OLAY bu il həm yaradıcılığı, həm də şəxsi həyatı ilə çox danışılan müğənni Səidə Sultanla həmsöhbət olub.
Sənətçi evliliyindən, yeni işlərindən, küsülü olduğu Elnarə Xəlilovadan və şou-biznesdə gündəm olan mövzulardan danışıb.
- Bir neçə ay fasilədən sonra yenidən meydanlardasınız. Həm də beş mahnı ilə birdən...
-Əslində, bir mahnı idi. Şou-biznesdə belə bir şey yaranıb: bir mahnı təqdim edirsən, klip çəkdirirsən. Artıq istəmədim, bezdim. İstədim dəyişiklik olsun. Ancaq 5 mahnı təqdim olunub. İkisi köhnə bəstəkarlarımızdandır. Mən musiqidə müasir ritmlərə üstünlük verirəm. Əvvəllər biz bir mahnıya görə disk alırdıq, qalanlarını da əzbərləyirdik. Dijital yaranandan sonra bu sistem yoxa çıxdı. Fikirləşdim ki, nə etməliyəm? Dedim, bir mahnı ilə olmaz. Biri çıxırsa, digərləri də dinlənsin. Deyərdim ki, illər sonra bunu etdim. Bir yox, beş mahnı ilə çıxdım. Daha çox ritmə üstünlük verirəm. Özüm də ritmi, oynamağı sevirəm. Əsas birinci özüm oynadımsa, hamı oynayacaq. Mahnı məni dingildətmirsə, deyirəm, bağışlayın, xoşuma gəlmir.
- Ötən il də birinci siz oynadığınız mahnı trend oldu, sosial şəbəkələrdə yayıldı.
- Onu mən də gözləmirdim. Sadəcə Azərbaycan sözləri yazdıq, trendə çevrildi. Amma xoşuma gəldi.
- 5 mahnı hazırlamısınız, bu, kənardan insanlara asan gələ bilər. Amma altında böyük əziyyət yatır. İstədiyin nəticənin alınması üçün davamlı gedirsən, gəlirsən. İstər-istəməz vaxt aparır. Bəs, evliliklə bu işləri birgə aparmaq çətin deyil?
- İndi daha rahatdır. Əvvəllər çox narahat idim. İndi hüzurlu olduğum üçün yaxşı işlər görmək istəyirəm, həvəsə gəlmişəm. Bir də o insan məni sənətimdən uzaq salmır, demir ki, oxuma. Ondan olsa, deyər ki, məclislərə getmə, ifalarına görə nə lazımdırsa, edəcəyəm. Mahnılar, kliplər, hər şey edəcəyəm deyir. Mən heç vaxt pul düşkünü adam olmamışam. Ən çox mahnının keyfiyyətinə üstünlük vermişəm. Amma öz pulumu qazanmaq istəyirəm. Adamın öz pulu olanda başqa olur (gülür).
- Toy xəbəriniz qəfil yayıldı. Sonra da toyunuz baş tutdu. Məclisinizdə ancaq xanımlar yer aldı. Bunun əsas səbəbi bəyi göstərməmək istəyiniz idi, yoxsa Bakı adətlərinə sadiq qaldınız?
-Bu, mənim uşaqlıq arzum idi. Ömrüboyu toyumu elə görmüşəm, həmişə deyirdim ki, bəyin arvad toyunda nə işi var? O adamı cayıl kimi görürdüm. Yəni, o, qadın toyuna niyə girsin ki? Heç vaxt xəyalımda bəyi yanımda oturtmamışam. Onu ağır təsəvvür etmişəm. Çöldə, ayrıca oturublar. Bir müddət sonra bu arzularımdan əl çəkdim. Əl çəkəndə də Allah onu yerinə yetirdi. Həmişə gec ərə gedən qızlara deyirdim ki, nə gec getdi. Əsas odu gec olsun, güc olmasın. İnsanın xoşbəxtliyi hüzurdur. Qalanları düzəlir. Bu gün halımı soruşsanız, rahatam. Çoxu elə bilirdi ki, ailə qurandan sonra oxumayacağam. Bir müddət özüm getmədim, təklif gəlirdi, rədd edirdim. Özüm bilirdim ki, nə vaxt çıxacağam. İndi ürəyimdə mahnılar var, hamısını çıxaracağam.
- Subay Səidə ilə, evli Səidənin fərqi nədir?
- Heç elə bir fərqi yoxdur. Həm də mən sadiq insanam. İnanıram ki, çərçivədə saxlamır, sıxmır. Mən də onun qaydalarını bilirəm. Bilirəm ki, nə etmək lazımdır.
- Toydan sonra bir videonuz viral oldu. Müsahibələrin birində deyirsiz ki, heç vaxt ailə qurmayacağam, sonra toy...
- Deyirəm ki, hələ nə yaxşı elə şey demişəm, başqa nəsə söyləməmişəm (gülür). Toyu da elədim, fatanın da ən böyüyünü taxdım. Heç vaxt “heç vaxt” demə. O videonu görəndə gülməyim gəlir (gülür). Yaxşı ki, bunu demişəm, reallaşıb. Başqa şeylər fikirləşməmişəm, onlar həyata keçsə, dəli olardım.
- Özünüz kimi, gəlinliyiniz də dəli-dolu idi. Siz mesaj vermək istəyirdiz ki, evlənəndən sonra da belə qalacağam?
-Məncə, hə. İnsanı dəyişmək olmur. Necə doğulursansa, elə də davam edirsən. Ya səni olduğun kimi qəbul edirlər, ya da yox. Məndə nə dəyişə bilər? Həmişəki kimi, dəliyəm, eşqlə doluyam.
- Ötənlərdə dediniz ki, həyat yoldaşınızın şəklini paylaşmayacaqsınız...
- Hər cür insan var. Belə kişilərimiz indi də çoxdur. Məsələn, güzgünün qarşısında foto çəkdirməyi sevmirlər. Sosial şəbəkələrdə şəkil paylaşmayıblar. TikTok-a qoyurlar ey, o “underground” görüntülər. Bizim elə kişilərimiz çoxdur. Bu insan da onlardandır. Ortalıqda olmağı sevmir. Elə şeylərdən qaçır. Mənim arzumda olan kişi də belə olub. Mən ömrüboyu kişiliyə hörmət etmişəm. Atam da mənim belə kişi olub, həmişə gözüm üstündə idi ki, məni də dostları ilə görüşəndə aparsın və sair. Ürəyim gedib belə şeylər üçün. Beynimdə də ideal kişi elə idi. Çox şükür, həmin adamla da rastlaşmışam.
- Toyun feyk olması ilə bağlı şərhlər yazıldı...
- Yadıma gəlir ki, bir müddət var idi - 20 yaşımda filan. Qızlar ailə qura bilmirdilər, ya sevdikləri insandan uşaq dünyaya gətirirdilər, ya da süni mayalanma ilə övladları olurdu. Mütləq ki, yaşları gedir deyə, ana olmaq istəyirdilər. Bizdə belə fikir var axı, qocalacağam, tək qalacağam deyə düşünürlər. Heç vaxt ona getməmişəm ki, saxta bəy qoyum və sairə. Bu, tək şou-biznesə aid deyil. Mən qaldım, bu yaşdan sonra həvəsə düşüb, özümə saxta toy elədim? Vaxtında da ona pis baxmışam ki, niyə süni mayalanma ilə uşaq dünyaya gətirim? Hər zaman belə şeyləri qınamışam. olacaqsa, halal olacaq.
- Bəs, ana olmaq fikriniz var?
- Özümdən soruşsanız, elə bir niyyətim yoxdur. Böyük məsuliyyətdir. Mən məsuliyyətdən çox qorxuram. Övlad dünyaya gətirmək kimlərəsə asan gələ bilər. Amma belə deyil. Uşaq böyütmək ağır missiyadır. Mən vaxtında ondan istifadə etməmişəm, oxumaq sənətini seçmişəm, öz kefimə yaşamışam. Bəlli bir yaşdayam, bundan sonra təsəvvür etmirəm ki, uşaq dünyaya gəlsin və sairə. Yenə də Allahın qismətidir.
- Toyunuz daha bir önəmli hadisə ilə yadda qaldı. Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə barışıq elədiniz. Amma biz Elnarə Xəlilovanı toyunuzda görmədik.
- Çağırmamışdım. Bilirəm ki, məni sevmir. Niyə çağırım? Söz-söhbət ola bilər. Röya və Natavanla aramızdakı məsələ hörmətsizliyə keçməyib ki, kimsə efirdən ifritə desin və sairə. Amma bilirəm ki, o xanım məni sevmir, məni istəməyən adamı toyuma niyə çağırım? Bilsəm ki, balaca bir istəyi var, niyə çağırmayım?
- Onun sizi sevməməyinin xüsusi bir səbəbi var?
- Səbəbi əzəldən olub. Mən kinli deyiləm, adam da var kinlidir. Onda kin-küdurət var. Efirlərin birində soruşdular ki, Səidə Sultanın toyuna getmişdiz? Qayıtdı ki, Antiterror Tədbirlərinin başladığı gün? Mən deyərdim ki, getməmişdim, dəvət etməmişdilər, Allah xoşbəxt eləsin. Mən toyu iki ay əvvəldən planlaşdırmışdım. O xəbərlər isə saat 3 radələrində çıxdı. Mən nə edə bilərdim ki? Elnarə getsin, tarix dərsliklərinə də yazdırsın ki, Antiterror günü Səidə toy etmişdi. Bəlkə onda rahat olar. Təklif edirəm. Özü də potensialı var, bacarar. Gələcək nəsillərə də duyurmaq lazımdır (gülür).
- Xanəndələri niyə qəzəbləndirirsiniz?
-Əstəğfürullah (gülür). Gəldi, dedim də. Amma gözlədim ki, qadın xanəndə cavab verər. Çıxdı kişi danışdı. İstədim, deyəm ki, qardaş, başına dönüm, mən arvad söhbəti etmişəm. Abır xətrinə bir söz demədim.
- Ayan Babakişiyeva bir-iki açıqlama verdi. Dedi ki, toy müğənniləri şou-biznesə aid deyil. Siz nə düşünürsünüz bu haqda?
-Toy bizim el adətimizdir. Bu fikirlə razı deyiləm. Biz dünya turuna çıxmırıq ki, deyim razıyam. Azərbaycan səhnəsinin də piki toydur. Kimin toyu çoxdursa, deyir, məndən yoxdur. Biz toya görə, “genələ” bilərik. Deyirik ki, dünya şöhrətli filankəs, dünya tanıyır bizi? Tanımır axı. Mənim pikim toya qədərdir. Ondan o tərəfə nəyimiz var? Toyun özü məktəbdir. Sadəcə ayırmaq lazımdır, toy ayrı, efir ayrı. Toy bizim keçilməz adətimizdir. Amma efir və musiqi mədəniyyəti başqadır. Qazanc yerimiz toydur. Deyim ki, bütün ştatları gəzirəm, konsert verirəm? Yox axı (gülür).
- Bir də dedi ki, brend geyinən bir neçə müğənni var. Bəs sizin üçün brend fərqi varmı? Ya da marka sevginiz olurmu?
- İnsanın özü ucuz olmasın. Bir məkana girirsə, öz hörmətini qazanır. İkinci pulun varsa, brend geyin. Üçüncüsü də insanlıq brendlə ölçülmür. Əgər adam deyiləmsə, yekəbaşamsa, tüpürüm o brendə. Özüm adam olum, geyindiyim paltarı elə daşıyaram ki, birinci brend mən olaram. İnsanın özüdür birinci brend. Brendlə “genəlmək” lazım deyil. Brenddən danışırlarsa, bizdə 1996-97-ci illərdə Nura Suri brend geyinəndə heç kəs geyinmirdi. İndi geyinmirsə, bu, o deməkdir ki, pisdir?
- 2023 sizin üçün uğurlu keçdi?
- İndi hansı ildəyik heç bilmirəm (gülür).
- 2023-dəyik 2024-ə keçəcəyik.
- Doğrudan? (gülür) Məncə, yaxşı oldu. Sonu ümumiyyətlə düşdü mənə. Düşərli il oldu. Toy elədim, niyə düşməsin? (gülür).
- Sirr deyilsə, həyat yoldaşınız hansı sahədə çalışır?
- Şəxsi biznesi var. Amma yaxşıdır. Deyirəm, iş görmək istəyirəm. Qayıdır ki, acından ölürsən? Deyirəm, yox. Söyləyir ki, onda otur. Deyir, istəyirsən məclisə getmə. Amma adam özü işləyib qazananda yaxşıdır. Mən hər dəfə ondan pul istəməyi sevmirəm. Bir təhər oluram, içimdə bir səs var, deyir, işlə, ölməmisən ki? O qədər hər şeyi özüm etmişəm ki...
- Sizin Kərim Abasovla münasibətinizin olmadığını dedilər.
- Yox, xəbərim yoxdur.
- Şayiə var ki, guya Niyam Salamiyə görə aranız dəyib.
- Mən heç vaxt elə hərəkət etmərəm ki, Niyama görə Kərimlə dalaşım, ya da tam əksinə. İnsanın öz mövqeyi olmalıdır. İkisi də mənim dostumdur. İlk dəfə sizdən eşidirəm.
- Vaxt ayırdığınız üçün təşəkkür edirəm, Səidə xanım!
- Mən təşəkkür edirəm, gələn il görüşərik!
Pərviz Hüseyn
Video: Soltan İbrahimli