Xalq artisti Tünzalə Ağayevanın OLAY-a müsahibəsi:
- Bir vaxtlar sizin təbirinizlə desək, meydan “meymunlara” qalmışdı. O zamanlar bu açıqlamanı müğənni Damlayla bağlı etdiyiniz deyildi. Bəs, indi meydanda kimlərdir?
- Meydanın sahibləri var - peşəkarlar, ustadlar, sənətini gözəl icra edən sənət nümayəndələri. Onlar meydandan çəkilməməlidirlər. Meydan sahibsiz qalsa, cahiliyyətlə dolu olur. O zaman bir başqa ifadəylə demişdim. Bu gün isə bu suala cavab olaraq, istəmirəm ki, incəsənət, mədəniyyətimiz, efirlərimiz, xəbərlərimiz, cahil, mənası olmayan məlumatlar və hadisələrlə dolu olsun.
Qəti şəkildə o məqamı pisləyirəm ki, mən ad çəkmədən, konkret bir ünvan göstərmədən, çox təssüflər olsun ki, kanaldakı proqramın montajorları tərəfindən provakasiyaya yol verildi. Xarici ölkələrdə bu məhkəməlik iş sayılır. Bu hadisəni rahat şəkildə məhkəməyə çıxara bilərdim, çünki fakt var idi ki, mən cəhalət, keyfiyyətsizlik, savadsızlıq barədə ad çəkmədən danışdığım halda hansısa qeyri-peşəkar özündən mövzu çıxarır, şəkillər yapışdırır, adlar çəkir. Halbuki elə bir şey baş verməyib. Biz Azərbaycanda yaşayırıq. Hələki müəllif hüquqları rəqəmsal media ilə bağlı tam işləmədiyi üçün məhkəmədən vaz keçdim. Sözümü dedim, hadisə hansı kanalda baş vermişdisə, məsuliyyət daşıyanlar məndən üzr istədilər. Dedim ki, yığışdırın, amma bir yerdən yığışdırsanda, zatən yayılıb, hər yerdən silə bilmirsən. Mən buna üzülürəm. Təəssüf ki, mediada jurnalistika adına xələl gətirən insanlar var. Provakasiya jurnalistika demək deyil.
- Sizinlə eyni gündə Röya Ayxana və Miri Yusifə “Xalq artisti” fəxri adı verildi. Sosial şəbəkələrdə ən çox tənqid olunan isə Miri Yusif idi. Yazırdılar ki, reper hara, “Xalq artisti” hara? Sizin bu mövzuda düşüncəniz nədir?
- Bu elə-belə adlar deyil ki, durum bunu nəyəsə yozum. Fəxri adlar ölkə başçısının sərəncamı əsasında verilir. Sərəncam da müzakirə olunmur. Orada dövlət başçısından - adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdıran bir sərkərdədən söhbət gedir. Mən dövlət başçısının sərəncamını müzakirə edə bilmərəm. Bu mənim sayğımdan, sevgimdən və şəxsi əxlaqi keyfiyyətlərimdən irəli gəlir. Tənqidlər haqda bir söz deyə bilmərəm. Məni də tənqid edirlər.
- Fəxri ad üçün dava edənlərə münasibətiniz...
- Min əlli razıyam ki, bizim çox dəyərli sənət insanlarımız var ki, illərini bu sənətə canla-başla veriblər, onların adı fəxri ad alanların siyahısında çıxmayıb. Elə sənətkarlar var ki, onlar məndən də əvvəl fəxri ada layiqdirlər. Sevinərəm, xoşbəxt olaram ki, onlar ad alsınlar. Mən ad alanda, mükafata layiq görüləndə eqoistcəsinə qürurlanmadım ki, mən aldım, kimsə qaldı. Əksinə, istəyərəm ki, layiqli olanlar fəxri ad alsınlar. Hələ də üzülürəm ki, Şövkət Ələkbərova sovet dönəmində çox kiçik fəxri adla dünyasını dəyişdi.
- Sanki özünüzü indiyədək bir çərçivəyə sığdırmışdız indi “səhnə mənimdir” deyib müxtəlif tərzlərdə kəşfə çıxmısınız...
- Öz yerimi çox dəyərləndirirəm. Özümü bəyənib kimdənsə üstün tutanlardan deyiləm. Bu, cahil düşüncədir. Peşəkaram, özgüvənli qadınam. İşini gözəl icra edən artistəm. Ən böyük tənqidçim də özüməm. Mənə kiminsə tənqidi lazım deyil. Geyimimin yarığına kimi bilirəm ki, hara kimi cəsarətli qadınam, sərhədim hara qədərdir.
Əgər sən səhnədəsənsə, çəngəl-bıçaq səsi gəlirsə, geri qayıt. O səhnəyə çıxma. Deyirlər, başı bağlı gəldi özünü açdı. Bu söhbətə gülürəm. İnsanlar var ki, hələ də bandana ilə çarşabı fərqləndirə bilmirlər. Reperlərin taxdığı bandanaya niyə çarşab deyirlər anlamıram. O adamlar bir az oxusunlar ki, çarşab nədir, bandana nədir, yaylıq nədir. Özünü örtüb bağladı, açdı nədir? Elə insanlar var ki, onlar üçün axşamla gündüz bir-birindən fərqlənmirsə, onun üçün bandana ilə hicabın da bir fərqi yoxdur.
- Tünzalə xanım, sevgi var ki, dodaqlarda açıb gülləriniz?
- Məni nə qədər stilistlər, dizaynerlər geyindirsə də, içim xoşbəxt deyilsə, hər şey yarımçıq qalır. Əlbəttə ki, həyatımda sevgi var. Bu yeni bir şey deyil. Məndən Bəhram Bağırzadə soruşur ki, sən neynirsən? Sanki nəsə dəyişirsən, aşiq olmusan? Dedim, əlbəttə. Deyir, çox sevindim. Dedim, özümə aşiq olmuşam. Qadın hər gün səhər güzgüyə baxanda özünə aşiq olmursa, qalanları boşdur. Bu ifadələri səhv salmayaq. Özünü bəyənmək və sevmək fərqlidir.
- Qızınız Fidanı cəmiyyətdən, insanlardan necə qoruyursuz?
- Qızımla çox açığam, dost kimiyik. Bütün mövzuları müzakirə edirik. Həyatda etdiyim boşluqlar, yanlış düşüncələr məni hara gətirdi, səhv qərar verdim mənə nə oldu? Bütün bunları ona deməsəm, gözünü necə aça bilərəm? Fidan İstanbulda yaşayır. Oradakı qızların halına çox üzülürəm, siqaret çəkməyə meyillidirlər. Hər ikinci qızı siqaret çəkərkən görürəm. Qızıma da rahat şəkildə başa salmışam ki, hər şey sənin qarşındadır. Seçimi sən et! Bu şey sənə ziyandırsa, mənim sənə nəyisə qadağan etmək, bağlamaq niyyətim yoxdur. Bağlasaydım, qızımı yanımda saxlayardım. Fidan 6 ildir mənimlə yaşamır. Qızımın modeli atası olmayıb. Onun atası da, anası da mənəm. Qadınların belə həyat sürməsini istəmirəm. Hər bir qadına kişi həyatı yox, qadın həyatı arzulayıram. Çölün, sənətin, həyatın ağırlığını daşımaq, formada olmaq, bununla yanaşı, sevgi, özgüvən nümayiş etdirmək, gülümsəmək çətindir. İnsanlar düşünə bilər ki, mən xəstələnmirəm, ağrıyan tərəfim yoxdur. Əlbəttə mən də insanam. Qadınam. İstəyərəm ki, zəif olum, nəyəsə güvənim. Özüm özümə o tapşırığı vermədim.
Çox insan deyir ki, siz cavanlaşırsız, yaşınızı göstərmirsiz. Sözsüz ki, ünvanıma olan bu sözlərə sevinirəm. Ən böyük motivasiya qaynağı özüməm. Mən beş il sonra harada olacam, özümü necə hiss edəcəm, genetikamda, sağlamlığımda hansı problemlər var, bunların qərarını illər öncə vermişəm. Yalnız ağrıyanda həkimə qaçmıram. Psixoloqa gedirəm, həkimlərlə danışıram, sağlam qida uzmanları ilə söhbət edirəm ki, bədənim hara gedir?
- Yerli şou-biznesdə gənclərin parlamağı başqalarını niyə qorxudur?
- Artist var səhnəyə sahibdir, səhnə onundur. Səhnəyə kimsə çıxa bilər, o səhnə onu yeyirsə, deməli, artist deyil. Mən “Səs Azərbaycan” yarışmasının ustadlarından biriyəm. Orada fərqli insanlar görürük, müxtəlif iştirakçılarla çalışıram. Amma hər kəs ulduz deyil ki... Ulduz olmaq üçün bir naxışla, işıqla dünyaya gəlirsən. O insanı görən kimi, ulduz olub-olmadığını anlayırsan. Sonradan səsini inkişaf etdirə bilərsən, təcrübən artar. Amma ulduzluq inkişaf etmir. Elə doğulursan. Bu, səndə yoxdursa, heç kimə paxıllığın tutmasın. Əksinə, mənə elə gəlir ki, orada hüzur tapmalısan. Mən həkim kimi çalışsam, görsəm ki, bacarmıram, Allah mənə bu qabiliyyəti verməyib, niyə paxıllığım tutmalıdır ki? Çəkilərəm o sahədən. Qızıma da demişəm ki, əgər yaxşı çay dəmləyə bilirsənsə, onu mükəmməl gör. Hər kəsdən yaxşı olmağa çalışma, işində yaxşı ol. İşində yaxşı olanın qapısında növbə olacaq. Hamı onu alqışlayacaq. Çünki onun gözü kimdəsə deyil, başını salıb aşağı işini görür və parıldayır.
Bu gün Azərbaycanda “top artist”lər sıxıntı çəkir. Mən ansamblı saxlamaq üçün bütün günü toylarda işləməliyəm. Özünə yaxşı “top artist” deyənlərin ansamblı var. Ansambl harada işləyir? Yalnız konsertdə işləyir? Ya aylarla qapımızı bağlayıb bir albom yazırıq? Üç ay yaradıcı dünyada yaşayıb, meşədə qalırıq? Bizdə belə şey yoxdur. Amma mən belə həyat tərzini arzulayıram. Xaricdə sənətçilər belə edirlər. Bir ilə albom çıxarırlar. Təzələnirlər, stilləri dəyişir. Bazara kreativ bomba girir. Bizdə isə axşam toy, günorta studiyada oluruq. Səhər hələ zəng edib deyirlər ki, beş dəqiqəlik müsahibəyə gəl. Başımdan tüstü çıxır.
Bizim artistlərimiz, ulduzlarımız fəhlə kimi yaşayır. Ulduz həyatı nə deməkdir? Tünzalə turnelər edir, ancaq onu səhnədə görürsən. Tünzalənin harada, necə yaşaması bilinmir. Tünzalə albom işinə getməlidir, konsertlərinə getməlidir. Hardadır bu? Mən ən mötəbəri elitar cəmiyyətin tədbirlərinə, məclislərinə qatılıram. Mənim turnem bunlardır. Bu “turne” mənə gəlir gətirir.
- Zorakılğa məruz qalanların həyatına baxdıqda görünür ki, onlar işləməyən, iqtisadi cəhətdən ərinə bağlı insanlardır. Amma populyar simalarda belə şey yoxdur. Eləsi var ki, bütov bir nəsli dolandırır. Onların əksəriyyəti şiddətə dözür, əzilir. Bəzən xəyanətə göz yumur, səbəb nədir? Şou-biznesdə ərli qadın olmağın xüsusi bir statusumu var? Bəlkə budur səbəb....
- Ailə gözəl şeydir. Kimsəyə ailəsiz olmağı arzulamamışam, özümə də həmçinin. Sadəcə həyat belə gətirdi. Seçimim məcburiyyətdən belə oldu. Bəzən qadına “cəsarətli ol” deyəndə, o, həddini aşa bilir. İnsan həddində gözəldir. Qadın bir kişinin həyat yoldaşı olaraq öz azadlığının, qərarlarının da çərçivəsini hesablamalıdır. Burada hədd aşmaq varsa, əyriliyə gətirib çıxacaq. Bunu hamımız yaşamışıq. Kişi də öz yerini bilmirsə, bu da fəlakətə çevriləcək. Kişi qadının hər işinə qarışmamalıdır, ona etibar etməlidir. Orada qısqanclıq varsa, bir-birilərinin işinə qarışırlarsa, bu yaxşı şeyə gətirib çıxarmır. Qadınlar sırf ərdə olmaq üçün bu həyata davam edirsə, axı, bu, düzgün deyil. Nəyi qurban verirsən? Dəyərmi? Dəyərsə, et. Amma dəymirsə, etmə. Axı bu həyat sənə bir dəfə verilib. Sən ikinci dəfə dünyaya gəlməyəcəksən. O sual var ey, “ikinci dəfə dünyaya gəlsəydiz”, ən zəhləm gedən sualdır. Kim ikinci dəfə dünyaya gəlib ki, bu suala cavab versin? Bu, nə absurd, dəxlisiz suallardı verirlər... (gülür).
VİDEO/FOTO: Nuran Məmmədov