Türkiyəli tanınmış aktrisa Ece İrtemin qəfil vəfatı ilə bağlı şok təfərrüat ortaya çıxıb.

OLAY yazır ki, aktrisanın vəkili ölüm səbəbi kimi onun Tayland səfəri zamanı meymun tərəfindən dişlənilməsi şübhəsini irəli sürüb və prokurorluğa rəsmi müraciət edib.

Tayland səfərindən İstanbula qayıdan və ad günündən cəmi bir gün sonra, bazar ertəsi günü evində ölü tapılan məşhur aktrisa Ece İrtemin ölümü ilə bağlı hüquqi proses başlayıb. Aktrisanın vəkili Uğur Gökkoyun bu gün prokurorluğa ərizə təqdim edərək, ölümün arxasında qorxulu bir infeksiyanın dayana biləcəyinə diqqət çəkib.

Vəkil Uğur Gökkoyun mətbuata verdiyi açıqlamada hadisənin təfərrüatlarını belə bölüşüb:

"15 iyun 2026-cı il tarixində evində vəfat edən müvəkkilim Ece İrtemin sol qolunda 3 ədəd yara izi (çapıq) aşkar edilmişdir. Bununla bağlı ailə üzvləri ilə danışdığımız zaman, onun Tayland səfəri zamanı bir meymun tərəfindən dişlənildiyini bildirdilər.

Sahənin mütəxəssisləri ilə etdiyimiz məsləhətləşmələr zamanı məlum oldu ki, meymun dişləməsi sepsisə (kanın zəhərlənməsi) və digər ölümcül fəsadlara yol aça bilər. Bu səbəbdən bu gün prokurorluğa ərizə təqdim edərək, ekspertiza (autopsiya) zamanı bu amilin mütləq nəzərə alınmasını və araşdırılmasını tələb etdik”.

Qeyd edək ki, gənc aktrisanın qəfil ölümü sənət dünyasını sarsıdıb. Ekspertizanın rəsmi rəyindən sonra ölümün dəqiq səbəbi bəlli olacaq.