Film / Serial
Film / Serial

Rusiyadan diplomla döndülər

Rusiyadan diplomla döndülər

Akademik Rus Dram Teatrının aktyorları İbrahim Çingiz və Murad İsmayıl Rusiyadan qayıdıb.

OLAY yazır ki, sənətçilər iyunun 24-dən 30-dək “Sankt-Peterburq Yay Teatr Məktəbi”ndə təlim keçiblər.

“Mən yaradıcı məşq prosesinin ritmini asanlıqla tutdum. Çoxdandır intellektual və fiziki cəhətdən darıxırdım! Orada hər şeyi bəyəndim: həm nəzəri, həm də praktiki dərsləri. Müəllimlərimiz rus dilimi tərifləsələr də, inanıram ki, rus dilində dərslər rus teatrının aktyoru kimi mənə çox şey verdi. Eləcə də vokal, nitq, səhnə hərəkəti dərsləri. Tədris prosesində bu peşəyə tamam başqa yanaşma, fərqli münasibət, başqa cür başa düşmək gördüm. Orada bizim yaşda olan həmkarlar bir-biri ilə tamam başqa cür ünsiyyət qururlar, bu peşədə başqa cür yaşayırlar, teatrda aldıqları rollara fərqli münasibət bəsləyirlər. Həm də müəllimlərin sayəsində peşəkar həqiqətin çox vacib məqamlarını dərk etdim”, - deyə, İbrahim təəssüratlarını bölüşüb.

Murad İsmayıl isə fikirlərini belə ifadə edib:

“Xoşbəxtəm ki, Sankt-Peterburqdakı Yay Teatr Məktəbinin tələbəsi olmaq nəsib olub. Hər şeyi bəyəndim: həm vokal dərsləri, həm də Dmitri Koşminlə nitq dərsləri, İqor Kaçayevlə heyrətamiz səhnə hərəkəti dərsləri. İqor Kaçayevi artıq 4 il əvvəl Bakıda verdiyi ustad dərsindən tanıyırdım. O, gözəl müəllim və gözəl insandır. Bu məktəbdə çox şey öyrəndim və düşünürəm ki, İbrahimlə bu iki həftəlik təhsil müddətində öyrəndiklərimizi öz peşəmizdə tətbiq edəcəyik. Orada özümüzü çox rahat hiss etdik. Sanırdıq ki, sanki yaxınlıqda yad adamlar yox, bizə yaxın insanlar var idi. Mən teatrın rəhbərliyinə və Yay Teatr Məktəbinin bütün müəllimlərinə çox minnətdaram ki, bu gözəl şəhər, onun tarixi və muzeyləri ilə bu cür öyrənmə təcrübəsi və tanışlığım oldu. Mənə bu fürsəti verən hər kəsə təşəkkür edirəm!”.

Qeyd edək ki, hər iki sənətçi yay məktəbindən diplomla geri dönüblər.