Olay
Olay

“Binadan “patı” istifadəçisi çıxdı”

“Binadan “patı” istifadəçisi çıxdı”

“Elə indilərdə - saat 03:50 radələrində evə gəlirəm. Görürəm blokdan əlində dəmir boru və bir neçə dəmir parçası olan “patı” istifadəçisi çıxır. Tez maşından düşürəm. Məni görür dayanır, əlindəkiləri sakitcə yerə qoyur”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında aktyor Elcan Rəsulov paylaşıb. 

O başına gələn bir hadisədən bəhs edib:

“Adını Elşən kimi təqdim edir. Təkidimlə hətta götürdüklərini də yerinə qoyur. Dərdini açır ki, 1981- ci il təvəllüdlüdür, dəmir yığır, aparıb satır. 10 kilosuna 2.50 manat verirlər. 40 kilo yığanda 10 manat düzəlir. Bu dərdlinin dərdinin bir tərəfidir. İndi gələk, başqa məsələyə...

Bu niyə 5-6 km məsafə qət edib gəlib çıxıb bizim bloka? Deməli, məlumatınız üçün deyim ki, 5 mərtəbəli binaların giriş hissəsində hamıya sirli və həmişə bağlı qalan bir qapı olur. O zirzəminin qapısıdır və MKİS-ə məxsusdur. Əlqərəz 3-4 gün öncə, elə qapının özü, daha sonra çərçivəsi yoxa çıxır. Ustalardan biri mənə bildirir ki, “jek” başqa yerdə işçilər üçün yer düzəldib, aparıb ora qapı kimi qoyub, bərk-bərk də tapşırır ki, ondan eşitdiyimi söyləməyim. Sağolsunlar açıq qalmasın deyə 75-ci ilə məxsus bir taxta qapını haradansa tapıb gətirib söykəyiblər həmin zirzəminin qapı yerinə.

Beton divar da qəzalı vəziyyətə düşüb, yəqin ki, 2-3 günə kiminsə üstünə aşar. Bu gözünə dönmədiyim narkotik istifadəçiləri də iki gündür zirzəmiyə dadanıblar. Əllərinə keçən dəmirlərdən daşıyırlar. Bu arada binanın bütün su və istilik sisteminin də əsası elə həmin zirzəmidədir. Yəni dəmir çoxdur orada. Bir səhər oyanacağıq ki, artıq sular gəlmir. Dünən görüntünü qısa video kimi çəkib hekayə bölümündə paylaşdım. Bəlkə, aidiyyatı qurumlardan kimsə görər, ürəyi ağrıyar. Hətta Yasamal Rayon İcra Hakimiyyətini işarələdim. Sonra baxdım ki, instaqram hesabında axırıncı dəfə 15 gün qabaq paylaşım ediblər. Dedim bu videoya da 15-20 günə reaksiya verərlər. Bu yol da alınmadı. İndi görək bu vəziyyət nə vaxta qədər davam edəcək. Əvvələr həyətdən gecə saatlarında bir-iki dəfə də olsa, post patrul maşını keçirdi.

Çox belə adamlar da gözə dəymirdi. Yəqin onlar da görüblər artıq sakit həyətdir, tərgidiblər buralara gəlməyi. Deyirəm bəlkə bu posta məsələlərə tez reaksiya verən qurumlardan birini işarələyəsiniz, onların vasitəsilə aidiyyatı qurumların qəbuluna çıxaq. Maraqlı olsa, yazın, rəyə bir-iki video şəkil də ataram ki, vəziyyət gözünüzün önündə canlansın”.

Elcan daha sonra statusuna Daxili İşlər Nazirliyi tərəfindən reaksiya verildiyini və məsələnin dərhal nəzarətə götürüldüyünü yazıb.