Ötən gün Xalq artisti Brilliant Dadaşovanın İctimai TV-də səsinin kəsilməsi sosial şəbəkələrdə müzakirə olunub. Onun “Səs Azərbaycan” mahnı müsabiqəsinin istirakçılarına məsləhət verərkən mikrofonunun söndürülməsi birmənalı qarşılanmayıb. Bu mövzu haqda açıqlama verməyən Dadaşova axşam saatlarında status yazıb.
OLAY yazır ki, sənətçinin yeni şeirini paylaşması izləyicilərinin diqqətini çəkib. Əksər sosial şəbəkə istifadəçisi Brilliantın həmin şeiri sözügedən hadisə haqda yazdığını düşünüb. Tanınmış müğənni statusunda bu sözləri qeyd edib:
“Bu gün bir xəbər dəydi qulağıma. "Tülkü həccə gedir" nağılı düşdü yadıma. Nağılların şəkilləri xoşuma gəlirdi. Tülküyə aldanan gözəl rəngbərəng toyuq-cücə görüntüsündən əhvalım yüksəlirdi. Sən demə, nağıllar qiraət ilə bizə yol göstərən vəsiyyət imiş. Babalardan qalan, yolumuza işıq salan, öyüd, dəyərli nəsiyyət imiş. Dərk etmirdim ki, yazıq toyuq-cücə, xoruz, beçə hiyləgər əlindən əziyyət çəkirmiş gör necə. Olduğum sənətdə üzə duran, böyük məharətlə oyunlar quran, sonra simasızca üzrxaqlıq edən, göstərişdən az qala Həccə gedən tülkü sayı neçə-neçə...
Qurduqları əngəlləri keçə-keçə cavabların musiqimlə söylədim. Nələrə “qadir” olduqlarından danışmayacağıma söz verdim. Fitnə-fəsat ustası oldunuz. Lakin sənətkar ola bilmədiniz, dedim. Bu gün üz tutaraq yenə göylərə, arzu-niyyətimlə dua elədim. Allahım qoru gənclərimizi hiyləgərlərdən, uzaq tut onları pis əməllərdən. Əsl istedadlar əngəl görməsin, böyük səhnələrdən uzaq düşməsin”.