Yaz və yay aylarında kişi geyimi adətən daha asan hesab olunur. Daha yüngül parçalar, daha az qat, daha az detal. Bu, ilk baxışda rahat səslənsə də, bu ilin ab-havası bir az fərqlidir. Daha əvvəlki təmiz və məntiqli kolleksiyalardan sonra indi stil daha sərbəstləşir — və bu da onu daha maraqlı edir.
OLAY yazır ki, London, Milan və Paris podiyumlarında dizaynerlər bu dəfə bir böyük ideyanın arxasınca qaçmaq əvəzinə, bir çox kiçik ideyanı önə çıxarıblar. Proporsiyalar dəyişir, aksessuarlar daha önəmli rol oynayır və bəli — artıq klassik kostyumla barmaqarası tərlik geyinmək də mümkündür. Hər şey hələ də geyinilə biləndir, sadəcə daha az proqnozlaşdırılandır.
Yəni zahirdə rahat görünsə də, əslində daha çox detal gizlənir. 2026 yaz/yay mövsümünün ən önəmli kişi geyim trendlərini bir araya topladıq — bilməyə, sınamağa və öz stilinizə uyğunlaşdırmağa dəyər olanları.

Soldan sağa; Bottega Veneta; Saint Laurent; Salvatore Ferragamo; Todd Snyder
1. Güclü çiyinlər
Bottega Veneta və Saint Laurent-də paltolar təbii çiyin xəttindən kənara çıxan çiyinlərlə təqdim edildi və geniş, demək olar ki, dominant siluet yaratdı. Todd Snyder və Salvatore Ferragamo bu ideyanı daha geyilə bilən hala gətirdi, amma məntiq eyni qaldı: üst hissəni böyüt, qalanı özü balanslaşacaq. Bu, korporativ mənada “güclü” görünməkdən çox proporsiyanı dəyişməkdir. Beliniz daha incə görünür, duruşunuz daha güclü hiss olunur və ümumi görünüş daha təsirli olur.

Soldan sağa; Emporio Armani; Burberry; Onitsuka Tiger; Valentino
2. İlan dərisi ayaqqabılar
Nəhayət ayaqqabılar da bir az “əylənməyə” başlayır. Burberry, Onitsuka Tiger və digər markalarda ilan dərisi müxtəlif formalarda təqdim edildi — qabartmalı, print, parlaq səthli. Üstəlik çox şeyə ehtiyac yoxdur: kiçik bir detal belə ayaqqabını adi haldan diqqətçəkənə çevirir. Bu mövsümün dəyişimi də məhz budur. Loaferlər botlar və snikerlər artıq arxa planda qalmaq istəmir. Minimalizmdən sonra dizaynerlər tekstura, xarakter və bir az riskə yönəlir.

Soldan sağa; Bluemarble; 3.Paradis; Prada; KidSuper
3. Şirin və cəsarətli printlər
Əgər köynəyiniz bir az xaotik hiss etdirmirsə, deməli, 2026 yaz/yay mövsümünü düzgün yaşamırsınız. Bluemarble, KidSuper və Prada yüksək səslə danışan, qəribə və bəzən sürreal printləri ikiqat artırdı. Sanki qızğın bir yuxudan və ya həddindən artıq dolu mudborddan çıxmış qrafiklər, şişirdilmiş güllər və qeyri-adi rəng kombinasiyaları. Bu sadəcə diqqət çəkmək üçün edilən cəsarət deyil — əyləncəlidir, amma həddindən artıq görünmür.

Soldan sağa; Dior Homme; Emporio Armani; Dolce & Gabbana; Amiri
4. Pijama məclisi
Keçən yay bunun siqnallarını almışdıq, amma bu mövsüm kişi modası həqiqətən pijama estetikasına yönəlir. Dior, Dolce & Gabbana və Emporio Armani yuxu geyimindən ilhamlanan parçalar təqdim etdi — boş siluetlər, yumşaq parçalar və həm evdə, həm çöldə geyilə bilən geyimlər. Amiri isə işi daha da irəli apararaq xalatları və ipək şərfləri podiuma çıxardı. Rahatdır, amma səliqəsiz deyil. Yəni “əlimə nə keçdi geyindim” görüntüsünün ən yaxşı versiyası.

Soldan sağa; Louis Vuitton; Saint Laurent; Prada; Wales Bonner
5. Dərzi əlindən çıxmış qısa şortlar
Keçən il şortlar daha qısa və idman yönümlü idi. Bu il isə daha yetkin yanaşma var. Louis Vuitton və Saint Laurent-də şortlar klassik şalvarın qısa versiyası kimi təqdim edildi — ütü xətləri, kəmər yerləri və səliqəli kəsimlə. Prada və Wales Bonner isə daha gündəlik versiyaları dənizçi sviterləri və flanel köynəklərlə tamamladı. Uzun corablar və loafer/Oxford ayaqqabılar görünüşü balanslaşdırır.

Soldan sağa; Martine Rose; Prada; Willy Chavarria; Dries Van Noten
6. Hovuz mavisi
Bu yay isti gündə hovuzdan çıxıb saçını silkdikdən sonra kokteylə uzandığın o hissin arxasınca gedirik. Parisdə Willy Chavarria və Dries Van Noten canlı aqua tonlarını köynəklərdə və şortlarda istifadə etdi. Prada isə bu rəngi qırmızı şalvarla kombinlədi. Martine Rose da polo və flaneldə bu tonu tətbiq etdi.
Bu rəng kombinə etmək baxımından ən asanı deyil. Amma yay hissini ən yaxşı verən də budur.

Soldan sağa; Auralee; Hermès; Juun.J; Giorgio Armani
7. Barmaq arası tərliklər səhnədə!
Uzun müddət tərliklər yalnız çimərlik və hovuz üçün idi. Artıq deyil. Auralee, Giorgio Armani, Hermès və Juun.J bu mövsüm onları klassik kombinlərlə podiuma çıxardı. Məntiqsiz səslənsə də işləyir — amma tam inamla geyinmək lazımdır.

Soldan sağa; Prada; Giorgio Armani; Louis Vuitton; Dsquared2
8. Bel çantaları geri döndü
Bir müddət arxa planda qalan bel çantaları yenidən trendə qayıdır. Crossbody və tote çantalardan sonra klassik çantalar yenidən önə çıxır. Maraqlısı: onu mütləq çiynə taxmaq lazım deyil — əldə daşımaq da trenddir.

Soldan sağa; Issey Miyake; Off-White; Prada; Dsquared2
9. Şapkalarla oyun
Əgər şapka seçiminiz yalnız klassik kepka ilə məhdudlaşırsa, dəyişməyin vaxtıdır. Dizaynerlər daha eksperimental modellərə yönəlib — bereler, toxunma şapkalar və fərqli formalar. Sadə outfit belə şapka ilə əsas diqqətə çevrilə bilər.

Soldan sağa; Boss; Fendi; Amiri; Lemaire
10. Mayami Vays (Miami Vice) havası
Bu mövsüm nostalji dalğası hiss olunur — Miami Vice və yay tətili arasında bir vayb. Açıq yaxalı köynəklər, daha tünd tonlar və rahat, amma səliqəli siluetlər ön plandadır. Yaxtan olmasa da olar… amma olsa pis olmaz