WOW
WOW

İnstaqramda xoşbəxt olun!

İnstaqramda xoşbəxt olun!

Sosial şəbəkələrdən özünüzü xoşbəxt etmək, yoxsa başqaları tərəfindən bəyənilmək üçün istifadə edirsiniz? Buna dəqiq bir cavab verə bilməyəciyinizi anlayırıq. Çünki həm əylənmək, paylaşımlardan ilham almaq, həm də başqaları tərəfindən bəyənilmək, təsdiqlənmək arzusu qaçınılmazdır.

Bəs milyonlarla istifadəçi arasında instaqram hesabını sakit, stressiz necə idarə etmək olar.

OLAY-ın sizə tövsiyələri var...

Birincisi, gizli hesaba keçin.

Əgər influencer deyilsinizsə, ya da belə bir fikriniz yoxdursa, profilinizi gizlədin. Beləliklə həm sizə yazan tanımadığınız insanlardan, spam izləyicilərdən qurtulacaqsınız. Həm də bağlı profillər hər kəs üçün daha maraqlıdır.

İkincisi, izləmədən çıxarın.

Sosial şəbəkələrdə tez-tez özünüzü başqaları ilə müqayisə edib, onun daha uğurlu, gözəl ya da varlı olduğunu düşünürsünüz. Bu düşüncələr sizin xoşbəxtliyinizi əlinizdən alır. Yaxud da sevmədiyiniz məşhurlar, paylaşımlarını bəyənmədiyiniz insanlar ola bilər. Onları izləmədən çıxararaq özünüzü daha yaxşı hiss edə bilərsiniz.

Üçüncüsü, sevmədiyiniz səhifələri səssizə alın.

İnstaqram tez-tez yenilənir. Bu durumda bəzən əsas səhifədə öz dostlarınızı, ya da paylaşımlarını sevdiyiniz profillərin “post”larını görməyə bilirsiniz. Ona görə də səssizə almaqdan çəkinməyin. Həm “story”ləri, həm də postları səssizə alın. Xüsusilə də brendlərin paylaşımlarını “susdurun”. Daha çox sizi daha yaxşı hiss etdirən səhifələri görməyi seçin.

Dördüncüsü, “story”nizi onlardan gizlədin.

Tez-tez paylaşımlarınıza rəy yazıb, “salam xanım” kimi mesaj göndərənlərdən, ya da qonşunuz Səmayə xalanın hər mövzuya şərh verməsindən, sevmədiyiniz bir dostunuzun sizinlə söhbət etməyə çalışmasından bezmisinizsə, bunu mütləq edin. Hə, bir də, sözbaz qohumlarınızı da unutmayın. Sadaladığımız xüsusiyyətlərə uyğun insanlar “story”lərinizə baxa bilməsinlər!