Tanınmış ifaçı və meyxanaçı Namiq Qaraçuxurlu “Söz baz” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi aparıcı Zümrüd Bədəlovanın “Dostlarından biri Namiq Qaraçuxurlunun həyatına qəsd etmək istəyib, sonra ondan üzr istəyib” iddiasına belə cavab verib:
“Elə şeylər çox olub. Bir neçə dəfə hiss etmişəm ki, bu dostum mənə qarşı bu addımı atar. Onu silmişəm. Elə insanlar olub ki, hər problemlərində yanlarında olmuşam. Mən olmasaydım, həyatları başqa cür olardı, həyatda yox idilər. Maşallah indi onların ailəsi, öz həyatı var. Əllərinə fürsət düşən kimi birinci məni vurmaq istəyiblər. Səbəbini bilmirəm. Şou-biznesdə də elə insanlar var ki, xətrini istəyirsən, hörmətlə yanaşırsan, bir az populyar olan kimi sənə “ulduzluq” göstərmək istəyir.
Düşünürəm ki, bir adam gəlir daim səndən nəsə xahiş edir, onu həyata keçirirsən, amma o bəlkə də içində düşünür ki, niyə mən ondan xahiş edirəm, o məndən yox? Hardasa onunla bağlı bir zarafat edərsən, onun içində qalır ki, niyə məni alçaltdı? İllərlə mən onlarla kömək etmişəm, amma məndən yığıblar ki, niyə onda var, məndə yoxdur? Artıq onlar bu səviyyəyə çatanda isə “mən beləyəm” deyirlər. Buna gah da təşəkkür etmək yükündən azad olmaq üçün “filan şey dedi, mən ondan incidim, vəssalam bitdi, mənə diqqət ayırmadı, arxasını çevirdi”. 15-20 ildir nələr edirəm sənin üçün, nə oldu bir dəfə belə oturdum deyə məndən küsdün? Yaxud gənc ifaçıdır, bunu itələyib mənimlə şəkil çəkdirərlər, oradan başlayır yığmağa... Bir gün populyar olur, başlayır əvəz çıxmağa...
Mən uğurlu insanam. 19-20 yaşında pul qazanmağa başladım. O yaşlarda bu qədər populyar olan adam olmağımdan irəli gəlib yəqin ki... İllərdir o hörməti saxlaya bilmişəm, bu da bəzi insanlara təsir edib”.