Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı açıqlama verib.
OLAY yazır ki, Feysbukda status paylaşan aparıcı R. Mehdiyevin uzun illər onun qarşısını kəsdiyini bildirib:
“Hə, dostlar… Bu gün sizi illər öncəyə — 2005-ci ilə aparacağam. Bəlkə də deyəcəksiniz: “Gecikmisən!” Yox, mən gecikmədim. Sadəcə, vaxtını gözlədim. Məni tanıyanlar bilir, səbrim çox genişdir… Gözlədim… səbr etdim… ta ki, həqiqətin üzə çıxdığı, məhkəmənin qərarını verdiyi günə qədər. Və bu gün — məhz o gündür. Heç vaxt yıxılanla mübarizə aparmamışam, bundan sonra da aparmaram. Amma Ramiz Mehdiyevin bu gününü səbirsizliklə gözləmişəm. Yalan nə deyim? Onun iç üzü açılanda bu yazını yazacaqdım. Ancaq gördüm ki, vaxtilə ona “ata”, “ağsaqqal”, “rəhbər” deyib əl-ayağını öpənlər “Boz kardinal”ın əleyhinə elə yazılar yazdılar ki, mənim sözlərim onların arasında itib-batacaqdı. Ona görə də məhkəmənin qərarını gözlədim. Ramiz Mehdiyev… O məşhur “Boz kardinal”! 14 il həbs cəzası, milyardlarla sərvətin müsadirəsi… 1999–2000-ci illər… Rəhbərlik etdiyim qəzetin bağlanmasına çalışan, Siruz Təbrizlini üstümə göndərən, yolumu hər tərəfdən kəsməyə cəhd edən adam.
Mənim kimi neçə-neçə insanın həyatına müdaxilə edən, vicdanlı, Vətənini sevən insanlara qarşı kin və nifrət bəsləyən Ramiz Mehdiyev!
İlk savaşım 1999–2000-ci illərdə başladı.
Mehdiyevin qoruduğu, milyardlar qazandırdığı birindən müsahibə almışdıq. Həmin şəxsin Ümummilli liderimizə və ailəsinə qarşı dediyi sözləri dərc etmişdik.
Mehdiyev məndən tələb edirdi ki, müsahibəni guya özümüzün uydurduğumuzu deyim. Etiraz etdim. Bu dəfə güc strukturlarından birinin rəhbəri zəng etdi. Ona da “yox” dedim!
Axşam nazirin köməkçisi ofisimə gəldi. Natəvanın heykəlinə yaxın küçələrdən birində mənə birotaqlı ev təklif edirdi ki, müsahibəni əməkdaşımızın özünün yazdığını deyim. Belə olsaydı, bütün məsuliyyət həmin əməkdaşın üzərinə düşəcəkdi. Gerisinin necə olacağını isə özünüz bilirsiniz…
Yenə “yox” dedim.
Səhəri gün o vaxtkı mətbuat naziri Siruz Təbrizli məni nazirliyə çağırdı. Əvvəl çığırıb-bağırdı, sonra təkliflər yağışı başladı. Qəzeti bağlamağım müqabilində yeni adda qəzet, təzə kompüterlər və üstəlik, 20 min dollar təklif olunurdu.
Cavabım qəti idi:
“Mümkün deyil! Bu, olmayacaq!”
Məhkəməyə verildim. Uzun mübarizə apardıq. Nazirliyin qarşısında qələm qırma aksiyasına qədər getdik. Nəhayət, Ümummilli liderimizin sayəsində məhkəmədə qalib gəldik, haqq-ədalət öz yerini tapdı.
Onu da deyim ki, bu məsələdə o vaxt MTN-in (indiki DTX-nin) rəhbəri Namiq Abbasovun da mənə köməyi dəydi. O, Ümummilli liderimizə mənimlə bağlı doğru məlumatlar çatdırmışdı. Mehdiyevin insanlara necə ləkə yaxdığını, böhtanlar uydurduğunu onu tanıyanlar yaxşı bilirdi. Mən də Namiq müəllimin köməyi sayəsində haqqımda deyilən yalanlardan qurtulmuşdum.
Beləcə, ilk qələbəmi qazandım…
2005-ci il.
Mətbuatın inkişafındakı xidmətlərimə görə mənə Tərəqqi medalı verilməsinə mane olmaq üçün Mehdiyev əlindən gələni etdi. Adımı siyahıdan çıxartdırdı.
Tədbir Gülüstan sarayında keçirilirdi. Adımın siyahıda olmayacağını bildiyim üçün adlar oxunanda heç qulaq asmırdım. Birdən ətrafımdakıların mənə baxdığını, qolumdan tutduqlarını hiss etdim. Hamı mənə baxırdı.
İnanmırdım…
Prezidentimizə baxdım. Göz-gözə gəldik. Üzündəki təbəssümü heç vaxt unutmayacağam. Gözlərim dolmuşdu. Axı adım siyahıdan silinmişdi…
Çox sonra öyrəndim ki, Prezidentimiz adımı həmin siyahıya şəxsən özü qeyd etdirib.
Bu da növbəti qələbəm idi.
İş o yerə çatmışdı ki, məni avtomobil qəzasına salmaq üçün plan qurulduğunu da öyrəndim.
Xəbəri iki gün əvvəl almışdım.
Komandamda Ramiz Mehdiyevin adamı Həsən Sarıyevin pulla ələ aldığı adamlardan biri vardı. Kim olduğunu bilsək də, onu komandadan uzaqlaşdırmırdım. Həmin gün gedəcəyim ünvan barədə ona yanlış məlumat verdim və başqa yolla getdim.
Beləcə, qəzadan xilas oldum.
Mehdiyev özündən çıxmışdı. Müşavirələrdə mənə qarşı açıq-aşkar kin püskürürdü.
Dövlət tədbirlərinə, media ilə bağlı toplantılara bir daha dəvət olunmadım.
Təəssüf ki, o vəzifədən gedəndən sonra da onun vaxtında işə götürdüyü və bu gün də orada çalışan bir-iki nəfər Mehdiyevin tapşırıqlarından çıxa bilmir. Hələ də adımı media ilə bağlı keçirilən tədbirlərin siyahısına yazmırlar. Yəqin, Mehdiyevin yenidən zühur edəcəyinə inanırlar.
İllərlə Mehdiyevin bir gün gedəcəyini, mənim də aydınlığa çıxacağımı gözlədim. Bir də baxdım ki, 25 yaşından arzularla yaşayan bəndəniz artıq 50-ni keçib…
Heç bir vəzifəm, sərvətim, iddiam yox idi. Sadəcə, Vətənimi, dövlətimi, Prezidentimi sevən bir insan idim. Yaltaqlanmağı bacarmırdım. Mehdiyevin nifrətini qazanmağımın səbəbi də bu idi.
Gec də olsa, Mehdiyev yaşatdığını yaşayır. Ən ağırı isə bütün bunları ömrünün bu çağında yaşamasıdır.
Mal-mülk naminə neçə-neçə insanın arzularını, xəyallarını məhv etdi, insanları küsdürdü, həyatları dağıtdı. Düzdür, min bir xainliklə qazandığı milyonlar əlindən çıxdı. Ailəsinə qoyduğu miras isə Vətən xaini adıdır!
Ramiz Mehdiyevin həyatı hər kəs üçün dərs olmalıdır.
Vətəninə, işlədiyi insana xəyanət edənlər, vəzifəsinə, puluna, imtiyazına güvənərək başqalarını əzənlər, ləkələyənlər, əməyini heçə sayanlar, günahsız insanların yolunu kəsənlər bilməlidirlər ki, bu dünyada hər kəs yaşatdığını bir gün yaşayır.
Ramiz Mehdiyev kimi…
Çalışın, haqqınızda yaxşı danışsınlar, haqqınızda yaxşı yazılar yazılsın. Çünki insanın arxasında qoyduğu ən böyük sərvət onun təmiz adıdır. Bu da hər kəsə nəsib olmur!
Mehdiyev kimi!”.