Fotosessiya
Fotosessiya

“Bu azadlıq məni boğur...”

“Bu azadlıq məni boğur...”

“Mən uzaq səfərə çıxanda anam çox nigaran olurdu, bütün analar kimi. Amma son illər bu nigarançılığa qorxu da əlavə olunmuşdu. Qocalmışdı, ağrayırdı, qorxurdu ki, bir şey olsa uşaqlarından heç kəs yanında olmayacaq. Ona görə uzun səfər olanda ya bacım, ya qardaşım xaricdən gəlirdilər ki, o rahat olsun. Amma qısa səfərlərimdə tək qalırdı, gözlərindəki qorxunu gizlədə bilmirdi. Deyirdim, “Ay ana, nəvələrin burda, sənə baxan xanım yanında, bütün şərait var, darıxma, tez gələcəm, heç hiss etməyəcəksən”. Oralara çatan kimi və buralara qayıdan kimi ilk zəngim isə anama olurdu”.

OLAY yazır ki, bu sözləri aparıcı Azər Qərib sosial şəbəkə hesabında paylaşıb.

O, ötən ilin yanvarında vəfat edən anasının ad günü olduğunu bildirib:

“Hər gün ona zəng edib hal-əhval tuturdum, öz növbəmdə mən də çox nigaran olurdum. İndi isə azadam, nə gedəndə zəng etməliyəm, nə gələndə, nə vaxt istəyirəm gedirəm, nə vaxt istəyirəm gəlirəm, istəyirəm bir aylıq gedirəm, istəyirəm 3 günlük. Azadlıq, bir sözlə. Amma bu azadlıq məni üzür, boğur məni, çox darıxıram onun üçün. Atam ki, çoxdan dünyasını dəyişib, həsrət qalsa da, ağrı çəkilib bir qədər. Amma anam iki il əvvəl getdi, 31 dekabrda, lokdaunun ən qəddar günlərində, heç yas da verə bilmədik. Bakıdan gedib Qəbələdə dəfn etmək üçün xüsusi icazə almışdım. Bu gün doğum günüdür. Qalsaydı 86 yaşı olardı. 45 yaşında ərini itirdi, üç uşaq böyütdü, son gününə qədər də saçlarına rəng vurmadı, Atamın xatirəsinə sadiq qaldı. Çox əziyət çəkdi bizi ayağ üstə qaldırana qədər. Amma digər tərəfdən biraz rahatam ki, nəvə gördü, nəvə toyu gördü, nəticə gördü, övladlarının uğurlarını gördü, zəhmətinin bəhrəsini gördü. Biz isə ona dünyanı görməyə köməklik etdik, Parisdən tutmuş Vaşinqtona qədər gəzdi. Allah sənə rəhmət eləsin. Bəlkə də oradan baxıb oxuyursan bu sözləri, bil ki, biz ömür boyu sənə borcluyuq...”.