Ötən gün Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin qala gecəsi keçirilib.
OLAY yazır ki, Nizami Kino Mərkəzində baş tutan təqdimatda filmin komandası, mədəniyyət adamları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.
Filmdə baş rolu ifa edən Əməkdar artist Gülzar Qurbanova filmdəki performansı və tədbirdəki çıxışı ilə diqqət çəkib:
“Çox həyəcanlıyam. Ümidvaram ki, baxdığınız sevgi haqda film tamaşaçılar tərəfdən bəyəniləcək. Çünki bu zamanda sevgiyə çox ehtiyacımız var. Artıq çəkilişlərdən 3 ilə yaxın vaxt keçib. Bu gün izləyəndə xatirələri bir-bir yada saldım. Xatirələrin bir qoxusu var. Baxmayaraq ki, səhvlər var idi. Mən onları görürəm, o səhvlərə fikir verməyin. Ən vacibi bu gün hamının sevgiyə ehtiyacı var. Çünki sevgi cəsarətdir, fədakarlıqdır. Ürəyinizdən keçən sözü dilinizə gətirin. Günlərin bir günü hamı susacaq. Sevdiklərinizə zamanında “Səni sevirəm” deməyi unutmayın”.
Filmdə baş rolu canlandıran Rüstəm Cəbrayılova isə aktrisanın sözlərinə “Həm aktyor olaraq bizim, həm də Azərbaycan kinosunun sevgiyə ehtiyacı var” fikirlərini əlavə edib.
“Nazik mətləb”in baş prodüseri Hüseyn Cavadzadə isə film barədə bunları deyib:
“Hər birimiz xoşbəxtik ki, nəhayət 2019-cu ildən üzərində çalışdığımız filmi təqdim edirik. Bu bizim Mir Cəlal yaradıcılığına ilk müraciətimiz deyil. Bundan öncə də “İki yad adam” filmini çəkmişik. Mir Cəlal yaradıcılığında hazırkı dövrə mesaj olacaq çox əsərlər var. Düşünürəm ki, klassiklərimizə tez-tez müraciət etmək lazımdır”.
Gecəyə tıxac səbəbilə gecikən aktrisa Sevinc Əliyeva səhnədə çıxışı zamanı tamaşaçılara gözəl bir sevgi hekayəsi təqdim etdiklərini bildirib.
Filmdə yer alan Nərmin Kərimbəyova Qazaxıstana getdiyi üçün, Əməkdar artist Gülşad Baxşıyeva isə koronavirusa yoluxduğu üçün gecəyə qatıla bilməyib.
OLAY-ın əldə etdiyi məlumata görə, “Caspian Media Holding”in istehsal etdiyi filmin büdcəsi 600 min manatdır.
Qeyd edək ki, filmdə işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən bəhs edilir.
Sujet xəttinə görə tərəflər nakam sevgidən qaçmağa çalışsa da, müxtəlif zaman kəsiyində və şəraitində yenidən görüşməli olurlar. Uzun illərin fasiləsinə baxmayaraq onlar hər dəfə üz-üzə gəlir və yenidən ayrılırlar. Lakin həyat hekayələrinin sonuncu görüşü çox unudulmaz və gözlənilməz olur.
Filmdə baş rolları Əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb. Filmin direktoru İrəm Laçındır.
Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Zemfira Əbdülsəmədova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir. filmdə aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb.
Onu da bildirək ki, Gülzar Qurbanova filmdə həm 25, həm də 50 yaşındakı görüntüsü ilə qarşımıza çıxacaq. Üstəlik, bunun üçün heç bir kosmetik və plastik müdaxilə olmayıb. Bundan başqa, aktrisa film üçün saçlarını narıncı rəngə boyatdırmışdı.
FOTOLAR: Nuran Məmmədov