WOW
WOW

Azərin vəfatının ardından orqan nəqli məsələsi müzakirə yaratdı

Azərin vəfatının ardından orqan nəqli məsələsi müzakirə yaratdı

Aktyor Azər Baxşəliyevin vəfatının ardından sosial mediada böyrək çatışmazlığı və orqan transplantasiyası məsələsi yenidən gündəmə gəlib.

OLAY yazır ki, marketing mütəxəssisi Nemət Cəfərovun bu barədə statusu müzakirə yaradıb:

“Xroniki böyrək çatışmazlığı, hemodializ, orqan nəqli nə olduğunu çox yaxşı bilən biri kimi bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Azər Azərbaycanda hər gün dünyasını dəyişən onlarla hemodializ (xroniki böyrək çatışmazlığı) pasientindən biri idi (Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub və s. də XBÇ-dan dünyasını dəyişib). Təəssüflər olsun ki, ölkəmizin qanunları dünyasını dəyişmiş insandan orqan bağışlama proseduruna, eləcə də yaxın qohum olmayan insandan könüllü şəkildə orqan transplantasiyasına icazə vermir. Gərək ən yaxın (bacı, qardaş, ata, ana ) ailə üzvü olsun.

Xatırlayırsızsa, Taleh Yüzbəyov 1-2 il öncə bu məsələni çox gözəl qabartmışdı və bu haqda sosial çarx da çəkmişdi. Baxdıq, güldük, təsirləndik və keçdik məsələnin üstündən.

Ölkəmizdə hemodializ necə işləyir soruşsanız, deyərəm ki, mükəmmələ çox yaxın. Sağ olsun bütün hemodializ şöbələri canla-başla xidmət edir. Dövlət tərəfindən İcbari Tibbi Sığorta ilə havayı orqan nəqli əməliyatları da edilir. Amma donor tapmaq çox ciddi problemdir.

Hemodializ isə pasientə bir sıra səbəblərdən (ürək, qan-damar, şəkər, ahıl yaş və s.) artıq orqan transplantasiyası mümkün olmadıqda ən əla seçimdir. Bəs mümkün olduqda? Olduqda transplantasiya. Amma ölkəmizin qanunları yaxın ailə üzvü olmayan və bağışlanmış orqan köçürülməsinə icazə vermir. Və bu hər gün onlarla hemodializ pasientinin həyatını itirməsinə səbəb olur.

Çox təəssüf... Ümid edirəm ki, yaxın zamanlarda orqan bağışlama və ailə üzvü olmayan insanların da donor olmasına icazə verən qanun çıxar”.

Bəstəkar Vüqar Babayev isə ona bu sözlərlə cavab verib:

“Məsələ ondan ibarətdir ki, burada təhlükəsizlik mexanizmini qurmaq çox çətin olacaq. İnsanlar var ki, günü bu gün orqanını pul qarşılığında satmağa hazırdır və ya əksi çox güc və status sahibi insanların ailə üzvləri və ya yaxınları üçün etməyəcəyi qanunsuzluq qalmayacaq. Bura insan orqan ticarətindən tutmuş cinayətə qədər daxildir. Buna görə icazə qaydasından əvvəl güvənli və “ticarət mərkəzi” olmayan orqan donor fondu yaradılmalıdır. Məsələn qonşu Türkiyədə öləndə orqanlarımı bağışlayacam deyə fonda ərizə verənlərin məlumatları yuxarıda dediyim güc və status sahibi insanlara satıımışdı. O insanların yaşamaq hüququnu bəs fikirləşirsiniz? Günün birində sudan bir səbəbdən vəfat edirlər. Necə təsadüf! Bu səbəbdən ölkənin quracağı sistem güvənli, işləyən və ədalətli olmalıdır. İcazə məsələsi ən asan məsələdir”.