Son günlər müğənni Ayan Babakişiyeva “Sev məni” klipi ilə gündəmdədir.
Onun klipində həmcinsinə duyduğu sevgi hissləri sosial mediada geniş müzakirə olunur. Sənətçinin OLAY-a müsahibə verərək baş verənlərə aydınlıq gətirib.
- Yazılan tənqidlər sizi incitmir ki?
- Dəyər verdiyim insanlar xətrimə, qəlbimə dəyə bilər. Həyatımda heç bir iz qoymayan, sevmədiyim, əzizim deyilsə, onun hansısa hərəkəti məni məyus edə bilməz. Yad adamdan mənə nə? Hər şeyin çoxu zərərdir.
- Niyə belə bir addım atmaq qərarına gəldiz? Çünki cəmiyyət, insanların münasibəti ortadadır...
- Ətrafımda LGBT nümayəndələri çoxdur. Onlara heç vaxt bu bir xəstəlik, anormallıqdır deyə yanaşmamışam. Hər insanın içində fərqli duyğular var. Bir insana nəyi çox qadağan edirsənsə, onu yaşayır. Bu sənətə gəldiyim dönəmlərdən elə insanlarla dostluq etmişəm, amma onların həyatına müdaxilə etməmişəm. Bərabər deyirik, gülürük, amma həyatımızı paylaşmırıq. Sevirəm, sevilirəm, ancaq hisslərimi içimdə yaşayıram. Bu hissləri yaşamıram, amma çevrəmdə belə hisslər yaşayanlar çoxdur, bu da mənə xoşdur.
Burada utanılacaq, qorxulacaq, çəkinəcək pis heç nə görmürəm. Bir insan şəxsiyyətdir. Orientasiyasını özü seçə bilər. Buna nə mən, nə bir başqası qarışa bilməz. Önəmli olan insan olmasıdır. Sənin çətin dönəmlərində yanındadırsa, sənə vəfalı və sadiqdirsə, gerisi boş şeydir. Onun xaricinin başqa, daxilinin başqa olması mənim üçün fərq etmir. İşimə gəldikdə isə çox bəyəndim və zövq aldım.
- Bir az da Nadir Qafarzadə ilə münasibətinizdən danışaq. Bir-birinizi İnstaqramda izləmədən çıxarmısız...
- Gördüm ki, Nadir 4 nəfəri izləyir, mən də onu izləmədən çıxardım. Bu da mənim üçün həyatımda nəyinsə azalması, əksilməsi deyil. Nadir mənim İnstaqramda dostum deyil, həyatda dostumdur. Bu, mənim ona qarşı münasibətidir. Onun mənə və digərlərinə olan münasibəti onun özünə aiddir. Öz dünyası, həyatıdır.
- Son günlər sizi tez-tez Nura Suriylə bir arada görürük...
- Dostluq hər gün bir-biri ilə görüşmək, dərdini paylaşmaq demək deyil. Onunla telefon danışığımız 3 saatı keçirsə, deməli, paylaşa biləcəyimiz nəsə var. Nuranı çox istəyirəm, çox yaxşı qadındır. Onunla münasibətim olmadığı dönəmlərdə anam həmişə deyib ki, zövqlü qadındır. Yaşına görə çox ağıllıdır. 3 oğul anasıdır. Ondan məsləhətlər alıram.
- Selenayla necə? Yola gedirsiz?
Selenanı böyütmək çox çətindir. Çünki onun psixologiyası, böyüdüyü atmosfer, məktəb, çevrəsi fərqlidir. İnsanlara münasibəti də fərqlidir. Mən özüm də beləyəm. Ona insanları sevməyi, heç kimi görünüşünə, seçiminə, varlı və ya kasıb olmağına görə ayırmamağı tapşırıram. Tez qaynayıb-qarışandır. Yavaş-yavaş böyüyür. Dövr, zaman dəyişir, təbii ki, təcrübəli insanlardan məsləhət alıb, yenə də öz bildiyimi etmək gözəldir!
FOTO/VİDEO: Nuran Məmmədov