Reper Orxan Zeynallı Heydər Əliyev sarayında üç gün boyunca solo konsert verib.
Canlı ifaları ilə səhnəyə çıxan sənətçini öz orkestri ilə yanaşı, Azərbaycan Dövlət Xor Kapellası müşayiət edib.
Üç gün ərzində konsertə gələnlərin sayı 5500-ü nəfəri ötüb. Tədbir boyu müxtəlif duetlər, yeni layihələr təqdim edilib.
Gecədə müğənnilər İradə İbrahimova, Elnur Hüseynov, Rasim Müzəffərli, Mərdan Kazımov, İlkin Dövlətov, Nərgiz Məcidli, Joesph Abbas, reper ProMete və “Döngə” qrupu Orxana yoldaşlıq edib.
Reper “Mavi qızılgüllər”, “Bulud”, “Məni xatırla”, “Gəl gedək”, “Yadımda deyilsən” kimi mahnılarını sonuncu dəfə oxuduğunu və bir daha konsertlərdə səsləndirməyəcəyini bildirib.
Konsert sosial mesajları ilə diqqət çəkib. Öncə mahnılardan biri eşitmə və nitq məhdudiyyətli insanlar üçün işarət dili ilə təqdim edilib. Konsertin üçüncü günündə isə Zeynallı səhnədə şiddət görən qadınlara yardım üçün 116-111 qaynar xəttini elan edib.