Olay
Olay

“Dönənlər” ekrana çıxmamış qalmaqala səbəb oldu

“Dönənlər” ekrana çıxmamış qalmaqala səbəb oldu

Hələ premyerası baş tutmayan “Geri dönənlər” filmi qalmaqala səbəb olub. Ekran işinin ssenari müəllifi və prodüseri Fariz Əliyevin layihənin prokatı ilə bağlı problem yaşandığını açıqlaması və Xalq artisti Mehriban Zəkinin status yazaraq kinoteatrlar arasında gərginlik olduğunu iddia etməsi müzakirə yaradıb. 

OLAY səsləndirilən iddialarla bağlı paytaxtın məşhur kinoteatrlarının mətbuat xidmətləri ilə əlaqə saxlayıb. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova deyib ki, digər şirkətlərlə aralarında heç bir gərginlik yoxdur:

“Kinoteatrlar arasında heç bir gərginlik yoxdur. Biz “CinemaPlus” kinoteatrlar şəbəkəsi olaraq filmlərin istehsalçıları müraciət etdikdə, onlara repertuar planını təqdim edirik. Bütün dünyada belə bir təcrübə var. Film istehsalçıları nümayişdən öncə kinoteatrlarla ilk təqdimat tarixini dəqiqləşdirməlidirlər. Onlar bizə müraciət edəndə, bu filmin nümayişini gələn ilin mart ayında başlamağı təklif etdik. Lakin təklifimizdən imtina etdilər və bu ilin dekabr ayında nümayişi başlamaq istədilər. Onlara izah etdik ki, hazırda repertuar planımızda yer yoxdur və bu səbəbdən mart ayını təklif edirik. Yenə də biz imtina etmədik, sadəcə tarixi dəyişməyi təklif etdik”.

“Park Cinema”nın mətbuat katibi Səbinə Bağırova bildirib ki, kinoteatrlar şəbəkəsi olaraq yerli istehsalçılara və filmlərə maddi dəstək göstərirlər:

“Onlara daim dəstək olmağı yerli şirkət kimi özümüzə borc bilirik. “Geri dönənlər” filminə isə birbaşa maddi və nümayiş dəstəyi göstəririk. Digər şəbəkələrin filmi niyə nümayiş etdirmədikləri haqqında məlumatımız yoxdur və şərh bildirməyimiz doğru olmaz. Bununla bağlı filmin yaradıcısına və digər şəbəkə nümayəndələrinə müraciət etsəniz, daha yaxşı olar. İzləyiciləri isə 29 dekabrdan “Geri Dönənlər”i izləməyə və bununla da elə öz filmlərimizə dəstəklərini göstərməyə dəvət edirik”. 

Qeyd edək ki, M. Zəki statusunda iki kinoteatrın küsüşdüyünü, “səndə olan, məndə olmasın” oyununu oynadığını qeyd etmişdi.

Onu da xatırladaq ki, 28 dekabrda təqdim olunacaq filmdə baş rollarda Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova da çəkilib.