XX əsrin ən böyük və ən nüfuzlu aktyorlarından biri olan Marlon Brando məşhurlarla telefon danışıqlarını gizli şəkildə yazıya alırmış.
OLAY yazır ki, onun kolleksiyasında Merilin Monrodan tutmuş pop musiqisinin kralı Maykl Ceksona qədər bir çox ulduzla aparılan söhbətlər yer alıb. Bildirilir ki, Brandonun bu qəribə vərdişi nəticəsində şayiələr, sirlərlə dolu geniş bir kaset arxivi yaranıb.
Brandonun bioqrafiyasını yazan Peter Manso “Bütün zənglər avtomatik olaraq yazılırdı. Sistem evdəki 8 və ya 9 telefon xəttinə qoşulmuşdu. Mən bu yazıların bir hissəsinə sahibəm — onlar ayaqqabı qutusunda saxlanılır və tam qanuni şəkildə əldə olunub” deyə etiraf edib.
Bu gizli yazıların mövcudluğu bir çox məşhurları və nüfuzlu ailələri narahat edib. Onlar kasetlərin ictimailəşdirilə biləcəyindən və ya yanlış əllərə düşə biləcəyindən ehtiyat ediblər.
Bioqrafa görə, xüsusilə Merilin Monro ilə bağlı qeydlər diqqət çəkib — aktrisanın Kennedi ailəsi və digər siyasi mövzularla bağlı Brando ilə bölüşdüyü məlumatların olduğu iddia edilir. Həmin məlumatların bir hissəsinin aktyor tərəfindən yaxın çevrəsinə ötürüldüyü də qeyd olunur.