Olay
Olay

Bir-birinə barışıq əli uzadan şou əhli

Bir-birinə barışıq əli uzadan şou əhli

Elə dalaşmaq lazımdır ki, barışmağa üz olsun… 2022-ci il haqda danışsaq, bu il həm də məşhurlar üçün “barışıq ili” oldu desək, yəqin ki, yanılmarıq.

OLAY küsülülüyün daşını atıb, bir-birinə əl uzadan şou əhlini təqdim edir:

Natavan Həbibi - Səidə Sultan

Uzun müddətdir küsülü olan eks-rəfiqələr Səidə və Natavan Kərim Abbasovun oğlunun kiçik toyunda barışıb. Onlar məclisdə bir-biriylə qucaqlaşaraq küsülülüyə son qoyublar.

Xatırladaq ki, Səidə müsahibələrinin birində Həbibi ilə artıq yaxın rəfiqə olmadıqlarını, aralarının dəydiyini və hər şeyin bitdiyini açıqlamışdı.

Nazpəri Dostəliyeva - Elza Seyidcahan

İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Elza Seyidcahan müğənni Rəqsanə İsmayılovanın oğlunun kiçik toyunda danışaraq, problemlərini həll edib. Belə ki, E. Seyidcahan müğənninin masasına yaxınlaşaraq barışmaq istədiyini bildirib. N. Dostəliyeva isə Seyidcahanın istəyini geri çevirməyib və “Biz həmişə mehriban olmuşuq, “Dəli balam”dır” sözlərini deyib.

Qeyd edək ki, müğənnilər illər əvvəl münsif olduqları “Azərbaycanın səsi” yarışmasında qalmaqal yaşamışdı.

Çingiz Əhmədov - Nahidə Orucova

Əməkdar artistlər - Çingiz Əhmədov və Nahidə Orucova isə uzun illərdir davam edən küsülülükləri “Təsir dairəsi” proqramında bitib. Bir araya gələn sənətçilər bu incikliyi aradan qaldırıb.

Xatırladaq ki, Ç. Əhmədov bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. Sözügedən proqramın aparıcısı Lalə Azərtaş və digər qonaqlar aktyor xəstəxanadan evə buraxıldıqdan sonra onu ziyarət ediblər. Bu zaman N. Orucova da onlarla birlikdə gedib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən Çingiz aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb. 

Qeyd edək ki, aktyorlar uzun illərdir danışmadıqlarını desələr də, aralarındakı incikliyin səbəbini açıqlamayıblar. 

Tarix Əliyev - Xoşqədəm Hidayətqızı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və aparıcı-prodüser Tarix Əliyev (Tolik) arasındakı küsülülük də bitib. Onlar incikliyə son qoyublar. Tolik Hidayətqızının aparıcı olduğu “Səni axtarıram” verilişinə zəng etmiş və yardım kampaniyasına qoşulmuşdu.

Qeyd edək ki, prodüser bir müddət əvvəl hərbçilərlə bağlı fikirlərinə görə tənqid olunarkən aparıcının ona dəstək olmadığını söyləmiş, incidiyini dilə gətirmişdi.

Aysel Şükür - Asya Aslanova 

İllərdir qalmaqal yaşayan, buna görə məhkəməyə, polisə müraciət edən influenserlər Aysel və Asya da bu il barışıb. A.Şükürün partlayışda yaşadığı faciədən sonra Asya Ayseli xəstəxanada ziyarət etmiş və onlar arasındakı küsülülük bitmişdi.  

Elza Seyidcahan - Rasim Balayev

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini tənqid etdiyi üçün aralarında soyuqluq yaranan Xalq artisti Rasim Balayevlə bir araya gəlmiş və aktyora yaxınlaşaraq onu alnından öpmüşdü. Müğənninin bu hərəkəti R.Balayevin üzündə gülüş yaratmışdı.

Xatırladaq ki, Rasim Balayev müsahibələrin birində müğənni haqda “Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şeirlər efirlik deyil. Onda mən də çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu, efirdir”, - deyə, bildirib. Əməkdar artist isə cavab olaraq “Rasim Balayevin tənqidi mənim üçün tərifdir” sözlərini söyləyib.

Türkan Vəlizadə - Zeynəb Həsəni

Türkan açıqlamasında tam olaraq səbəbini açıqlamasa da, Zeynəblə aralarında inciklik olduğunu etiraf etmişdi. Lakin onların bu küsülülüyü çox çəkməyib. Vəlizadə həmkarı xərçəng xəstəliyi səbəbilə əməliyyat olunduğu zaman ona dəstək olaraq, barışıq üçün addım atıb. Həsəni isə bu jesti cavabsız qoymayıb. Nəticədə onlar arasındakı problem həll olub.