Xalq artisti Nazpəri Dostəliyeva uzun müddət sonra efirə çıxıb.
OLAY yazır ki, o, SMA xəstəliyindən əziyyət çəkən Amirə dəstək olmaq üçün “Bizimləsən” proqramında qonaq olub.
Sənətçi ötən il dünyasını dəyişən oğlu Əlidən də danışıb. O deyib ki, keçən bir il ərzində onu sevənləri, yaxınları, dostları tək qoymayıb:
“Bir il ərzində qapım bağlanmadı, telefonlarım susmadı. Tək qalmadım ki, öz dərdimlə başbaşa olum. Xalqım məni kədərlənməyə, ağlamağa qoymadı. O kədəri öz içimdə yaşasam da, bir sənətkar kimi millətimin yadından çıxmadım. Hər gün zəng edirdilər ki, Nazpəri xanım səhnə sizi gözləyir. Bir şey söyləyə bilmədim. Düşündüm ki, bu şou-proqram deyil. Gözəl balamıza dəstək olmaq üçün gəldim.
Arzu edirəm ki, heç bir ana gözü yaşlı olmasın. Mən şəhid analarına bacı-qardaş, yoldaş oldum. Oğlum ötən il martın 22-i, bayram günündə öz anasının qollarında vəfat etdi. Onda aş bişirmişdim, yedik-içdik, hər şey yaxşı idi. Amma onun problemləri var idi, ürəyi dözmədi. Sadəcə dedi ki, ana bir az dincəlim, öz otağına keçdi. Getdim, dedim, Əli, sənə nə olub? Söylədi ki, ana, sən güclü qadınsan, sevənlərinin gözünü yolda qoyma. Onun dediklərinə əməl edəcəm. Sənətimə davam edəcəyəm”.
Dostəliyeva deyib ki, tez-tez oğlunu yuxuda görür:
“Bir dəfə gördüm ki, onu itirmişəm, axtarıram. Atam gəldi, dedi ki, qızım nə axtarırsan? Söylədim ki, ata, Əlini itirmişəm, yoxdur. Dedi ki, narahat olma, yanımdadır. Dəfələrlə yuxuda görürəm, bir az narahatlığım olanda başımın üstə dayanır, deyir, niyə yuxusuzsan, yatmırsan? Tez-tez yuxularıma gəlir”.