Əməkdar artist Bəhram Bağırzadə tənqid olunan videosuna aydınlıq gətirib.
OLAY yazır ki, o, lentə aldığı şəxslə görüşərək yenidən video çəkib.
Bu dəfə B. Bağırzadə üzr istəyib:
“Bu yaxınlarda bir jurnalist soruşdu ki, həyatınızda ağır gün olub? Dedim, yox. Amma iki gün bundan əvvəl oldu. Özümə gələ bilmirəm, narahatlıq çəkirəm, gecələr yatmıram. Allahın bəndəsinin qəlbinə toxunmuşam. O videoda çəkdiyim şəxs mənim məhəllədən tanışımdır. İllərdir bir-birimizi tanıyırıq. Həmin gün də TikTok-da canlı açıb soruşdum ki, nə məsləhət verirsiniz? O an məhəllə uşağım qarşıma çıxdı, ondan da soruşdum. Bir az emosional idim. Başıma belə bir şey gəldi. Quranda da yazılıb ki, kimin qəlbinə toxunmusansa, ondan üzr istə. Əlli yaşıma qədər belə bir iş görməmişdim. İndi oldu. Kimisə əsəbiləşdirmişəmsə, üzr istəyirəm. İlk növbədə də Arazdan əfv diləyirəm”.
Araz adlı şəxs isə aktyoru bağışladığını bildirib:
“Allah bağışlayırsa, mən kiməm ki? Səhvsiz insan olmur. Siz soruşduz, mən də dua etdim, başqa cür alındı. Sizə məsləhət görürəm ki, bundan sonra düzgün işlər görəsiz. Nə olub, öz aramızda. Lənkərandan ailəm də baxdı. İndi bunu da izləyəcəklər. Sizdən narahatlığım yoxdur”.
Qeyd edək ki, Bağırzadə fiziki məhdudiyyətli şəxsin etirazına baxmayaraq onu videoya çəkmiş, sual vermişdi. Sözügedən şəxs də gözləri yaşararaq sualı cavablandırmışdı. Əməkdar artistin bu addımı tənqid edilmişdi.