Müğənni Nigar Camal “Səhər mərkəzi” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi ondan “Eurovision” iştirakçılarımızın TOP 10-luğunu qurması istənilib.
N.Camal bizi müxtəlif illərdə təmsil edən iştirakçılar və ifaları barədə fikirlərini bildirib:
“Birinciliyə layiq olan Fərid idi. O il çox mənasız mahnılar var idi. Fəriddəki səhnə quruluşu bomba idi, ifası super idi. Hər şeyi çox düzgün etmişdilər. Ən sevdiyim mahnılardan biri Aysellə Araşın mahnısı idi, ancaq həmin il Aleksandr Rıbakın “Fairytale” mahnısı Avropada “partladır”dı. Əvvəldən bilinirdi ki, qazanacaqlar. Bizimkilər deyir ki, filan mahnı Nigarla Eldarın mahnısından yaxşıdır. Bizi həmin il təmsil edilən mahnılarla müqayisə edə bilərsiz, müxtəlif illərdəki “Eurovision” iştirakçılarımızın mahnılarıyla yox. Bu, düzgün deyil. Ən yadda qalan mahnılar biz uğur qazandığımız ildən öncəki mahnılardır. Elnur Hüseynovun ikinci çıxışı heç kimin yadında deyil. 13-cü yerə çıxmışdı. Yadda qalmayan bir mahnı oldu. Safuranın mahnısı qəşəng mahnı idi. Lakin Safura yarışmaya 17 yaşında qatılmışdı. Mahnının sözləri isə 30 yaşlı xanımın sözləri idi - sevgi yaşayan dul qadın. Səmra ən yaxşı rəqs edən, ən plastik ifaçıdır. Biz onu kliplərində də görürük. Ən möhtəşəm səs Sabina Babayeva, ən modern səs isə Diana Hacıyevada idi. Dilarənin çox möhtəşəm səsi var, ona seçilən mahnı bütün istedadını göstərməyə kömək etmədi. Kim nə deyir desin, Eldarla məni isə müzakirə etmək olmaz”.