“Met Gala”, “Qremmi” mükafatları, film premyeraları və daha çoxu… Dünyanın dörd bir yanında gerçəkləşən qırmızı xalılarda tərziylə önə çıxan 10 simanı sizin üçün maraqlıdır?
OLAY onları təqdim edir.
Y2K dəb anlayışından ilhamlanaraq bu il xeyli marağa səbəb olan Dua Lipa “Qremmi”nin 2021-ci ildəki gecəsində seçdiyi kəpənək motivli “Versace” görüntüsü ilə favoritlər sırasında yer almağı bacarıb. Bəzi platformalarda yer alan xəbərlərə görə “Versace”ın Lipa sayəsində səhifəsinin görüntülənməsi 245% artıb. Halbuki tanımasaq, tərzinə nəzər yetirəndə Duanın azərbaycanlı olduğunu zənn edərik.
2021-ci il Cennifer Lopez ili desək, yanılmarıq. Yoxsa, hər il Lopezin ilidir? Cavabı hamımız bilirik. Ben Affleklə olan münasibəti ilə yanaşı qırmızı xalıda seçdiyi obrazlarla rəqqasə Fatimə kimi “stoyka”sını sərgiləyən Lopez “Ralph Lauren” seçimiyilə siyahıda özünə yer tapıb.
Bu il yüksəlişə keçən simalar arasında adını qızıl hərflərlə yazdıran Heyli Biber “Met Gala”da göz qamaşdırıcı bir obrazda idi. Uzun sinə dekolteli “YSL” libası üçün seçdiyi xəfif göz makiyajı və düz saç modeli ilə bu ilin dəb ikonaları arasında yer alıb.
Siyahıda çox insan kimi Anya Teylor Coy da 2021-ci ildə ulduzu parlayanlar arasındadır. “The Queen’s Gambit”lə uzun müddət sosial medianın gündəmində qalan gənc aktrisa serial yayımlandıqdan qısa müddət sonra “Dior”un səfiri olduğunu bildirmişdi. Qırmızı xalıda seçdiyi obrazlarla dəbli olduğunu təsdiq etməklə yanaşı, CFDA tərəfindən (Amerika Moda Dizaynerləri Şurası – red.) “İlin siması” mükafatına layiq görülən gənc məşhurla deyəsən 2022-ci ildə daha tez-tez qarşılacağıq.
Bu il ana olan və Zeyn Maliklə münasibətini sonlandıran Cici Hadid “Met Gala”da seçdiyi “Prada” tərzi və qızılı saçları ilə hər kəsi heyran etmişdi. Gözünə çəkdiyi mavi sürmə və obrazına fərqlilik verən əlcəkləri ilə siyahıya daxil olan Hadid növbəti il bizi çaşdıran qəribə stilləri ilə göz özünündə ola bilər.
Amerika Moda Dizaynerləri Şurası tərəfindən 2021-ci ilin “Dəb İkonası” mükafatına layiq görülən Zendayanın bu mükafat sonunadək haqqıdır deyə bilərik. Venesiya Film Festivalında seçdiyi islaq görüntülü “Balmain” libası onu bu ilin ən çox danışılan siması olmağa bəs edib.
“House Of Gucci” filmində heyranlıqla izlədiyimiz Ledi Qaqa ekran işinin qala gecələrində seçdiyi libaslarla diqqət çəkdi. Parlaq görüntüləri ilə 2021-ci ilə damğa vuran Qaqa görəsən Yeni ildə də eyni xəttlə davam edəcək?
Klip çəkilişləri zamanı yaxınlaşan Rihanna və Eysəp Raki “Met Gala”da birlikdə verdikləri pozalarla hər kəsin qəlbini fəth edib. Onlar bir-birinə uyğun necə geyinmək lazımdır, bunu cütlüklərə nümayiş etdirdilər.
2021-ci ildə “Qremmi” mükafatlarına baxanda diqqət çəkən digər bir sima Herri Staylesdir. Tezliklə kosmetika brendini çıxaracağını deyən Herri gecədə seçdiyi “Gucci” görüntüsü ilə uzun müddət gündəmdə yer almışdı. Deyilənlərə görə, Herrinin seçimi sayəsində brendin səhifə görüntülənə sayı 48 saat içində 1500% artıb.
“Eternals” qalalarında seçdiyi vintaj obrazlarla yanaşı dəbli libasları ilə qırmızı xalıda adından tez-tez bəhs etdirən Ancelina Coli siyahımızın son simasıdır. Görəsən, Ancelina 2022-ci ildə vintaj dəbi daha yayılmış hala gətirmək üçün nə edəcək?