OLAY-ın növbəti qonağı, “Mikrorayon” serialının Aziki kimi tanınan, tanınmış aktyor, Avropa Film Akademiyasının üzvü Orxan İskəndərli olub:
-Sizi “Mikrorayon”dan tanıyanlar üçün soruşaq. Aktyorluq fəaliyyətiniz necə başlayıb?
-Bu yaxınlarda öyrənmişəm ki, təxminən 5-6 yaşlarımdan aktyor olmaq istədiyimi demişəm. Amma həmin dövr yadımdan çıxıb. Məktəb illərimi xatırlayıram, onda da aktyor olmaq istəyirdim. Mən Mərdəkanda yaşayıram. Məhəlləmizdə İlqar adlı oğlan var, ona aktyor olmaq arzumu deyəndə. Demişdi ki, dayısı aktyordur, ona deyər, mənə kömək edər. Sonradan öyrəndim ki, dayısı Vaqif İbrahimoğludur, biz bir məhəllədə yaşamışıq. Təəssüf ki, dayısına nəsə demədi. Deməli, yolum belə olmalıymış.

Kompüter mühəndisliyi üzrə təhsil aldım. Həmişə daxilimdə inam olub ki, aktyor olacağam. Hərbi xidməti tamamladıqdan sonra bəzi kurslara getdim. Ukraynanın aktyor-rejissoru Aleksandr Cuba Bakıya gəlmişdi. Onun bir həftəlik qısa kursuna getdim. Ardınca Bakıya gələn “Şekspir” teatrından İrina Braun, pantomim ustası Marsel Marsonun tələbəsinin kurslarında iştirak etdim. Hamısı qısa müddətlik kurslar idi. Tam metrajlı filmlərdə rol aldım, sonra “Mikrorayon”a çəkildim.

-Dönüş nöqtəsi yaşadığınız obraz hansında idi? “Səpələnmiş ölümlər arasında”, “Qarağ”, “Ölü Həsən” və sairə kim filmlərinizdən...
-Hər obrazın həyatımda bir əhəmiyyəti olub, hər biri önəmlidir. “Səpələnmiş ölümlər arasında” filmi ilə Venesiya Film Festivalında “Ən yaxşı aktyor” nominasiyası üzrə namizəd olmuşam. Təbii ki, adımın beynəlxalq arenaya çıxması üçün dönüş nöqtəsi olub. Bu nominasiyaya Şon Penn, Xoakin Feniks kimi məşhur aktyorlar da namizəd olub. Onların da namizəd olduğu bir mükafata namizəd olmaq mənim üçün mühümdür. “Qarağ” ilk qısa metrajlı filmim idi, mənim üçün əhəmiyyətli idi. İlk dəfə nisbətən böyük və professional çəkiliş meydançası gördüyüm layihə olub. “Ölü Həsən” isə hələ təqdim edilməyib, gələcəkdə hansı dönüş nöqtəsi yaradacağını biləcəyik.

-Venesiya və Lokarno kimi böyük festivallarda Azərbaycan adından iştirak etmək necə hiss idi?
-Təbii ki, maraqlı və dəyərli təcrübədir. Sən Venesiyada gəzirsən, ya da hotel otağında əyləşmisən. Bilirsən ki, bu dairədə, yaxınlıqda Hollivud aktyorları var, Al Pacino buralarda gəzir. 2020-ci ildə filmimiz namizəd olanda jüridə Keyt Blanşett var idi. Hərdən zarafat edirəm ki, Keyt Blanşett mənim filmimə baxıb, mən onun filmlərinə yox. Təbii ki, izlədiklərim olub. Lokarno Venesiyadan fərqlənir, orada daha çox art haus filmləri təqdim edilir. Venesiya Hollivuda tramplin olsa da, Lokarno daha çox yeni rejissorlara yer verən festivaldır. Orada fərqli millətlərdən, ölkələrdən sənət üçün çalışan insanlarla ünsiyyət qurmaq çox maraqlıdır.

Maraqlı nüanslar olub. Filmi izləyirdilər, sonra müzakirə edirdik. Bir maraqlı məqamı xatırlayıram. Xorvat rejissor Yuray Lerotiçin “Safe Place” filmi Lokarno Film Festivalında nümayiş olunurdu. İki nominasiyada mükafat qazandı. Onların filmini izlədim, naharda bir yerdə əyləşdik. Soruşduq ki, filmin büdcəsi nə qədərdir? Dedi, büdcəsizdir, 400 min büdcəsi var. Çox maraqlı gəldi ki, buna büdcəsiz dedilər. Onda bizim filmimiz nə sayılırdı? (Gülür)

-Azərbaycanda həm əsl sənətlə məşğul olub, həm də yaxşı yaşamaq üçün nə çatmır?
-Maddi tərəf həll olunmalıdır ki, sən sənətə rahat fokuslana biləsən. Həm sənətlə məşğul olub, həm də həyatda qalmağa çalışmaq maraqlı sənətçi obrazı yarada bilər. Miflərdə yaradılan dırnaqarası dahi sənətçi obrazı olur. Əslində maddi tərəfin qaydasında olsa, özünə daha çox fokuslana bilərsən, ölkələri, muzeyləri gəzərsən, fərqli mədəniyyətlər, insanlarla tanış olarsan. Onda daha çox müşahidə edə bilərsən, əsərlərlə tanış olub, kitablar oxuya bilərsən. Amma həm sənətlə məşğul olub, həm də həyatda qalmaq üçün əziyyət çəkirsənsə, sadaladıqlarımın çoxundan məhrum olursan. Bu da sənətçi kimi bitmiş obraz ortaya çıxarmır, çətin olur.

-Ötən ay Avropa Film Akademiyasına üzv qəbul edilmisiniz. Bu proses necə başladı?
-Dəvət gəldi, mən də məmnuniyyətlə qəbul etdim. Bu, o deməkdir ki, mükafatlandırma mərasimində iştirak edə bilirsən, filmlərə səs vermək hüququn olur. Çoxdan qəbul olunmuşdum, elan edilməmişdi. Bundan öncəki səsvermədə hələ yayımlanmamış filmlərə baxmışdım.

-Bir azərbaycanlı aktyor üçün qlobala yavaş-yavaş çıxmaq böyük uğurdur...
-Düşünürəm ki, bu nəinki mən, istedadlı həmkarlarım üçün də olacaq. Buna inanıram, ona görə adi gəlir mənə. Təbii ki, dəyərli bir şeydir.

-Sizcə, Azərbaycan istehsalı filmlər, seriallar niyə Netflix kimi platformalara çıxa bilmir. Nədir bizim qarşımızda dayanan?
-Düşünürəm ki, düzgün strategiyanın olmaması əsas problemdir. Bu istiqamətdə prodüserlər düşünsə, satış agentlikləri olsa, tez bir zamanda nail ola bilərlər. Sadəcə bu istiqamətdə düşünülmür. Hamının başı sənət proseslərinə qarışıb. Düşünürəm ki, düzgün platforma, satış agentliyi, distribüter tapıb, onlara çatmaq lazımdır. Həm də texniki və bədii cəhətdən hər şey Netflix standartlarına çatmalıdır. Bunlar həll edilsə, ora çıxmaq rahat olacaq.

-Bildiyimiz qədəri ilə tamam fərqli sahədə çalışırsınız. İkisini balanslaşdırmaq çətin olmur?
-Bilməyənlər üçün açıqlayım ki, reklam agentliyində “copywriter”əm. Reklam ssenariləri, sloqanları yazıram. Bu, özü də yaradıcı proses olduğu üçün mənə daha uyğundur. Ona görə paralel apara bilirəm, çətin olmur. Təbii ki, sırf aktyorluqla məşğul olmaq, ona fokuslanmaq daha yaxşı olardı.
-Bir az əvvəl sadaladığımız problemlər…
-Bəli. Bayaq dediyimiz məsələlər. Amma heç şikayətim yoxdur. Bu, mənim yolumdur, həyatımın bir parçasıdır. Çox zövq alaraq bu işlə məşğul oluram. Mənə maraqlıdır.

-Teatrla aranız necədir? Kurs prosesində tamaşada oynamısız?
-Aram yaxşıdır. Kurs prosesində Aleksandr Cubanın təliminin sonunda buta performansı olmuşdu. Orada iştirak etmişdim. İrina Braun da bizə Şeksprlə bağlı təlimlər keçəndə kiçik fəaliyyətim olmuşdu. Əvvəl ADO teatrı var idi, orada fransız rejissor Elza Furtadonun “Toy” tamaşasında oynamışdım.

-Özəl teatrlarımız var. Onlardan birində fəaliyyət göstərmək fikriniz yoxdur?
-Tamaşaları izləyirəm. Sonuncu dəfə ƏSA teatrının “Paris Notr-Dam” tamaşasında olmuşam, zövq alaraq izlədim, çox gözəl idi. YUĞ teatrında da tamaşaları izləyirəm, sonuncu dəfə “Birinci akt”a getmişdim. Ondan da zövq aldım. Teatrda fəaliyyət göstərmək maraqlıdır.
-Səhnə tozu…
-Bəli, səhnədən aldığım enerji çox istədiyim bir şeydir. Bəlkə də gələcəkdə olar. Hazırda daha çox kinoya fokuslanmışam.

-“Azik”lə tanışlıq necə baş tutdu?
-Bunu bir neçə dəfə danışmışam. Ona görə təkrarlamayacağam. İstəyirsiniz, təkrarlayım?
-Zəhmət olmasa.
-Eltəkin Xanla görüşmüşdük. Azik üçün aktyor axtarırdı. Bir müddət söhbət etdik, bir jestimi gördü. Dedi ki, Azik… Sonra kastinqə getdik, rejissor gördü. Bir çox yerdə danışmışam, sarışın Azik axtarılırdı.
-Sonradan dəvət edəndə belə olur. (Gülürəm)

-Hə… Bu, bir anlıq olan şey idi. Rejissor sarışın Azik məsələsini dedi. Oynayandan və rejissorla tanış olduqdan sonra, təsdiqlədi. Ssenarini oxuyandan sonra ilk təəssüratım maraqlı idi. Çünki antoqonist oynamaq istəmişəm. Ssenari ilə tanış olanda sanki Aziki kənardan görürdüm. Yavaş-yavaş Aziki özümdə görməyə başladım.
-Aziklə bağlı editləri paylaşırsız, repost edirsiz. Bəs Orxan olaraq içinizdə ona pərəstiş var?
-Pərəstiş olsa, şizofrenliyin əlaməti olar. Editləri paylaşıram, görürəm ki, əziyyət çəkirlər, paylaşmağımızı istəyirlər. Ona görə paylaşıram, əziyyətlərini dəyərləndirirəm. Müəyyən kriteryaları nəzərə alıb paylaşıram. Elə editlər var ki, onları paylaşmıram. İnsanların belə videolar hazırlamağı, böyük kütləyə çatmağı xoşdur. Pərəstiş olaraq… Qəribə gəlir.
-Şablon sual: Aziklə oxşar və fərqli cəhətləriniz hansılardır?
-Elə bildim deyirsiz, ikinci dəfə dünyaya gəlsəz…(gülür) Belə fiziki olaraq oxşayırıq.
-Fiziki olaraq da oxşamırsız. Hamı yazmışdı ki, sizin üz cizgiləriniz çox mülayimdir, Azikdə əksinə…
-Oxşar cəhət o ola bilər ki, mənim kimi səmimi insandır. Lazım gələndə kontrollu şəkildə əsəbiləşir. Məndə də belə olur. Lazım gələndə kontrollu əsəbiləşirəm, amma bir anda gülə də bilərəm.

-Sizcə, Azik cəmiyyətin problemidir, yoxsa qurbanı?
-Əslində bütün problemlər nə vaxtsa qurban olub. Gördüyümüz hansısa problemli insan nə vaxtsa uşaq olub. Uşaqlar da məsum olduğu üçün qurban olub ki, bu hala çatıb. Yaşadığı mühitin qurbanı olub. Gəlib problemli insana çevrilib. Təbii ki, uşaq məsumluğu qalsa, elə olmazdı. Məsumluğu da ətrafına, valideynlərinə, cəmiyyətə görə itirir. Ona görə Azik həm qurbandır, həm problemdir. Həm yaralıdır, həm yaralayır.

-Serial hər tamaşaçıya tanış mühiti xatırlatdı. Ola bilər hər birimizin məhəlləsində Adil, Azik, Fərid olub… Siz obraza hazırlaşanda gözünüzün qarşısına necə bir tipaj, gətirdiniz? Real bir insandan ilham aldınızmı?
-Sadəcə fikirləşdim ki, bu aləmdən olan insanları araşdırım. Belə baxdım, bəzi saytlar var, bu aləmdən olan insanlara, onlar haqqında videolara, mafiya kinolarına baxdım. Sonra hamısını unutdum ki, heç birinə oxşamasın. Təbii ki, şüuraltı təsiri olub. Onları prototip olara götürmədim. Azik deyə biri yoxdur. O yeni obrazdır.

-Hər aktyorun bir ikonikləşən, yadda qalan obrazı var. Sizdə bu Azik oldu. Bu cəhətdən bir az sizi narahat etmir?
-Qəti narahat etmir. Əksinə xoşdur. İstənilən aktyor istəyər ki, yaratdığı obraz ikonikləşsin, məşhurlaşsın. Bu, o deməkdir ki, obrazı necə yaratmısansa, ona inanırlar. Belə olubsa. Sizin dediyinizə istinadla bildirirəm.

-Tamaşaçı başqa bir obrazda sizi qəbul etməz, hamının ağlında tək o qalar. Elə düşünmürsünüz?
-Bu qaçınılmazdır. O da məsuliyyəti daha da artırır. Obrazları gərək elə yaradam ki… Azikdən, qaçmamaq…
-Aziklə rəqabətə girmək.
-Hə. Azikdən qaçmamaq, Azik də olmamaq üçün çalışmalıyam. Yeni bir obraz yaratmalıyam. Azik uğurlu dayanacaq idi, Amma son deyildi.

-Şöhrət sosial media hesablarınıza necə təsir etdi?
-Rəqəmlərlə danışım? Serialdan əvvəl 900 neçəsə izləyicim var idi. İndi 11 mindir. Sırf instaqramda TikTok-da daha çoxdur.
-Azik daha çox TikTok kütləsinə düşdü. Orada nisbətən çox paylaşılır.

-Hə, necəsə belə oldu.
-Sizə yazılan ən qeyri-adi şərh nə idi?
-Bir dəfə biri yazmışdı ki… Nəsə yadıma düşmür. Həyatda maraqlı şeylər baş verir. Şərhlərdə yazırlar ki, Orxan budur, ya bu deyil. Bu yaxınlarda taksiylə bir yerə gedirdim. Sürücü başladı söhbət etməyə, araxaya baxıb məni tanıdı. Dedi ki, Azik, sənsən? Söylədi ki, “mən də bu aləmdə olmuşam, indi uzaqlaşmışam”. Gedəcəyim yerə çatdıq, dedim, kartı göndər, pulu göndərim. Qayıtdı ki, qalsın, qoyarsan qaranın üstünə… (Gülür)

-Ötənlərdə bir həmkarımız yazmışdı ki, türklərin Çakırı varsa, Azərbaycanın Aziki var. Sizcə, oxşayır? Çox bağlaşdıra bilmədim.
-Bənzətmək istəməzdim. Çünki o “Kurtlar vadisi” başqa bir söhbətdir. Belə deyirlərsə, bir tərəfdən xoş gəlir. Çünki həmin layihə uşaqlıq dövrümüzə təsadüf edir. Həmin vaxt seriala baxanların yaşları ya çoxdur, ya da yaşıdımızdır. Onların xatirəsində belə iz qoyan obrazı Aziklə müqayisə etmək xoşdur. Deməli, Azik də belə bir iz buraxa bilib.

-Mənfi obraz olsa da, çox sevildi. Sizcə, bu, nədən asılıdır? Aktyor oyunu, ssenari, yoxsa cəmiyyətin belə personajlara marağının olmağı?
-Düşünürəm ssenarinin rolu və cəmiyyətin marağı böyükdür. Aktyor oyununu deyə bilmərəm.
-Hansı səhnədə psixoloji cəhətdən yoruıdunuz?
-Yorulduğum olmadı, böyük zövqlə işlədim. Psixoloji cəhətdən özümü zəif hiss etmirəm ki, hansısa səhnə məni yorsun.

-Tamaşaçı Aziklə bağlı nəyi səhv bilir?
-Deyə bilmərəm nəyisə səhv bilirlər. Çünki tamaşaçı öz təcrübəsindən irəli çıxaraq izləyir, nəysə başa düşür. Onun başa düşdüyü ona görə doğrudur.
-Yaxın zamanda başqa layihələr var?
-Hazırda nəsə deyə bilmirəm. Başlayan bir layihə yoxdur. Təkliflər olur. Amma son qərar verdiyimiz bir şey olmayıb.
-Gənc aktyor kimi kinoda gedən proseslərə necə baxırsız? Bilirsiz, bu il kino üçün qəliz keçdi. Rasim Balayev vəfat etdi, yerinə Kinematoqrafçılar İttifaqına Əli İsa Cabbarov sədr seçildi. Ona da bir qrup etiraz etdi. Sizin münasibətiniz necə oldu?
-Rasim Balayev kimi aktyorumuzu itirmək hamımızı üzən bir hadisə idi. İttifaqda baş verənlərlə bağlı onu deyə bilərəm ki, hamı kimin nə iş gördüyünü yaxşı bilir və görür. Hazırda Azərbaycanda sənət üçün iş görən insanlardan soruşsanız, biləcəksiniz ki, kim nəyi düz, nəyi səhv edir.

-Adətən gənc həmkarlarınız deyirlər ki, yaşlı nəsil onlara mane olur, istəmirlər kinoda yeni era yaradaq. Siz nə düşünürsüz?
-Mənə mane olmayıblar. Düşünürəm ki, gənc sənətçi heç bir maneəyə baxmadan öz yoluna davam etməlidir. İstəyərək ki, bu yolda qocaman nümayəndələr də gənclərə dəstək olsun. Dəstək olanlara təşəkkür edib, alqışlayırıq, olmayanlara da üzrlü sayın, biz davam edəcəyik deyirəm.

-Kinoda kumiriniz kimdir?
-Uşaqlıqdan elə psixologiyada böyümüşəm ki, heç vaxt kumir seçməmişəm. Düşünürəm ki, hər insanın öz yolu olmalıdır. Bu yolda gedəndə 10-20 sonraki özümü düşünürəm, ona doğru irəliləyirəm. Heç kəsi ideal olaraq seçmirəm. Onun yaşadığı yolla mənim getdiyim fərqlidir. Onun trayektoriyası ilə getsəm, həmin yerə çata bilmərəm. Mənim trayektoriyam fərqlidir, onu qaza-qaza gedirəm.

-“Mikrorayon”a qayıdaq. Proses necə keçdi?
-Maraqlı keçdi. Aktyor heyəti, çəkiliş komandamımız çox maraqlı insanlar idi. Hamısıyla fikir bölüşüb müəyyən nəticəyə gəlirdik. Hazırda “Mikrorayon” “Mikrorayon”dursa, hamının birgə əməyi sayəsindədir. Təbii ki, yağışlı günlər oldu. Məsələn, 11-ci seriyanın sonunda Adilin qəbirdən çıxma səhnəsi güclü yağışda çəkildi. Buna baxmayaraq hamı çəkiliş meydançasında idi. Səhnəyə inanırdıq, birgə çalışırdıq. Çox şadam ki, belə bir layihədə olmuşam.

-Ən çox nə sual verirlər? Azik qəbir səhnəsində niyə Adili bağışladı? Niyə öldürmədi?
-Realda hamı soruşur ki, ikinci sezon olacaq, ya yox. Amma o sualı verən olmayıb. Azik uşaq öldürməz axı…

-Onda müsbət tərəfini tapdıq da.
-Kimisə öldürməməyi müsbət tərəfidir. (Gülür) Azik axırda öldürtdü axı.
-Birinci bağışladı. Orda öldürsə, bəlkə özü yaşayardı.
-Diqqətlə baxmamışam… (Gülür) Onu bilmirik də, bəlkə özü deyir, “Azikin salamı var”. Mən də deyə bilərəm ki, filankəsin salamı var.

-Maraqlı məqamdır əslində.
-Bu da yeni mövzudur….
Samirə Ərəblinskaya