Olay
Olay

Təmizləmə şirkətindən şikayət: “Ağ yuyub, qara sərdilər”

Təmizləmə şirkətindən şikayət: “Ağ yuyub, qara sərdilər”

“Dəniz mavisi kimyəvi təmizləmə” şirkəti ilə bağlı şikayət var.

OLAY yazır ki, şikayətçi Tamara Şərəfxanova News24.az-a açıqlamasında başına gələnləri belə izah edib:  

“Türkiyədən 7 min türk lirəsinə(təxmini 650 manat) aldığım ətəyi bir neçə gün öncə “Dəniz mavisi kimyəvi təmizləmə” şirkətinə verdim. Cəmi bir dəfə geyindiyim ağ ətəyi geri alanda tanımadım. “Ağ yuyub, qara sərmişdilər”. Sən demə, onu kirli paltarla birgə suya salıblar. Nəticədə ağ ətək rəngini dəyişib, pis vəziyyətə düşüb. Bəyazlığından və şuxluğundan əsər-əlamət qalmamışdı. Həm teksturası, həm rəngi bərbad olmuşdu. Təbii ki, narazılığımı ifadə elədim və ətəyi geri qaytardım. Onlar da yenidən təmizləyəcəyinə söz verib paltarı geri götürdülər. Təkrar alanda gördüm ki, əvvəlkindən heç nə ilə fərqlənmir. Yəni nə bəyazlıq, nə şuxluq geri qayıtmayıb. Əksinə, o bahalığında aldığımız məhsul əsgiyə dönüb”.

Şikayətçi bildirib ki, xidmət yarıtmaz olmasına baxmayaraq, ondan yenidən ödəniş alınıb: 

“Çeki geri göndərdiyim halda məndən yenidən təmizləməyə də pul aldılar. Bu qədər narazılıqlarıma rəğmən, təmizləmə şirkəti şikayətlərimə əhəmiyyət vermədi. Mənə “Get, hara şikayət edirsən, et” dedilər. Bildirdilər ki, “nə ətəyi alacağıq, nə də məbləği verəcəyik”. Belə dələduzluqla məşğuldular. Deməli, çox imkansız biri də onlara paltar əmanət etsə, bərbad formada yuyub, geri verəcəklər”. 

 Məsələ ilə bağlı şikayət olunan şirkətin rəhbəri - Əfqan adlı şəxslə əlaqə saxlanılıb. O, isə şikayətçinin iddialarını təkzib edib:

“Vətəndaşın narazılığı varsa, lazımi qurumlara müraciət etsin. Belə olan halda həmin qurumlardan bizə məktub gələcək və biz onlara məsələ ilə bağlı cavab verəcəyik. Ətək zərər görməyib. Bir mütəxəssis kimi sizə deyirəm ki, həmin ətək zərər çəksəydi, biz cavabdehlik daşıyardıq. Sadəcə başqa paltarlarla təmizlənən dərman bir az rəng verir. İşçilər də bilmədiyi üçün o paltar çirkli dərmanla təmizlənib. Biz nəticə etibarilə həmin paltarı yenidən öz rənginə qaytardıq. Müştəri yenə narazıdırsa, problem olduğunu iddia edirsə, paltarı ekspertizaya verə bilər. Ekspertizanın rəyi şikayətçinin fikri ilə üst-üstə düşməlidir. O paltar 7 min yox, 3475 lirəyədir.  Paltar istifadəyə yararsız olmayıbsa, zərər görməyibsə, niyə ödəməliyik? Həmin şəxs məhkəmədə haqlı olduğunu sübut etsə, səhvimizi düzəltməyə hazırıq”.

Şikayətçinin ətəyi yenidən şirkətə geri göndərdiyini bildirəndə şirkət rəsmisi paltarı gördüyünü qeyd edib: 

“Şəxsən özüm onu təmizləmişəm. Əvvəlki halına qaytarmışam. O paltarda bir qüsur görmürəm. Vətəndaşın əlində sübut varsa, ekspertiza rəyi ilə məbləği qarşılamağa da hazırıq”. 

Problem ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxlanılıb. O qeyd edib ki, vətəndaş belə hallarda iki vasitə ilə haqqını müdafiə edə bilər:

“İqtisadiyyat Nazirliyinə və ya Azad İstehlakçılar Birliyinə rəsmi ərizə ilə müraciət edə bilər. Danışıq yolu ilə həll olunmadığı təqdirdə biz dövlət qurumuna rəsmi məktub yazırıq və hüququn qorunması üçün addımlar atırıq. Ekspertizanın isə məhkəmədə heç bir hüquqi əsası yoxdur”.