Müsahibə
Müsahibə

“Aktyor dünya səviyyəli olmalıdır” – Corc rus mətbuatında!

“Aktyor dünya səviyyəli olmalıdır” – Corc rus mətbuatında!

Rusiyanın məşhur “İvi” platformasında yayımlanan “Блеск” serialında baş rolu canlandıran Corc Qafarov “Super.ru”ya müsahibə verib.

OLAY yazır ki, sayt Corcla söhbətlərini “Gələcək sevgilinizlə müsahibə” adlandırıb:

““Super” noyabrda aktrisa Saşa Bortiç və müğənni Yuliya Qavrilinanın Türkiyədə çəkiliş zamanı birlikdə göründüyü sirli əcnəbi “Serkan” haqqında yazıb. Hər kəs Serkan Bolatın Bortiçin ortağı ola biləcəyinə dair nəzəriyyələr qurarkən, məsələnin iç üzü ortaya çıxıb. Məlum olub ki, azərbaycanlı aktyor Corc Qafarovun canlandırdığı obrazın adı Serkandır. Ölkəsində serial və film ulduzu olan Corc Rusiya kino sənayesini fəth etmək barədə ciddi düşünür. 

“Super” Corcla karyerası, “Serkan” obrazı, türk serialları və rus incəsənətindən danışıb.

- Rusiyalı tamaşaçılar sizi tanımır, amma doğma Azərbaycanda kifayət qədər populyarsınız. Özünüz haqqında danışın, kinoya necə gəldiniz?

- Mən yarı azərbaycanlıyam: anam bakılıdır, atam latışdır. Anam doğulduğum Latviyaya atamın yanına gedib, lakin ailə həyatı alınmayıb, sona biz geri qayıtmışıq. Babam anamın Latviyaya köçməsinə qarşı idi və onu qızı kimi geri qəbul etmədi, buna görə də küçədə qaldıq. Pulumuz az idi deyə, anam məni uşaq evinə vermək qərarına gəldi. 

Orada rəqqaslığı öyrənməyə başladım. Bir qızla birlikdə dərslərə start verdim: biz daim festivallarda və müsabiqələrdə iştirak edirdik. Bunlardan birində “İstedad şousu” televiziya müsabiqəsində rejissor Yavər Rzayev məni görüb “İlahi varlıq” filminin kastinqinə dəvət etdi. Üç min uşaq arasından seçildim, amma həmişə narahat olurdum ki, heç nə alınmayacaq - mən aktyor yox, rəqqas idim. Yavər mənə çox kömək etdi: o, əmin etdi ki, mən, o vaxt 12 yaşlı uşağı oynaya bilərəm. Onun filmi mənə şans verdi və aktyorluğu davam etdirdim.

- Aktyorluq təhsili almısınız, yoxsa çəkiliş meydanlarında püxtələşmisiniz?

- Əvvəl çəkiliş meydançalarında püxtələşdim, 2014-cü ildə isə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına daxil oldum. Əvvəlcə teatrda oynamaq istəmirdim, filmlərdə və seriallarda çəkilməyi planlaşdırırdım, amma sonda səhnəni sevdim. İndi Azərbaycan Akademik Milli Dram Teatrında çalışıram.

- Filmoqrafiyanızdan hansı əsərləri xatırlayırsınız?

- Uşaq vaxtı çəkilişlərə uşaq evindən gəlmişəm, bunlar iki fərqli dünyadır. Bütün layihələr mənim üçün önəmlidir: həm seriallar, həm də filmlər. Daha sonra Yavər Rzayevlə “Bakı, mən səni sevirəm” kinoalmanaxının çəkiliş meydançasında işləmişəm. Rus rejissoru Sergey Pikalovun Kannda nümayiş etdirilən “Sonuncu” qısametrajlı filmində də rol aldım (2014-cü ildə “Sonuncu” filmi “Ən yaxşı qısametrajlı film” nominasiyasında Qızıl Palma budağına namizəd olub - red. ).

- Azərbaycanda çəkilişlər populyarlıq gətirdi?

- Baş rol aldığım filmlər o qədər də tanınmır. Kütləvi tamaşaçılar seriallara - klassik ailə dramlarına üstünlük verirlər. Onların sayəsində Azərbaycanda məşhur oldum, amma ölkəmdəki populyarlıq mənə kifayət etmir. Mən hesab edirəm ki, aktyor dünya səviyyəli olmalıdır.

- Necə oldu ki, “Блеск” serialında rol aldınız?

- Məni layihənin kastinqinə 15 ildən artıqdır ki, rus kinorejissorları ilə əməkdaşlıq edən Azərbaycan Aktyorlar Agentliyi dəvət etmişdi. Çox çətin seçim var idi və çox yaxşı olmayan rus dilimlə keçə biləcəyimi düşünmürdüm. Amma menecerim dedi ki, rejissor üçün tip və aktyorluq vacibdir. İlk yerli videotestlərdən sonra Sankt-Peterburqa uçdum və orada “Serkan” roluna təsdiq olundum. Xarakterimlə tamamilə fərqliyik, ancaq tərcümeyi-halın təfərrüatları üst-üstə düşür - məsələn:  o da uşaq evində böyüyüb. Amma Serkan fərqlidir: özünə çox güvənən və təkəbbürlüdür və öz rifahı naminə başqa insanlardan istifadə etməyə hazırdır.

- “Блеск” serialı türk üslubunda çəkilib. Sizcə türk serialları niyə bu qədər populyardır?

- Türklər nə etdiklərini bilirlər. İnsanlara maraqlı olan Şərqi göstərir, onların həyat tərzini, tarixini, mədəniyyətini nümayiş etdirirlər. Bundan əlavə, Hindistanda olduğu kimi Türkiyədə də müxtəlif tamaşaçı tələbatına uyğun layihələr çəkilir. Türk kinosunu daha çox, seriallardan isə keyfiyyətli olanları izləyirəm. Mən prosesin necə getdiyi, hansı aktyorların layihədə olması ilə maraqlanıram - bu mənim peşəyə baxışımı formalaşdırmağa kömək edir.

- Peşəkar olaraq sizə daha nə təsir etdi?

- Azərbaycanda çəkilişdə böyük təcrübə qazandım, amma “Блеск”də işləmək vacib mərhələ idi. Deyə bilərəm ki, arxamda müəyyən rus məktəbi var - universitetdə mənə Stanislavski sistemi ilə dərs deyirdilər, Moskvada aktyorluqla bağlı ustad dərsləri almışam. Rusiyanın güclü kino sənayesi var, insanlar sənətə canla yanaşırlar, necə olmalıdırsa, elə…

- Fəaliyyətinizi Rusiyada davam etdirməyi düşünürsünüz?

- Bəli və bunun üzərində işləməyə hazıram: sakit otursam, rollar məni tapmayacaq. Mən hələ rus dilində kifayət qədər yaxşı danışa bilmirəm. Serkan roluna çəkiləndə narahat idim: “Corc, rus dilində necə oynayacaqsan? Rola necə öyrəşəcəksən? Amma anladım ki, şansı əldən verə bilmərəm, xüsusən də rejissor və aktyor heyəti mənə inandıqları üçün.

- Dediniz ki, aktyor dünya səviyyəli olmalıdır. Gələcəkdə Hollivudda tələbatlı olmaq istərdinizmi?

- Qlobal sənayeyə girmək məqsədim var və bunun üçün hər fürsətdən istifadə edirəm. Aydındır ki, Kristofer Nolan Hollivudda oturub, nəhayət ki, onun filmində çəkilməyə razı olmağımı gözləmir. Və mən buna hazıram? İnanılmaz dərəcədə istedadlı aktyor olduğumu deyə bilmərəm. Bunu tamaşaçılar mühakimə etməlidir.