Hər il dəb yenilənir, fərqli geyimlər, rənglər, aksesuarlar trend olur. Lakin son zamanlar, xüsuilə də pandemiya dövrünün ardınca ikinci əl geyim bazarı inkişaf etdi. İnsanlar vaxtlarının böyük qismini evdə keçirdikləri bir zamanda onlayn alış-veriş platformalarından, müxtəlif saytlardan ikinci əl məhsulları əldə etdilər. Bu, həm də iqtisadi cəhətdən əlverişli olduğu üçün daha çox seçildi. Bahalı brendlərdən olan məhsullar ikinci əl olduğu üçün ucuza alına bilir. Beləliklə həm brend geyinir, həm də çox pul xərcləmirsiniz.
Hətta 2021-ci ildə verilən statistikaya əsasən, 2030-cu ilə qədər ikinci əl biznesi ikiqat böyüyəcək. Hər iki insandan birinin paltarlarını atdığı dövrdən onları satışa çıxardığı zamanlara keçid edə bilərik. Çünki ikinci əl biznesi 2016-cı ilə görə yüzdə 64 faiz artıb. Bunun qarşıdan gələn illərdə daha da genişlənəcəyi gözlənilir.
Dünyada 10 milyondan artıq istifadəçisi olan ikinci əl alış-veriş platforması “Vestiaire Collective”dən bildirilib ki, bu tendensiyanın yayılması an məsələsidir.
Artıq ikinci əl geyimlərdən və bu məhsulların satıldığı saytlardan istifadə Z və Y nəsli arasında daha da artıb. Bu artım get-gedə genişlənir. Daha çox kütləyə çatır. İkinci əl geyimlərin alınması, sifariş verilməsi çox da uzaqda deyil. Məsələn, hər birimizin bildiyi Türkiyənin tanınmış alış-veriş platformasında “Dolab” adlı bölmədən ikinci əl məhsulları əldə etmək mümkündür. Ya da sırf bu geyimlərin satışı ilə məşğul olan mağazalar ölkəmizdə də fəaliyyət göstərir.
Bəs geyimləri nə qədər insan əldə edir? “Geyinilmiş paltardan istifadə etmərəm” önyarğısı hələ də qalmaqdadır?
Mövzu haqda OLAY-a danışan gözəllik üzrə bloger Nəcibə Əhmədi (Nadjiba) deyib ki onun özü də ikinci əl məhsullardan istifadə edir:
“Tək 2022-də yox, çoxdan belədir. Məncə, Azərbaycanda da artıq önyarğı qırılmağa başlayıb. Xaricdə bunun üçün çox sayt var. Mən də oralardan sifariş edirəm. Burada da ikinci əl geyim satan yerlərdən xüsusilə də kişi pencəklərini alıram. Həm bu qədər geyim istehsalı təbiətə ziyan verir. Özüm də səliqəli istifadə etdiyim geyimləri ya satıram, ya da ətrafımdakılara hədiyyə edirəm”.
Biz nə qədər önyarğının qırlmağa başladığını düşünsək də, bu geyimlərdən əldə etməyə çəkinən, alsa belə ikinci əl olduğunu söyləməyənlər var. Sanki psixologiyamızda “Geyinilmiş paltardan istifadə olmaz” deyə bir qanun yazılıb.
Psixoloq Fərqanə Mehmanqızının fikrincə, bu həmin şəxslərin psixoloji ruh halı ilə əlaqəlidir:
“Əgər o insanda psixoloji əziklik varsa, bu özünü hər yerdə göstərəcək. Məsələn, nəyinsə yoxluğu onları kompleksə salır. Bu kimi hallarda da özünü büruzə verir. Başlayırlar yalan danışmağa. İkinci əl geyimdən istifadə edirlər, amma komplekslərinə görə söyləmirlər. Təbii bunun başqa faktorları da var. Lakin ümumilikdə səbəb həmin insanların psixologiyasındakı əzikliklə bağlıdır”.
Doğrudur, səbəblərdən biri budur. Bəlkə də şöhrətpərəstlik doğruları söyləməyə imkan vermir. Bir çox şəxslər isə ikinci əl geyimlərin təmizliyindən narahat olduğu üçün almırlar. Onu daha əvvəl kimin istifadə etdiyini bilmədən müəyyən qədər ödəniş edib almaq, geyinmək istəmirlər. Bəzən ikinci əl mağazalarının ab-havasının ağır olduğunu söyləyənlər də olur. Lakin bu onların psixologiyasında, şüuraltında qalmış önyarğının izləridir. Əslində ikinci əl məhsullara qarşı daha müsbət baxsalar, həmin mağazalar, saytlar da onları cəlb edər.
Hər bir halda qazanan təbiət və sizin büdcəniz olacaq. Ona görə ikinci əl dəbi ilə barışın. Alın, yuyun, təmizləyin, sonra geyinin...