Olay
Olay

“Blogerlər dava etməyi xoşlayır”

“Blogerlər dava etməyi xoşlayır”

“Get-gedə televiziyanın sosial şəbəkələrə məğlub olması xoşuma gəlmir. TV-yə dəvət olunan insanlar oranı qeyri-ciddi bir yerə çevirir. Vacib bildiyimiz insanlar artıq efirə çıxmaq istəmir. Bu problemlər məni qane etmir. İndi daha çox olub. 90 faizi onlardan ibarətdir. Televiziyanı açırsan, məcbur şəkildə onları görürsən”. 

OLAY yazır ki, bu sözləri aparıcı – aktrisa Kəmalə Piriyeva “10-da görüşək” proqramına qonaq olarkən deyib.

O, televiziyaların fəaliyyətindən narazılığını dilə gətirib. Kəmalə bildirib ki, 17 yaşında efirə aparıcı qismində çıxıb:

“Məktəbi bitirdim, universitetə daxil oldum və bir həftə sonra ATV-yə gəldim. 17 yaşım var idi. 1 ay hazırlıqdan sonra efirə çıxdım. Şanslı biri idim. Elə olur ki, məni tanımırlar. Yeni nəsil… Onların işləri, gücləri oyunlar oynamaqdır. Ona görə uşaq verilişi aparmaq yaxşıdır. Aparıcılıqla parladım, aktrisalıq da pis getmir. Mən özümə aktrisa deyə bilərəm. Çünki təhsilini almışam”.  

Piriyeva özünü toy aparıcısı kimi görmədiyini deyib:

“Özümü toylarda görmürəm. Əvvəl özümü sınamışam. Qonorar məsələsi deyil. Sadəcə olaraq istəmirəm. O təcrübəni yaşadığım üçün istəmirəm. “Xoşbəxt olun”, “Gözəl bəy” kimi tərifləri deməyi xoşlamıram. Düz deyirlər, çox quru biriyəm”.

Aparıcı vurğulayıb ki, incəsənət sahəsində rəfiqəsi yoxdur:

“Bu sahədə rəfiqəm yoxdur.  Vaxtaşırı olur, kimlərləsə dostluq edirsən, daha sonra uzaqlaşırsan. Nə aparıcı, nə də aktrisa sirdaşım var. Bir yerdə işləyəndə insan dərdini danışır. Daha sonra zaman bizi ayrı salır, hər gün görmürsən. Görsək, bəlkə də, əvvəlki münasibət isinər”.

O, gündəmdə olan influenserlərdən də danışıb:

“Blogerlər dava etməyi, söz atmağı xoşlayır. Müğənni, aktyor bu söhbətlərdən yorulub. Onlara isə şirin gəlir. Blogerlər azdır, influenserlər isə çoxdur”.