Xalq artisti Aygün Kazımovanın “Etiraf” klipinin pərdə arxasında yaşananların görüntüsü təqdim edilib.
OLAY yazır ki, sənətçi çəkiliş meydançasında açıqlama verərək, hisslərini bölüşüb.
Kazımova bildirib ki, klipin ssenarisi ilə yaşadıqlarını gözünün önündə canlandırıb:
“İlk dəfədir bu səpkidə klip çəkdirirəm. Böyük bir yaradıcı heyət və aktyor qrupu ilə işləyirik. Burada 50-yə yaxın aktyor var. Tam dünya standartlarına cavab verən, Hollivud studiyalarındakı kimi məkan quruldu. Bu klip haqda həm çox danışmaq, həm də çox danışmamaq istəyirəm.
Burada “Etiraf” edəcəyəm. Həyatımda olanları, yaşananları... Çəkilişdə həmin səhnələri görəndə mənə yuxu kimi gəlirdi. Hər səhnədə həyatımın bir mərhələsini görürəm. Bir vaxtlar həyətdə top oyanayan qız haqqında indi klip çəkilir. Çox maraqlı hisslər keçirtdim. Həm özümü qalib hiss etdim, həm də düşündüm ki, bu yollardan necə keçmişəm? Qayıtmaq istədim o illərə. Düşündüm ki, qayıtsam, yenə həmin çətinlikləri keçməliyəm. Bu klip heç nəyin mənə yaşatmadığı hissləri yaşatdı. Layihənin rəhbəri Rüfət İsmayıldır”.
Quruluşçu rejissor Varol Şahin klip haqda “Aygün Kazımova ilə çalışmaq maraqlıdır. Rejissor Selim Akar, mən gözəl bir komanda olduq. Bir dubla çəkilməsi isə daha maraqlıdır. Bu müsahibəni səhərə yaxın 3-də verirəm. Hər şey çox gözəl və peşəkar qurulub” sözlərini söyləyib.
Klipin rejissoru Selim Akar isə “Hollivudu İstanbula daşıdıq” deyərək, klipin bir qısa film olduğunu vurğulayıb.
Qeyd edək ki, sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədov, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Mahnının musiqi prodüseri Stefani Mgebrişvilidir. Ölkənin əsas ulduzu bəstəni Nikoloz Raçveli və Gürcüstan Filormoniya Orkestrının müşayiəti ilə oxuyub. Orkestrda 70-dən çox musiqiçi yer alıb.