir yerə öyrəşirsən, orada sinif yoldaşın olur. Sonra başqa yerə öyrəşirsən və yenə dəyişirsən. Bunlar təcrübə idi və emosional olaraq insanın ruhuna, varlığlına hopur”.