“Bozun 50 çaları” filminin ulduzu Ceymi Dornan Portuqaliyada xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, aktyor qolf meydançasında zəhərli tırtıllarla təmasda olduqdan sonra infarkt şübhəsi ilə xəstəxanaya aparılıb.
Sənətçinin dostu, aparıcı Qordon Smartın sözlərinə görə, onlar Portuqaliyada birlikdə istirahət edərkən gözlənilmədən tüklü zəhərli həşəratlarla qarşılaşıblar. Onların tüklərində dərini, gözləri, boğazı qıcıqlandıran və səpki yarada bilən bir protein var.
Tırtıllarla qarşılaşdıqdan sonra Ceymi infarkt keçirməsini xatırladan simptomlar yaşayıb: bədəninin sol tərəfində qıcıqlanma, sürətli nəbz və bəzi ətraflarda uyuşma baş verib. Nəticədə aktyor xəstəxanaya çatdırılıb və xüsusi tibbi avadanlıqlara qoşulub.
“Oradan sağ çıxdığımız üçün bəxtimiz gətirdi”, - deyə , Smart bildirib. Dornanın hazırda hotelə qayıtdığı, lakin mütəxəssislərin nəzarətində olduğu bildirilib.