WOW
WOW

Nərmindən fotoqrafın iddialarına cavab

Nərmindən fotoqrafın iddialarına cavab

Müğənni Nərmin Kərimbəyova fotoqraf Kelvin Qasımovun iddialarına cavab verib.

Sənətçi bu barədə OLAY-a açıqlama verib:

“O insanla şəxsən tanış deyiləm, paylaşımlarını gördüm, mənimlə nəsə problem yaşadığını da bilmirəm. Görürəm ki, videolar paylaşıb, uşaqlar avtobusa yaxınlaşır, nəsə edirlər. Sonra mənim ifalarımı paylaşıb nalayiq sözlər, söyüşlər istifadə edir. Sadəcə şok yaşadım, düşündüm ki, bu insan kimdir və mənə narazılığı nədən ibarətdir? Uşağımla problemi varsa, tanınmış insan olduğumu bilir, bunu bilə-bilə, ortaq dostlarımız ola-ola əlaqə saxlamır. Amma yazıb ki, guya  “uşağım əcəb edib” demişəm. Ümumiyyətlə, söhbətimiz olmayıb, nə telefonla danışmışıq, nə də üz-üzə. O söz uydurmadır. Uşağımın 11 yaşı var, rəfiqəsi ilə birgə olub. Uşağım rəsmlə məşğul olur, qraffitiyə marağı var. Mənə dedi ki, ana, orada köhnəlmiş, içi boş, avtobus durub, üstündə də söyüşlər yazılıb, biz onları bağlamaq istəyirik. Mən də onu görməmişəm. Dedim ki, doğrudan? Dedi, bəli, çoxlu yazılar var, istəyirik ki, üstünü bağlayaq. Düşündüm ki, uşaqdırlar, yəqin nəsə yazıldığı üçün belə fikirləşirlər. Sonra gəldi mənə dedi ki, yazdıq, bağladıq üstünü. Sonra polis qapımızı döyür ki, uşaqla danışmaq istəyirik, danışırlar. O, mənə danışdığı sözləri onlara da deyir ki, rəsm çəkmişik, nalayiq sözlər var idi, boyayla bağlamışıq. Soruşurlar ki, içəri girib, üstünə qalxmısan? Deyir, yox, maşına zərər vurmamışam, sadəcə çəkmişəm. Polis deyir, ərizə yazmaq lazımdır. Mən məsələni yüngül hesab edərək, şikayətçini tanımadan məsələni uşağın atasına həvalə edirəm. Fikirləşirəm ki, bu, kişi işidir, danışıb, bir qərara gələrlər. O da danışır, gedirlər, bölməyə. Olur ki, gedirsən, maşın vurursan, sahibi əvvəlki problemləri də sənin üstünə yıxır. Atası deyir, uşağıma güvənirəm, bilirəm nə edib? Maşının sahibi ilə danışaq. Onunla danışıblar, aralarında nə söhbət gedib bilmirəm. Mənimlə heç bir əlaqə saxlamayıb ki, adımdan sözlər deyirsən, ona elə söz deməmişəm. Uşağımın təqsiri varsa, həll etməyə hazırıq. Biz ədalətli insanlarıq, özüm də ixtisasca hüquqşünasam. Necə ola bilər ki, dediyin ziyanı vurursun, deyək heç nə yoxdur. Biz demişik ki, edib, onu müzakirə edək, razılığa gələk. Elə başa düşürəm ki, atası ilə şikayətçi arasında razılıq əldə olunmayıb, o da deyib ki, istəyirsən, məhkəməyə ver. Təzminatdan, ağıla batan məbləğdən söhbət gedirsə, fakt təsdiqlənməlidir, uşaq nə edib sübut olunmalıdır. Biz danışığa, barışığa yox deməmişik. Mən ümumiyyətlə heç nə deməmişəm. Nəticədə mənim adımdan paylaşılır, adım hallanır, mənə nalayiq sözlər deyilir. Mənə əsas verir ki, məhkəməyə müraciət edim, məni təhqir edir, nalayiq sözlər yazır”.

Qeyd edək ki, K.Qasımov antikvar maşınının N.Kərimbəyovanın qızı tərəfindən zərər gördüyünü bildirərək paylaşımlar edib.