Müğənni Nura Suri Sevgililər günü ərəfəsində “Sevgimiz dənizdir” adlı klipi üçün təqdimat mərasimi keçirib.
Sənətçi “CinemaPlus”da media nümayəndələrini başına yığaraq həm onların suallarını cavablandırıb, həm də klipi onlarla birgə seyr edib.
Nura söz və musiqisi Saybuya aid mahnı üçün Xəyal Səlimovun kamerası qarşısına keçib.
Klipdə onun tərəf müqabili aktyor Rüfət Nəzər olub. Sənətçilər iki sevgilini canlandırıblar. Fotosessiyanı isə fotoqraf Kamran Ağayev lentə alıb.
Ekran işində diqqət çəkən məqam Nura və Rüfətin eşqin simvolu olaraq tanınan tanqo rəqsi ilə izləyicilərin qarşısına çıxmasıdır.
Geyimlər, rəqs, musiqi və ideal seçilmiş tərəf müqabili layihəni daha sanballı formaya salıb.
Rəngləndirmə, məkan və işıqlar isə klipi daha gözəgəlimli hala gətirib.
N. Suri özü ekran işindən bəhs edərkən bunları söyləyib:
“Bütün çətinliyimiz soyuq idi. Biz orada donduq. Yenə Rüfət Nəzərin əynində kostyum-şalvar var idi. Məndə nazik paltar var idi. Rüfətlə yaşımız da bir-birimizə uyğundur. Görünüşü də birinci həyat yoldaşıma oxşayır. Mən müğənni deyildim. Həmişə bizim üçün deyirdilər ki, yanaşı olanda Hollivud ulduzlarına bənzəyirsiniz. Deyə-deyə məni ulduz etdilər. Amma o, ulduz olmadı. Məndən ayrılandan sonra bədbəxt oldu, mən yanınd aolanda xoşbəxt idi. Zarafat edirəm. Rejissor da dedi ki, siz çox yaraşırsınız. Onda ispan aktyorlarının xarizması var idi.
Bilmirsən ki, insanların zövqü necədir. Məndən inciməsinlər. Zövqlü işlər təqdim edən çoxdur. Baxırsan ki, trenddə 1-dən 10-a qədər zövqsüz işlərdir. Amma son vaxtlar baxırdıq ki, Aygün Kazımovanın, Röya Ayxanın mahnıları yutubda trenddədir. Səidənin klipi də trend olub. Estrada belə şeylərə həsrət idi. Çox sevindiricidir. İnsanlar pisi yaxşıdan ayırmağa başlayıb. Bu tutacaq deyə iş buraxmıram. Demirəm ki, bu mahnım hitdir. Tamam fərqlidir, canlı instrumentlərdir, rumba janrındadır. Kəsdim, doğradım, lezvaladım, ayrıldım, unuda bilmədim. Sırf təmiz sevgidir. Klip də minimalistdir. Ən sevdiyimdir minimalizm. Evimdə də hər şey oteldəki kimidir.
Ən çox pul aparan kamera və işıqdır. Bu işin kifayət qədər büdcəsi var. Amma deməyəcəm. Mən sevmirəm ki, deyim filan qiymətə paltar almışam və sairə. Bizə dəstək olan dostlar olub. Geyimlər var ki, dostlarım hazırlayıb. Hələ çox şeyə pul getməyib. Məsələn, yeməyə. Xırda detallara pul xərclənilməyib”.
Qeyd edək ki, klip artıq müğənninin rəsmi kanalında yayımlanıb, 16 fevraldan isə bütün dijital platformalarda yerini alacaq.