Xalq artisti Emin Ağalarov “Forbes” jurnalına müsahibə verib.
OLAY yazır ki, sənətçi restoran biznesindən söz açıb.
O bildirib ki, bu sahədəki nailiyyətləri adı və siması ilə əlaqəlidir:
“Markamın siması mənəm. Ağalarovun restoranları dedikdə hər kəs tanıyır. Əgər mən yeni restoran açsam, video çəksəm, insanlar oranın keyfiyyətinə inanacaq. Bunu Donald Trampdan öyrənmişəm. O da hər yerdə soyadını yazır. Bir brendi sistem yox, insan təmsil edirsə, onu ictimaiyyətə tanıtmaq daha rahatdır”.
E. Ağalarov ona xidmətlə bağlı yazılan şikayətlərdən də söz açıb:
“Bəzən mənə yazırlar ki, 40 dəqiqə gözlədim, yemək gəlmədi. Dərhal bunu rəhbərliyə göndərirəm. Deyirəm ki, bir də belə hal baş versə, hamı işdən çıxardılacaq. Şikayət edənlərə isə bildirirəm ki, yenə belə hadisə baş versə mənə desinlər. Hətta ona təşəkkür edirəm və pulsuz xidmət təklif edirəm”.
İfaçı bildirib ki, işçilərinə həmişə şans verir, əgər bir neçə dəfə eyni səhvlər təkrarlanarsa, o zaman fəaliyyətini dayandırır:
“İşçi bir dəfə səhv etsə, bağışlayaram. 22 ildir ki, bu biznesin içindəyəm, 5000-ə yaxın işçim var. Bu müddət ərzində bəlkə də 10 işçini işdən çıxartmışam”.