Əməkdar artist Mehriban Xanlarovanın öz ərizəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram teatrından uzaqlaşmasına bir çox sənətçi münasibət bildirib.

OLAY yazır ki, onlar müxtəlif media orqanlarına bu haqda açıqlamalar veriblər. Xalq artisti Rafiq Əzimov Medianews.az-a açıqlamasında bunları söyləyib:

“Mən neçə illərdir teatrda işləyirəm, amma belə hadisə ilə qarşılaşmamışam. Teatrdan işdən çıxarılanlar da, özləri gedib sonra qayıdanlar da olub. Amma beləsini görməmişəm. Rejissorla da, müdiriyyətlə də konflikt ola bilər, amma bu dərəcədə olmayıb. Mənim də ona ürəyim ağrıyır. İndi sən bu yaşında hara gedəcəksən? Səni harada işə götürəcəklər? Mehriban xanımın qoca anası var, himayəsində 10 nəfər var, 1 otaqlı evdə yaşayır. Mənim pisliklə aram yoxdur, heç kimə də pislik arzulamıram. O, mənə desəydi ki, ərizə yazmaq istəyirəm, Allaha and olsun ki, qoymazdım yazsın. Səni neçə ildir tanıyıram, yaxşı insan və yaxşı da aktrisasan. Bu dəqiqə aktyor, aktrisa yetişdirmək asan deyil. Nə o müəllimlər var, nə də o həvəs. Mehriban xanım neçə illərdir teatrda işləyir. Bu teatr ona doğmadır.Mehriban xanımın işdən çıxmasına çox təəssüfləniblər. Kim təəssüflənməz ki? Hamı təəssüflənib də”.

Xalq artisti Rasim Balayev də mövzuya münasibət bildirib:

“Bu heç də yaxşı hal deyil ki, aktrisa ərizə yazıb işdən çıxır. Mənə elə gəlir ki, onu bu həddə çatdırıblar. Kim isti ocağını soyudar ki? Mehriban Xanlarovanı tanıyıram, istər film, istərsə də teatrda rolları var. Allah köməyi olsun”.

Sənətçilərlə yanaşı millət vəkili Aqil Abbas da məsələyə moderator.az-a açıqlamasında reaksiya verib:

  “Mehriban xanım gərək ərizəsini yazmazdı, mübarizəsini axıra qədər aparardı, geri qayıtsa daha yaxşı olar. Mehriban xanıma böyük hörmətim var, yaxşı aktrisadır və istəmərəm o teatrı tərk etsin. Mən heç bir teatrın daxilində baş verən söz-söhbətləri bilmirəm. Ordan-burdan eşitdiklərimi deyə bilərəm. Teatrın mətbəxində nə qaynayır, nə bişirirlərsə dəqiq məlumatım yoxdur. Bir onu bilirəm ki, uzun müddətdir Mehriban xanım adaşı Mehriban Ələkbərzadə ilə yola getmir. Hərhalda Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi bunu araşdıra bilərdi. Bu zaman günahkarlar ortaya çıxacaqdı. Mehriban Xanlarova geri qayıtmalıdır. Biz çalışırıq ki, daim mədəniyyət xadimlərinin problemləri ilə maraqlanaq. İki il öncə yaş senzi ilə bağlı mövzunu Milli Məclisdə səsləndirdim. Hələ ki, xanım aktrisa bizə bu mövzu ilə bağlı hansısa müraciət ünvanlamayıb ki, biz nəsə bir iş görək”.

Xalq artisti Ofeliya Sənani isə Moderator.az-a açıqlamasında bu fikirləri bildirib:

 “Onu işdən çıxarmaq heç düzgün qərar deyil. Görün nə qədər iş təcrübəsi var. Uzun illərdir teatrda işləyir, nə qədər rollar oynayır. Ayıbdır axı! Gözəl də aktrisadır, zəhmətkeşdir. Bəs onun əməyini niyə nəzərə almadılar? Nə qədər rollar yaradıb, işləyib. Adam işə gedəndə nə evdəkiləri düşünmür, nə də özünü. Əsas işi düşünürsən. Bunları niyə nəzərə almayıblar? Günahdır axı! Qoca anası var, eşitdiyimə görə bir neçə ailəyə baxır. Heç olmaya bunları nəzərə alardılar. İşdən azad etmək çıxış yolu deyil. Niyə onun əziyyətini yerə vurursuz?”.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə yenicag.az-a mövzu ilə bağlı bunları söyləyib:

“Səhnənin Mehriban Xanlarova kimi bir aktrisanı itirməsi qəbuledilməzdir. Ən azı ortaq məxrəcə gəlib məsələni yoluna qoymaq olardı. Mən o teatrın daxili strukturunu bilmirəm. Bircə onu deyə bilərəm ki, Mehriban hər vaxt yetişən aktrisalardan deyil. Onun teatrdan getməsi qətiyyən yolverilməz və arzuolunmazdır. Belə bir deyim var, böyük sənətkarlar yetişir az-az, hər yerdə hər zaman inci tapılmaz. Kiməsə, nəyəsə görə, Mehriban Xanlarova kimi tanınan, qəbulolunan, sevilən bir aktrisanı itirmək olmaz. Lənət şeytana deməlidirlər, Mehribanı teatra gətirməlidirlər. Mehriban həm efirdə, həm teatrda, həm kinoda dəsti-xətti olan, sevilən və tanınan, məhsuldar bir aktrisadır. Səhnənin Mehriban Xanlarova kimi bir aktrisanı itirməsi qəbuledilməzdir. Ən azı ortaq məxrəcə gəlib, məsələni yoluna qoymaq olardı. Bir ağsaqqal kimi deyirəm, teatrda yalnız sənətlə məşğul olsunlar və Mehriban Xanlarova təcili teatra qaytarılsın”.