WOW
WOW

“Eldarın və Muradın jüri olması tezdir” – Tənqid olundu

“Eldarın və Muradın jüri olması tezdir” – Tənqid olundu

Ötən gün “Səs Azərbaycan” mahnı müsabiqəsi yeni münsif heyəti ilə ekrana gəlib. İştirakçılar dörd ustadın - Xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva, müğənni-bəstəkar Murad Arif, müğənni Eldar Qasımovun komandasına qatılmaq üçün mübarizə aparıblar.

OLAY yazır ki, M.Arif “Facebook” səhifəsində proqramla bağlı paylaşım edib. O, hər kəsi verilişi izləməyə çağırıb:

“Son illər Azərbaycan TV-ləri keyfiyyəti dirçəltmək, itirdikləri zövqü, tamaşaçıları, etibarı, marağı geri qaytarmaq üçün çox çalışırlar. Tamaşaçı isə skeptik, inamsız yanaşır, hər qüsuru qabardır, üzə vurur. Heç nə ideal deyil. Həmçinin  “SƏS” şousu da qüsursuz olmayacaq. Lakin böyük bir heyət, İctimai TV ailəsi, öz azərbaycanlılarımız çox çalışıb. Qonşu ölkələrin TV təcrübəsi, efir effekti ilə müqayisə edib, qərəzsiz baxmaq çətindir. Amma vacib bir məqam var. Özümüzü dəstəkləməsək və inanmasaq, baxmasaq, özümüzünküləri sevməsək, kənardan bunu edən olmayacaq”.

Lakin sənətçi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Məsələn, bir izləyicisi “Sizi və sənətinizi bəyənirəm, musiqiləriniz çox gözəldir. Hətta iştirak etdiyiniz toylarda çox əylənmişəm. Ancaq sizin və Eldarın orada olmağı çox tezdir. Eynilə, Hadisənin, Murad Bozun və Oğuzhan Koçun “O səs Türkiyə”də olduğu kimi” şərhini yazıb.

Digəri “Xalq artisti Aygün Kazımovanı, bəstəkarlardan Siyavuş Kərimi, Gövhər Həsənzadəni proqrama cəlb etmək lazım idi. Eldarı bir insan kimi sevirəm, hörmətim var. Amma Avroviziyadakı ifasından başqa mahnısı yadımda deyil. Murad bəy, siz də özünüzə görə oxuyursunuz. Zatən fikrimizi nəzərə alan yoxdur” deyərək irad bildirib.

Sənətçi bu şərhləri cavabsız qoymayıb:

“Pharrel, Sergey Şnurov, Athena, Vilyam kimi səs sənətçiləri də korifey deyillər. Məncə, siz layihənin formatını özünüz üçün bəlli etsəniz və anlasanız, qəbul edərsiniz. Bu klassik sovet məktəblərinin qabiliyyət imtahanları deyil. “The Voice” əsasən gənc məşhurların və sənətkarların bərabər bölüşdüyü təcrübədir. Franşizanın tələb etdiyi format var”.

O, “ Murad bəy, pis başa düşməyin,  ancaq bizdə yetəri qədər oxuyan var. Bu mahnı yarışmaları  nəyə lazımdır?  Daha başqa sahələrlə bağlı layihələr olsa, yaxşıdır” şərhinə “Gənc kimyaçılar, astronomlar yarışmasına baxansınız? Ümumiyyətlə, şou dedikdə əsasən “aksiyon”, dram və musiqi nəzərdə tutulur. Türkiyədə, ABŞ-da müğənni azdır ki, yarışma keçirilir?”, - cavabını verib.

Bununla yanaşı, münsiflər sırasında Teymur Əmrahı görmək istəyənlər də olub.